8 Noyabr 2014 11:22
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmar Məmmədyarov: “Sədrliyi Belçikaya verəcəyik”

Dünən Bakıda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Avropa Şurasının qonşu regionlar üzrə siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfrans öz işinə başlayıb. Konfransın keçirilməsində məqsəd Avropa Şurasının qonşu regionlar üzrə siyasəti çərçivəsində əldə edilmiş nailiyyətləri nəzərdən keçirməkdən və bu siyasətin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdan ibarət olub.

Konfransda Avropa Şurası, üzv dövlətlər və Avropa Şurasının qonşu regionlar üzrə siyasəti proqramında iştirak edən dövlətlərin yüksək səviyyəli nümayəndələri təmsil olunublar. Konfransda açılış nitqi ilə ilk olaraq Avropa Şurasının Nazirlər Komitəsinin sədri və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.

“Qarabağ münaqişəsi olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi”

E.Məmmədyarov bildirib ki, Azərbaycanın Avropa Şurasının qonşu regionlarla bağlı siyasətinə dərin marağı beynəlxalq arenada rəsmi Bakı tərəfindən yürüdülən aktiv xarici siyasət kursundan irəli gəlir. O qeyd edib ki, Azərbaycanın strateji mövqeyi, onun tolerantlıq ənənələri, iqtisadi nailiyyətləri, dünyada və qonşuluqda sülhə və təhlükəsizliyə töhfə vermək istiqamətində qətiyyəti bu xarici siyasətin əsas hərəkətverici amilləri arasındadır: “Azərbaycan müxtəlif mədəniyyət və sivilizasiyaların kəşişməsində yerləşən bir ölkədir və müxtəlif etnik və dini icmalar arasında sülh şəraitində birgə mövcudluğun əsrlərlə davam edən ənənələrinin olması ilə fəxr edir. Bu səbəbdən biz mədəniyyətlərarası və dinlərarası dialoqun təbliğini xarici siyasətin prioritetləri səviyyəsinə qaldırmışıq. Son dövrlər Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu kimi bir sıra beynəlxalq humanitar forumların təşəbbüskarı və ev sahibi olub. 2016-cı ildə Azərbaycanda BMT-nin Sivilizasiyalar alyansının 7-ci qlobal forumu keçiriləcək”.

Nazir qeyd edib ki, bu gün Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir və hazırda Cənubi Qafqazın iqtisadiyyatının ümumilikdə 80 faizdən çoxu ölkəmizin payına düşür. Əhəmiyyətli neft və qaz resursları, eləcə də, regional nəqliyyat mərkəzi kimi əsas mövqe Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təmininə öz töhfələrini daha da artırmağa imkan verir: “Azərbaycan artan iqtisadi gücü ilə dünyada yardıma ehtiyacı olanlara kömək etməyi özünün mənəvi məsuliyyəti kimi hiss edir. Bu ruh bizi donor ölkə olaraq, Afrika, Asiya və Latın Amerikası ölkələrinin davamlı inkişaf səylərinə yardım etməyə yönləndirir. Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi hazırda 20-dən çox ölkədə müxtəlif yardım proqramlarını həyata keçirməkdədir. Ermənistan və Azərbaycan arasında olan, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin - Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən qanunsuz işğalı və 1 milyondan çox Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətində olması ilə nəticələnən münaqişənin ağır nəticələri olmasaydı, Azərbaycan və region daha çox nailiyyətlər əldə edə bilərdi. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmasını təsdiq edən və işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də yerinə yetirilməməsi məyusedicidir”.

“Gələn həftə sədrliyi Belçikaya təhvil verəcəyik”

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin sonuna doğru yaxınlaşır: “Bugünkü konfrans sədrliyimiz altında təşkil olunmuş sonuncu əsas iclasdır. Mən noyabrın 13-də sədrliyi Belçikaya təhvil vermək üçün Strasburqda olacağam. Bu münasibətlə mən Nazirlər Komitəsinə 6 aylıq sədrliyi dövründə Azərbaycan tərəfindən görülmüş işlərin nəticələrini təqdim edəcəyəm. Təfərrüatlara varmadan, mən ölkəmin hər kəsin mənafeyi naminə konsensual nəticəyə nail olmaq üçün dialoq və kompromis ruhunda işləyərək, Avropa Şurasının təməl prinsiplərinin daha da inkişaf etdirilməsi istiqamətində nəzərəçarpacaq cəhdlər nümayiş etdirməsi ilə fəxr edirəm. Bu müddət ərzində Azərbaycan korrupsiya əleyhinə müdafiə, müxtəlif mədəniyyətli cəmiyyətlərin, sosial həmrəyliyin və gənclərin təhsilinin möhkəmlənməsi də daxil olmaqla, bir sıra sahələrə diqqət yetirib. İnanıram ki, Azərbaycanda təşkil olunmuş 18 tədbirin hər biri Avropa Şurasının səylərinə praktik giriş nöqteyi-nəzərindən faydalı olub. Avropa və Asiyanın kəsişməsində yerləşən və Avropa Şurasının qonşu regionlar siyasətində iştirak edən dövlətlərlə möhkəm ikitərəfli əlaqələrə malik olan Azərbaycan təsis olunmasından etibarən Avropa Şurasının qonşu regionlar siyasətini yaxından dəstəkləyir”.

“Azərbaycan Avropa Şurasının qonşu regionlar üzrə siyasətinin güclü tərəfdarıdır”

Nazir bildirib ki, ölkəmiz Avropa Şurasının siyasətinin qonşu regionlarda daha da tanıdılması istiqamətində sədrliyinin ona verdiyi üstünlüklərdən yararlana bilib: “Qonşuluq siyasətinin əhatə etdiyi bir çox ölkələrlə tarixi dostluq münasibətləri olan bir ölkə kimi biz başlanğıcdan bu siyasətin güclü tərəfdarlarından olmuşuq. Bir çoxunuz qonşuluq siyasətinin Nazirlər Komitəsi tərəfindən 2011-ci ilin may ayında İstanbulda başladıldığını xatırlayır. Üç illik mövcudluğu dövründə təşkilatın coğrafi hüdudlarından kənarda belə Avropa Şurasının dəyərlərinin və standartlarının tanıdılması istiqamətində bu, özünü uğurlu bir vasitə olduğunu sübut edib. Bu müddət ərzində hər birinə xüsusi yanaşma nümayiş etdirməklə siyasi dialoq inkişaf etdirilib və bir sıra tərəfdaş ölkələrlə birgə əhəmiyyətli əməkdaşlıq proqramları həyata keçirilib. Avropa Şurasının məqsədi qarşılıqlı maraq doğuran sahələrdə standartlarını və təcrübəsini bölüşməklə tərəfdaş ölkələri dəstəkləməkdir. Həmçinin, bu, Avropada və onun ətrafında stabilliyin təmin olunmasından ötrü terrorizm və qaçaqmalçılıq kimi trans-sərhəd təhdidlərə qarşı mübarizənin daha da artırılmasıdır. Fikrimizcə, biz həm də mədəniyyətlərarası dialoqla bağlı fəaliyyətlərin qonşuluq siyasəti tərəfindən müəyyən edilmiş bütün məqsədlərə əlavə dəyər verə biləcəyi məsələsi ərtafında müzakirələr apara bilərik. Bu xüsusda mən bu gün bizimlə olan tərəfdaş ölkələrin nümayəndələrinə səmimi salamlarımı çatdırmaq istərdim. Onların vəziyyətlə bağlı qiymətləndirmələri, habelə gözləntiləri qonşuluq siyasətinin növbəti mərhələlərinin hazırlanması üçün mühüm əhəmiyyət kəsb edir”.

E.Məmmədyarov çıxışının sonunda konfrans iştirakçılarının gələn il keçiriləcək ilk Avropa Oyunlarına baxmaq üçün yenidən Azərbaycana gələcəklərinə ümid etdiyini bildirib.

Daha sonra konfransda açılış nitqi ilə Avropa Şurasının Xarici əlaqələr üzrə direktoru Zoltan Taubner çıxış edib.

“Azərbaycan yaxşı mövqeyə malikdir”

Z.Taubner bildirib ki, Azərbaycan kimi ölkələr Avropa Şurasının qonşu regionlar üzrə siyasəti ilə bağlı tədbirlər keçirmək üçün yaxşı mövqeyə malikdir. Z.Taubner deyib ki, qonşuluq siyasəti baxımından konfrans zamanında təşkil edilib. O qeyd edib ki, bu gün son nailiyyətlər həyata keçirilə və gələcəyə baxışlar ifadə edilə bilər: “Tərəfdaş ölkələrin bu əməkdaşlıqdan məmnun olmasını vacib sayıram. Bu siyasət Avropa Şurasının üzv dövlətlərlə bağlı siyasətini dəyişməyəcək, biz əlaqələrin daha da möhkəmləndirilməsinə çalışırıq”.

Qeyd edək ki, konfrans öz işini bu gün davam etdirəcək.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər