Neftin qiymətinin enməsi ölkəmizə təsir etməyəcək
Milli Məclisin payız sessiyasının növbəti iclası keçirildi. Parlament ilk olaraq “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə müzakirələr apardı.
Müzakirələrdə hökuməti Baş nazir Artur Rasizadə təmsil edirdi. Büdcə müzakirələri noyabrın 20-nə qədər davam edəcək, sonda səsləndirilən təklifləri nəzərə almaq üçün hökumətə 10 gün vaxt veriləcək.
Bu müddətdə hökumət deputatlar tərəfindən səsləndirilən təklifləri nəzərə alacaq.
Oqtay Əsədov: “Ölkənin valyuta ehtiyatları 56 milyard manat olub”
Müzakirələr zamanı spiker Oqtay Əsədov bildirdi ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sürətli sosial-iqtisadi inkişaf gedir, dövlət investisiya proqramları hazırlanır: “2014-cü ildə ÜDM istehsalı əvvəlki illə müqayisədə 3,6 % çoxdur. İqtisadiyyatın bütün sahələrində inkişaf gözlənilir. Ölkənin valyuta ehtiyatları 56 milyard manat olub. Büdcə mənfi təsirlər nəzərə alınaraq hazırlanıb. Büdcə layihəsi və digər sənədlər komitədə müzakirə edilib və parlamentin gündəliyinə tövsiyə edilib. 2015-ci ilin büdcə gəlirləri 19 milyarddan çoxdur. Dünyada və bölgədə hökm sürən qeyri-stabilliyə baxmayaraq bu təhlillər özünü doğruldacaq”.
Ziyad Səmədzadə: “Qeyri-neft sektorundan büdcəyə gəlirlər xeyli artacaq”
İqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, son 10 ildə İlham Əliyevin iqtisadi siyasəti o qədər nailiyyətlidir ki, digər ölkələr 10 illərlə buna nail ola bilmir: “2015-2018-ci ildə keçiriləcək iri layihələrin hesabına qeyri neft sektorundan büdcəyə gəlirlər xeyli artacaq. Maliyyə sabitliyinin qorunması ənənəvi hal alıb. Son 10 ildə qlobal maliyyə böhranına baxmayaraq dövlət öz imkanlarını artırıb və maliyyə sıxıntısı müşahidə edilməyib. Büdcə gəlirinin 1 milyard artması nəzərdə tutulub. 2015-ci ildə vergi daxilolmaları gəlirlərin 70 faizini təşkil edəcək. 2015-ci ildə qeyri neft sektorunun gəlirləri əvvəlki illərdən bir neçə dəfə çoxdur”.
Maliyyə naziri: “Neftin qiymətinin dünya bazarında aşağı düşməsi Azərbaycan iqtisadiyyatına təsir etməyəcək”
2015-ci il dövlət büdcəsini deputatlara təqdim edən maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsi layihəsinin strukturu və əsas prioritetləri haqda məlumat verdi. Nazir bildirdi ki, layihə komitələrdə müzakirə edilib, bu müzakirələrdə hökumət nümayəndələri də iştirak edib. Büdcə hazırlanarkən iqtisadiyyatın əsas meyilləri, dünyada artan geosiyasi gərginliyin mənfi təsirləri nəzərə alınıb: “2015-ci il və sonrakı üç il üçün dövlət büdcəsi xərclərinin layihəsi ”Büdcə sistemi haqqında" Qanuna müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların real büdcə sifarişləri və gözlənilən büdcə gəlirləri nəzərə alınmaqla hazırlanıb.
2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5 faizi həcmində olmaqla 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır. 2015-ci ilin büdcəsi investiya yönümlüdür. Büdcənin sosialyönümlüyü də saxlanılır. Bu il sosiyalyönmlü sahəyə 5 milyard manatdan artıq vəsait nəzərdə tutulub. İdman sahəsinə 1 milyard 400 milyon manat ayrılması nəzərdə tutulub. Qaçqın və məcburi köçkünlərin maliyyələşməsinə 215 milyon manat ayrılması nəzərdə tutulub. Sosial ipoteka üçün 50 milyon manat ayrılacaq. Ölkənin milli təhlükəsizlik və hərbi qüdrətinin artırılması prioritet istiqamət kimi saxlanılır. Növbəti ildə müdafiə xərclərinə 3 milyard 783 milyon manat ayrılacaq. Bu 2014-ü illə müqayisədə 8% çoxdur. Kənd təsərrüfatı sahəsinə 596 milyon manat ayrılıb. Ölkədə sahibkarlığın inkişaf etdirilməsi üçün 152 milyon manat vəsait nəzərdə tutulub. Enerji və ərzaq təhlükəsizliyi sahəsi də büdcənin əsas istiqamətləridir. Cənubi Qafqaz qaz dəhlizi üçün 928 milyon manat ayrılıb. Dəmiryol və magistral avtomobil yollarının təmiri və yenidən qurulması nəzərdə tutulur. Bu sahəyə 300 milyon ayrılması nəzərdə tutulur. Ərzaq təhlükəsizliyi proqramına 186 milyon manat ayrılacaq. Növbəti ildə şəhər və rayonların gəlirləri 865 milyon manat olacaq".
“Neftin qiymətinin hətta 60 dollara düşməsi də kəskinlik yaratmayacaq”
Nazir çıxışında qeyd etdi ki, gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 mlrd. 388 mln. manat vəsait ayrılması nəzərdə tutulur: “Dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7 faiz çoxdur. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37 mln. manat və yaxud 5,2 faiz artıqdır. 2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7,112,0 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 10 milyon manat çox deməkdir. Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 1,590 milyon manat gəlir proqnozlaşdırılır. Büdcəyə digər daxilolmalar 48 milyon manat təşkil edəcək. Növbəti ildə də büdcə təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 300 milyon manat daxilolma proqnozlaşdırılır. Gələn il üçün bütövlükdə dövlət büdcəsi gəlirlərinin 6,750 milyon manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək”.
Nazir onu da vurğuladı ki, 2015-ci ilin neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları ilə hesablanıb. Son 3 ayda neftin qiymətinin 20 % azalmasına baxmayaraq büdcədə problemlər gözlənilmir və bu, büdcənin xərclərinə kəskin problem yaratmayacaq. “Neftin qiymətinin ucuzlaşmasının davam etməsi üçün əsaslar yoxdur. Neftin qiymətinin hətta 60 dollara düşməsi də kəskinlik yaratmayacaq. 2015-ci ilin dövlət büdcəsində müdafiə xərcləri 1 mlrd. 778,5 mln. manat proqnozlaşdırılıb. 2014-cü ilin proqnozunda müdafiə xərcləri 1 mlrd. 637,4 mln. manat təşkil etmişdi. 2015-ci ilin dövlət büdcəsində sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 50 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu da 2014-cü illə müqayisədə 10 milyon manat və yaxud 25 faiz çoxdur”.
Sevinc Həsənova: “Növbəti il üçün manatın məzənnəsi sabit, inflyasiya 2,3 % olacaq”
Deputatlar qarşısında çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirdi ki, Azərbaycan dünyanın ən rəqabətli 40 ölkəsi içərisində yer alır və bu iqtisadiyyatın inkişafının göstəricisidir: “BVF- yə görə, inkişaf etməkdə olan ölkələr üzrə artım tempi 5 % təşkil edəcək. Bu proqnozların reallaşmasında bir sıra risklərin olması gözlənilir. Bura Avrozonadakı inflyasiya, borclanma və işsizliyin aşağı düşməsi olacaq. İnkişaf etməkdə olan ölkələr üzrə əsas risk kimi Çində iqtisadiyyatın zəifləməsi, kapital axını, Ukraynadakı vəziyyət göstərilir. Dünya iqtisadiyyatında risklər nəzərə alınaraq ölkəmizdə orta müddət üçün makro iqtisadi sabitlik və dayanıqlıq davam edəcək. Növbəti il üçün manatın məzənnəsi sabit, inflyasiya isə 2,3 % olacaq. Neftin qiymətinin dəyişməsi səbəbindən digər ssenarilər nəzərdə tutulub. Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın təşəbbüskarı olduğu layihələr Avropanın enerji təminatında əsas rol oynayır. Gələn il Cənub Qaz Dəhlizi kəmərinin çəkilməsi də, ölkənin müstəqilliyini bir qədər də möhkəmləndirəcək. Xidmət sahələrində keyfiyyətin prioritetliyi saxlanılacaq. Ölkədə turizm sənayesi inkişaf etdirilir, yeni otellər inşa olunur. Xarici ticarətdə 16,7 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. 2015-ci ildə iqtisadi artım 4,4 faiz, növbəti üç ildə isə orta illik iqtisadi artım 5 faiz proqnozlaşdırılır. Qeyri-neft sektorunun gəlirləri gələn il 8,2 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Neft sektorunda 2015-ci ildə hasilat 40,6 milyon ton, növbəti illərdə isə sabit olaraq 40 milyon ton proqnozlaşdırılır. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payı 2015-ci ildə 66 faizdən 2018-ci ildə 71.3 faizə çatacaq”.
Elman Rüstəmov: “Bu günə qədər 14500 ailə ipoteka krediti alıb”
Mərkəzi Bankın sədri Elman Rüstəmov isə Milli Məclisdəki çıxışında bildirdi ki, neftin qiymətinin uzun müddət aşağı düşməsi üçün səbəb yoxdur: “1998-ci ildə də neftin qiyməti xeyli aşağı düşmüşdü. Lakin Azərbaycan iqtisadiyyatı dayanıqlıq nümayiş etdirdi. Əminəm ki, Azərbaycan iqtisadiyyatı hazırkı enmə proseslərinə də kifayət qədər hazırdır. Ötən dövr ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 6 faiz artıb. Cari ildə də iqtisadi artım davam edəcək. Bütövlükdə artımın 2.5 faiz olacağı gözlənilir. 2014-cü ildə ölkədə inflyasiya proqnozlaşdırıldığından da aşağı olub. Mərkəzi bank inflyasiyanı nəzərə alaraq pulun dərəcəsini aşağı endirmə siyasətini həyata keçirir. Azərbaycan bank sektoruna böhran zamanı kiçik yardım göstərdik, indi onlar bunu geri qaytarır. Biz bankların minumum tələbin 50 milyona qaldırdıq. İndi onlar 1,8 dəfə artıb. Bir neçə problemli banklarla fərdi iş aparacağıq. Banklarda kifayət qədər vəsait var və normadan 2 dəfə çoxdur. Cari dövrdə əmanətlər 9 % artıb. Bankların faiz dərəcəsinin aşağı salınması məsələsi var. Çünki nailiyyətləri var. Əhali də alternativ yollar axtarır, vəsaitlərini şaxələndirməyə çalışır. Ölkənin maliyyə sektoru 1995-ci ildən bu yana 24 dəfə artıb”.
Milli Bankın sədri ipoteka mövzusuna xüsusilə toxundu. Bidlirdi ki, bu məsələ indi olduqca müzakirə mövzusudur:
“Dövlət İpoteka Fondu Mərkəzi Bankın nəzdində fəaliyyət göstərir. Növbəti ildə ipoteka vəsaiti 50 milyon manat olacaq. Bütövlükdə ölkədə ipoteka portfeli 1 milyard manatdır. Bunun 600 milyonu İpoteka Fondu hesabına verilib. Bu günə qədər 14500 ailə ipoteka krediti alıb. İpoteka kreditləşməsi məsələsində dövlətin rolu aztəminatlı ailələrin bu imkandan istifadə etməsini təmin etməkdir. Bütövlükdə isə ipoteka krediti bankların və bazarın işi olmalıdır. Azərbaycanda ipoteka kreditləşməsinin tarixi heç 10 il deyil”.
E.Rüstəmov əlavə etdi ki, kommersiya kreditlərinin liberallaşdırılması bankların üzərinə qoyulmalıdır: “Biz ipoteka kreditləri məsələsində alman modelini irəli sürürük. Burada əhali müəyyən müddətə kreditlər toplayır və sonradan ipoteka ala bilir. İndi buna tələb yüksəkdir. 1995-ci ildə Azərbaycanda adambaşına 27 dollar kredit düşürdü. Bu gün isə 2350 dollarıdır. Azərbaycan maliyyə bazarları inkişaf edir, amma tələbat ondan da çox inkişaf edir. Bizim işimiz bu təlabatı ödəməkdir”.
NEMƏT