Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin növbəti irihəcmli, məsələlərə fundamental, konseptual yanaşma ortaya qoyan məqaləsi yayımlanıb.
Rəsmi dövlət informasiya agentliyi - "AzərTAc"da yayımlanan "İkili standartların dünya nizamı və müasir Azərbaycan" adlı məqalədə Qərbin ikili standartlar siyasətinin məqsədi açıqlanır, "rəngli inqilablar"dan və bu inqilabların mənfi nəticələrindən, onların doğurduğu hərc-mərclikdən bəhs olunur.
Belə kəskin etirazların təşkil olunmasında əsas rol oynayan üzdəniraq "beşinci kolon"un fəaliyyətinə işıq salınır, "Bəs "beşinci kolon" nədir və onun ilhamvericisi kimlərdir?" sualına dolğun cavab verilir. Vaşinqton və Brüsseldə tərtib olunan "siyasi məhbus" siyahılarının gerçək tərəfləri oxuculara təqdim olunur, "yumşaq güc" siyasətinə toxunulur, bu siyasətin əsl mahiyyəti açıqlanır. Akademik R.Mehdiyev haqlı olaraq qeyd edir ki, bu cür fəaliyyət siyasi riyakarlığın sübutu olmaqla bərabər, həm də vətəndaş cəmiyyəti ideyasının özünün əhəmiyyətinə ziyan vurur.
Məqalədə ABŞ-ın Azərbaycana münasibətdə yürütdüyü ikili standartlar siyasətinin Dağlıq Qarabağ münaqişəsi məsələsində də özünü aşkar surətdə nümayiş etdirdiyi vurğulanır, qeyd olunur ki, ABŞ Ermənistanın 20 ildən artıq müddətdə Azərbaycanın (Amerikanın rəsmi dairələrində hesab edildiyi kimi, onun strateji tərəfdaşının) ərazisinin 20 faizini işğal altında saxladığını bildiyi halda, guya "yumşaq güc" prinsipinə əsaslanaraq təcavüzkarın nazı ilə oynayır. Prezident Administrasiyasının rəhbəri cəbhə xəttində vurulmuş məlum helikopterlə bağlı haqlı olaraq belə bir sual verir: "Bəs nəyə görə ABŞ Ermənistanı bu təhlükəli provokasiyaya görə qınamır, halbuki Ukraynada baş verən hadisələrlə əlaqədar Rusiyanın ünvanına az qala hər gün xəbərdaredici bəyanatlar səslənir. Ermənistanın ünvanına isə heç nə deyilmir. Məgər bu, ABŞ-ın xarici siyasətində ikili standartların göstəricisi deyilmi?"
"Azadlıq" qəzeti yalan və iftira ruporu rolunu yerinə yetirir"
Akademik məqalədə müxalifətdən və bəzi kütləvi informasiya vasitələrindən də söz açıb. Məqalənin "Beşinci kolon": dağıdıcı fəaliyyətin eskalasiyası cəhdləri" bölümündə Ramiz Mehdiyev yazır: "Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri tərəfindən radikal müxalifət fəallarının və QHT-lərin dəstəklənməsi, bu təşkilatların qeyri-qanuni maliyyələşdirilməsi, onların köməyi ilə ölkəmizdə hakimiyyətə təzyiq göstərmək, hərc-mərclik və qanunsuzluq şəraiti yaratmaq cəhdləri ilə bağlıdır. Deməliyik ki, bu, Qərbin "beşinci kolon" ilə iş ssenarisinə üzvi şəkildə daxildir. Bu cür qeyri-qanuni siyasi və maliyyə dəstəyi, müvafiq göstərişlər nəticəsində başlıca nümayəndələri qismində ayrı-ayrı radikallarla yanaşı, Xalq Cəbhəsi və Müsavat partiyalarının çıxış etdiyi "beşinci kolon" öz pozucu hərəkətlərini gücləndirməyə çalışır.
Getdikcə daha da radikallaşan Xalq Cəbhəsi Partiyası artıq çoxdan bəri təhrikçilərin və intriqabazların, hərc- mərclik və dağıdıcılıq ehtirası ilə yaşayan insanların yuvasına çevrilib. Gerçəkliyi şüurlu surətdə dərk edə bilməyən insanlar da burada kök salıblar. Bunlar öz təfəkkürlərinə görə irrasional adamlardır. Bu partiyaya məxsus olan "Azadlıq" qəzeti yalan və iftira ruporu rolunu yerinə yetirir, onun hər bir səhifəsi intriqalarla, insanların şərəf və ləyaqətini alçaldan materiallar, uydurma və böhtanlarla doludur. Bu partiyanın imici belədirEXalq Cəbhəsi Partiyasının daxilində vəziyyəti tam parçalanma, vurnuxma, hərc-mərclik kimi səciyyələndirmək olar. Partiyanın üzvlərinin çoxu Əli Kərimlinin və onun qrupunun qəbuledilməz radikalizmindən və barışmaz mövqeyindən, radikal dini qruplaşmalarla əməkdaşlıqdan narazı olduqlarını bildirirlər. Partiyadaxili repressiyalar, partiyadaxili demokratiyanın olmaması, Əli Kərimlinin avtoritarizmi, partiyalararası münaqişələr buna gətirib çıxarıb ki, KİV-lərdə verilən məlumata görə, AXC-nin Sumqayıt bölməsinin 52 üzvü bu günlərdə onun sıralarından çıxıb. Müsavat Partiyası da oxşar vəziyyətdədir. Bu partiya da tam parçalanma mərhələsindədir.
"Eldar Namazov "beşinci kolon"un ən "parlaq" nümayəndələrindəndir"
EBu il noyabrın 9-da Bakıda qondarma "Milli Şura"nın, əslində isə Xalq Cəbhəsi Partiyasının azsaylı tərəfdarlarının şəhər hakimiyyəti ilə razılaşdırılmış mitinqi oldu. Mitinqin əsas təşkilatçıları Əli Kərimli və Cəmil Həsənli idi. Mitinqin keçirilməsi faktının özündən göründüyü kimi, radikal müxalifətin səsini heç kəs boğmur. Onlar öz mitinqlərini maneəsiz keçirirlər (bu, müxalifətin xaricdəki donorlarına xatırlamadır. Onların fikrincə, agentlərinin mitinq keçirmələrinə imkan verilmir).
Eldar Namazovun da missiyası bundan yaxşı olmayıb. O, "beşinci kolon"un ən "parlaq" nümayəndələrindən biridir. Bunu yalnız kor adam görməz. O, bu yaxınlarda David Şahnazaryan ilə birgə verdiyi bəyanatda bunu yerinə yetirilmiş borc hissi ilə təsdiq etdi. Bu bəyanat vətənpərvərliyə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə tamamilə ziddir.
Təəssüf ki, Eldar Namazov və həmçinin "beşinci kolon"un önündə gedən radikal müxalifət üçün Dağlıq Qarabağ problemi (son dərəcə vacib problem) onların fəaliyyətində prioritet deyil, onun liderlərinin bu məsələyə dair demaqoqcasına bəyanatlarının arxasında isə şəxsi ambisiyaları və üzdə qalmaq arzusu gizlənir. Onları ən çox narahat edən özlərinin xaricdəki bosslarına daha yaxşı yarınmaq, onların xoş münasibətini qazanmaqdır.
"Əgər demokratiyanın rəmzi Xədicə İsmayıldırsa..."
Bu məsələdə ən çox irəli gedən "Azadlıq" radiosunun jurnalisti Xədicə İsmayıldır. O, öz "dostları" olan həmkarları ilə birlikdə "cidd-cəhdlə" çalışaraq antiazərbaycan verilişləri təşkil edir, cəfəng bəyanatlarla çıxış edir, ictimaiyyətin tanınmış nümayəndələrinə açıq-aşkar düşmən münasibət nümayiş etdirir, təhqiramiz məzmunlu yalanlar yayır. Aydındır ki, cəmiyyətə bu cür meydan oxumaq öz Vətənini sevənlərin deyil, X.İsmayılın xaricdəki himayədarlarının xoşuna gəlir. Üstəlik, onun tutduğu mövqenin jurnalist peşəsinə, ümumiyyətlə, heç bir aidiyyəti yoxdur. İctimaiyyətdə belə bir qəti inam yaranıb ki, "Azadlıq" radiosunun əməkdaşları çox iyrənc bir yol tutublar. Sübuta ehtiyac yoxdur ki, saxtalaşmış informasiya təqdim edilməsi xarici xüsusi xidmətlər üçün işləməyə bərabərdir. Bu, xəyanətdir. Jurnalistlərin və normal düşüncəli adi insanların fikri belədir: "Əgər demokratiyanın rəmzi Xədicə İsmayıldırsa, gələcəkdə cəmiyyəti nələrin gözlədiyini təsəvvür etmək dəhşətdir".
"Onların aqressiyası özlərinə biabırçılıqdan başqa heç nə gətirməyəcək"
R.Mehdiyev qeyd edir ki, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı "beşinci kolon"u pozucu fəaliyyət üçün geniş meydandan məhrum edib: "Onun nümayəndələrinin son sığınacağı cəmiyyəti və hətta Prezidentin ətrafını parçalamaq cəhdləridir. Rəhbər işçilər haqqında mütəşəkkil qaydada açıq-aydın yalan məlumatlar yaymaqla hakimiyyəti zəiflətmək üçün gülünc cəhdlər, hakimiyyətdə olan şəxslər arasında guya müharibə qızışması barədə fantaziyalarla onları bir-birinə qarşı qoymaq istəyi onların bəsitliyini və siyasi savadsızlığını bir daha nümayiş etdirir. Onlar İlham Əliyevin ətrafının əvvəlki kimi monolit olmasını, bu ətrafı parçalamaq mümkün olmamasını, Prezidentin ölkə əhalisi arasında və ölkənin hüdudlarından kənarda nüfuzunun və populyarlığının yüksək olmasını başa düşməyərək, dövlətimizin başçısına qarşı birbaşa şəxsi təhqirlərə və çirkin hücumlara keçməyə başlayıblar. Əlbəttə, yaxşısı budur, onlar başa düşsünlər ki, onların aqressiyası özlərinə biabırçılıqdan başqa heç nə gətirməyəcək və nəticədə onlar siyasət səhnəsini tərk etməyə məcbur olacaqlar.
"Qərb mətbuatının özündə Martin Şults barədə heç də xoşagələn xarakteristika verilmir"
EQərəzlilik, ikili standartların tətbiq edilməsi Avropa İttifaqının rəhbərlərini də səciyyələndirir. Lap yaxın vaxtlarda, noyabrın 26-da Saxarov adına mükafatın təqdim edilməsi mərasimində Avropa Parlamentinin sədri Martin Şults Azərbaycandakı üzdəniraq "siyasi məhbuslar" barədə də bəyanat verib, Leyla Yunusu xatırlayıb. Əlbəttə, Martin Şults kimi şəxsin dilindən bu cür tənqid səslənməsi nonsens kimi qəbul edilməlidir.
Bu misal onu göstərir ki, keçmiş tarixi dövrlə müqayisədə bu gün dünya arenasında siyasi hadisələrin gedişini müəyyən edən siyasətçilər sırasında tam böhran müşahidə edirik. Təəssüf ki, dünya siyasətinin taleyüklü məsələləri ilə məşğul olan şəxslər regional və qlobal siyasi proseslərin incəliklərini anlamaq kimi zəruri qabiliyyətdən məhrumdurlar və beynəlxalq xarakterli məsələləri həll etmək üçün son dərəcə səriştəsizdirlər. Bir də ki, nə deyəsən, Qərb mətbuatının özündə Martin Şults barədə heç də xoşagələn xarakteristika verilmir: o, sağlam məntiqdən məhrum olan çıxışları və qeyri-adekvat mühakimələri ilə "məşhurdur", islamofobiya ideyaları ilə "ad çıxarıb", onun çıxışları və bəyanatları çox vaxt siyasi qalmaqallarla müşayiət olunur. Onun İtaliya barədə və Böyük Britaniyanın Avropa İttifaqında rolu haqda sözləri ciddi beynəlxalq qalmaqala səbəb olur. Britaniyada çıxan "Economist" qəzetinin 11 may 2013-cü il tarixli nömrəsində Martin Şultsun Brüsseldə yüksək vəzifə tutmaq istəyi karikatura formasında təqdim edilir.
Azərbaycanda vəziyyətə qiymət vermək istəyən Avropa Parlamentinin sədri belə şəxsdir. Mən qəti əminəm ki, Martin Şults öz istəyi ilə hərəkət etmir: bu gün o, sadəcə olaraq "böyük qardaş" vəzifəsini yerinə yetirir, əks halda o, indi əyləşdiyi kürsünü görə bilməzdi. Axı, məlumdur ki, o, Azərbaycan haqqında, onun Avropa üçün əhəmiyyəti barədə müsbət sözlər söylədiyi hallar da olub".
"Azərbaycan qısa müddətdə dünyada böyük etimad və hörmət qazanıb"
Məqalənin "Strategiya - postsənaye cəmiyyətinin qurulması" bölümündə R.Mehdiyev qeyd edir ki, bu gün Azərbaycan postsənaye (informasiya) cəmiyyəti quruculuğu yolundadır. O qeyd edir ki, postsənaye cəmiyyətinə keçid ideyası son on ildə Azərbaycanın inkişaf məntiqinə uyğundur. Akademik bildirir ki, əlbəttə, Azərbaycan üçün postsənaye cəmiyyəti gələcəyin iqtisadi sistemidir: "Lakin artıq bu gün həmin gələcəyin ciddi təməli yaradılır: milli innovasiya sistemi formalaşır, istehsalın texnolojiləşməsi tədricən artır. İnnovasiya sisteminin əsas məqsədi əhalinin həyat səviyyəsinin və həyatın keyfiyyətinin artırılması üçün dinamik iqtisadi inkişafın obyektiv ilkin şərtlərini yaratmaqdır".
Məqalənin "Dövləti idarə etmək sənəti" bölümündə R.Mehdiyev yazır: "Prezident İlham Əliyevin son on ildəki fəaliyyəti sübut edir ki, tarixdə şəxsiyyətin rolu böyük və danılmazdır. İlham Əliyevin islahatlar proqramının əsl mahiyyəti hazırkı şəraitdə milli sənayenin, sosial infrastrukturun, indiki nəsillərin maddi rifahını və zəngin mənəvi həyat tərzini təmin edə bilən bütün sahələrin yenilənməsinin cəsarətli və geniş əhatəli layihələrinə tələbatın nə dərəcədə böyük olmasını nümayiş etdirdi".
Səxavət HƏMİD