Baş Prokurorluq "Azadlıq" radiosunun Azərbaycan bölməsinin həbs olunan əməkdaşı Xədicə İsmayılovanın həbsi ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, "Azadlıq Radiosu" və "Meydan TV" teleradio şirkətində müxbir vəzifəsində işləmiş Mustafayev Tural Bulud oğlunun 2014-cü il 20 oktyabr tarixdə Dənizkənarı Milli Parkda insan orqanizmi üçün zərərli olan "Sink oksid" dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
T.Mustafayev Baş Prokurorluğuna müraciət edərək həmin KİV-lərdə işlədiyi müddətdə "Azadlıq Radiosu"nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib.
"Qısqanclıq zəminində münasibətləri pozulduğundan Mustafayevin işdən azad edilməsinə nail olub"
İstintaqla müəyyən edilib ki, T.Mustafayev 2013-cü ilin fevralında "Azadlıq Radiosu"na bölgə müxbiri vəzifəsinə işə qəbul olunaraq həmin redaksiyada jurnalist işləyən X.İsmayılova ilə tanış olmaqla aralarında yaxın münasibətlər yaranıb və mütəmadi olaraq onun mənzilində yaşayıb. X.İsmayılova şəxsi əlaqələrindən istifadə edib ona himayədarlıq etməklə sonuncunun iş fəaliyyətində, məişət şəraitinin qurulmasında və maddi durumunun yaxşılaşmasında bilavasitə köməklik göstərməklə özündən asılı vəziyyətə salıb. Qısqanclıq zəminində münasibətləri pozulduğundan X.İsmayılova redaksiyadakı şəxsi nüfuzundan istifadə edərək 2013-cü ilin noyabrında onun işdən azad edilməsinə nail olub. Bir müddət sonra münasibətləri yenidən normallaşaraq X.İsmayılova onu "Meydan TV" teleradio şirkətinə yüksək ödənişli əməkhaqqı ilə müxbir vəzifəsinə işə düzəltdirib. Lakin T.Mustafayevin başqa qadınla ailə həyatı qurmaq istəyini bildikdə, X.İsmayılovanın bilavasitə təhriki ilə o, 2014-cü ilin martında teleradio şirkətindəki işindən çıxarılıb.
İstintaqla həmçinin müəyyən edilib ki, T.Mustafayev X.İsmayılova tərəfindən təhdid və təzyiqlərə məruz qaldığından vəziyyətdən çıxış yolu kimi 2014-cü il 1 may tarixində Bakı şəhərində kirayədə yaşadığı mənzildə mələfədən düzəltdiyi ilgəklə özünü asma yolu ilə öldürməyə cəhd edib, lakin özündən asılı olmayan səbəbə görə niyyəti baş tutmayıb.
Araşdırmalar zamanı X.İsmayılovanın T.Mustafayevlə münasibətlərinin pisləşməsi və onun başqa qadınla ailə həyatı qurmaq istəməsi ilə əlaqədar şəxsi əlaqələrindən istifadə edərək sosial şəbəkələrdə və yaxın tanışları arasında ləyaqətini mütəmadi olaraq alçaltmasında, jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş hərəkətləri ilə onu işdən azad etdirməklə ondan asılı vəziyyətə düşməsinə nail olmasında, maddi vəziyyətinin pisləşməsində, eyni zamanda, yaxın münasibətlərinin bərpa olunmayacağı təqdirdə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələməsində, eləcə də T.Mustafayev ondan əl çəkməyəcəyi halda özünü öldürəcəyini bildirsə də, X.İsmayılovanın buna əhəmiyyət verməyərək ona qarşı qanunazidd hərəkətlərini davam etdirməsində əsaslı şübhələr olduğundan, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Toplanmış sübutlar əsasında X.İsmayılovaya Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail Rayon Məhkəməsinin qərarı əsasında həbs-qətimkan tədbiri seçilib.
Hazırda Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində iş üzrə istintaq tədbirləri davam etdirilir. X.İsmayılovanın barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Əli Həsənov: "Xədicə İsmayılova konkret cinayət əməlində şübhəli bilinib"
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılova konkret cinayət əməlində şübhəli bilinib və məhkəmənin qərarı ilə həbs olunub.
"Azərbaycanda siyasi baxışlarına görə heç bir jurnalist həbs olunmur"
Əli Həsənov deyib: "Respublika Baş Prokurorluğunun açıqlaması onun həbsində hər hansı siyasi motivi istisna edir. Buna görə də bəzi yerli və xarici dairələrin, təşkilatların məsələ ilə bağlı səsləndirdikləri bəyanatlar qərəzlidir, əsassızdır və bir mərkəzdən idarə olunan proses təəssüratı bağışlayır. Düşünürük ki, bu siyasiləşmiş bəyanatlar həm də hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan qanunvericiliyinə uyğun olaraq bu işlə bağlı obyektiv istintaqın həyata keçirilməsinə təzyiq xarakteri daşıyır. Hüquqi, demokratik dövlət olan Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və məlumat azadlığı, hər bir vətəndaşın sərbəst şəkildə öz fikirlərini ifadə etmək hüququ tam təmin edilib. Azərbaycanda mövcud qanunlar çərçivəsində fəaliyyətinə, siyasi baxışlarına, fikirlərinə görə heç bir jurnalist həbs olunmur və bundan sonra da həbs olunmayacaq".
"Ölkəmizə qarşı aparılan anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir"
Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov açıqlamasında ABŞ Dövlət Departamenti, Human Rights Watch, Amnesty International və digər təşkilatların Xədicə İsmayılova ilə bağlı bəyanatlarına münasibətini açıqlayıb: "ABŞ Dövlət Departamenti və bəzi üzdəniraq beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda gedən proseslərlə bağlı davamlı olaraq yayılan qərəzli, ikili standartlara əsaslanan, qeyri-obyektiv informasiyalar, o cümlədən Xədicə İsmayılova ilə bağlı son reaksiyalar müəyyən dairələr tərəfindən ölkəmizə qarşı aparılan anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir. Azərbaycanın tam müstəqil siyasət həyata keçirməsi, demokratik inkişaf istiqamətində böyük uğurlar əldə etməsi, fundamental azadlıqların təmin edilməsi istiqamətində ardıcıl siyasət aparması, onun beynəlxalq nüfuzunun artması və digər amillər ölkəmizi gözü götürməyən qüvvələri ciddi narahat edir. Fikir versək görərik ki, Azərbaycanda hətta kiçik bir insidentlə bağlı o dəqiqə münasibət bildirən ABŞ Dövlət Departamenti bir sıra ölkələrdə insan haqlarının açıq-aydın, kobud şəkildə pozulması hallarına isə faktiki olaraq heç bir reaksiya vermir. Götürək elə təcavüzkar Ermənistanı. Bu ölkədə insan haqları və azadlıqlarının kobud şəkildə pozulması adi hala çevrilib. 2008-ci il prezident seçkiləri zamanı müxalifət nümayəndələri dinc etiraz nümayişinə çıxarkən polis tərəfindən 10 nəfər öldürülmüş, 200 nəfər insan isə müxtəlif dərəcəli xəsarət almışdı. Ermənistanda total şəkildə saxtalaşdırılan son seçkilər zamanı müxalifət namizədlərindən birinə qarşı terror aktı həyata keçirilmişdi. Bütün bunlara ABŞ Dövlət Departamenti tərəfindən demək olar ki, heç bir reaksiya verilməmişdi. Bu, ikili standartın əyani göstəricisidir".
"Bizim təcrübəmiz bir çox ölkələr üçün də nümunə ola bilər"
A.Qasımovun fikrincə, Azərbaycanla bağlı mütəmadi olaraq əsassız və qərəzli bəyanatlar verməkdənsə ABŞ Dövlət Departamenti yaxşı olardı ki, diqqətini öz ölkəsində irqi-ayrıseçkilik, dinc nümayişçilərə, hətta yeniyetmə və azyaşlı uşaqlara qarşı polis zorakılığının törədilməsi, məhkəmə qərarları olmadan insanların həbs edilməsi və demək olar ki, hər gün baş verən bu kimi hadisələrə yönəltsin: "İndiyə kimi Azərbaycanda fikir azadlığına görə heç bir vətəndaş, o cümlədən hər hansı kütləvi informasiya vasitələri nümayəndəsi təqib olunmayıb və heç bir rəsmi qurum tərəfindən təzyiqə məruz qalmayıb. Azərbaycanda fundamental insan haqları və azadlıqları, eləcə də fikir və söz azadlığı sahəsində qısa bir zaman ərzində çox böyük uğurlara nail olunmuş və bizim təcrübəmiz bir çox ölkələr üçün də nümunə ola bilər".
"Xədicə İsmayılovanın həbsi konkret şəxsin şikayəti ilə bağlıdır"
Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib ki, Xədicə İsmayılovanın həbsi konkret şəxsin şikayəti ilə bağlıdır: "Bununla bağlı ölkə xaricində və daxilində siyasi dəyərləndirmələrin verilməsi məqsəduyğun deyil. Bu, istintaqın gedişinə mənfi təsir göstərə bilər".
Vitse-spiker qeyd edib ki, kiminsə kimdənsə narazı olması cəmiyyət üçün maraqlı deyil: "Çünki bu, tərəflər arasında olan fərdi problemdir. Azərbaycanda yüzlərlə, minlərlə belə konkret cinayət halları var ki, cəmiyyət onlarla maraqlanmır. Nəinki cəmiyyət, hec xarici dairələr, ABŞ Dövlət Departamenti də bu məsələlərdən narahat deyil. Ona görə də mən bu cür izafi yanaşmanı təəccüblü hesab edirəm. Bu addımları atanların hər biri müvafiq qurumların öz işini görməsinə mane olur".
"Xarici dövlətlərin istintaqa təzyiq etməyə ixtiyarı yoxdur"
Hakim Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Siyavuş Novruzov bildirib ki, hazırda istintaq getdiyindən beynəlxalq təşkilatların, xarici dövlətlərin istintaqa təzyiq etməyə ixtiyarı yoxdur.
Onun sözlərinə görə, istintaqın hər hansı təzyiqlə, hər hansı təpki ilə başqa istiqamətə yönləndirilməsi absurddur: "Heç kəs deyə bilməz ki, Xədicə İsmayılova hansı əməli törədib. Hər hansı beynəlxalq təşkilat, yaxud hər hansı siyasi partiya, jurnalist təşkilatı məgər istintaq, təhqiqat orqanıdırmı? Bunların heç biri müəyyən edə bilməz ki, kim hansı əməli törədib və bu əməlin ictimai təhlükəlilik dərəcəsi nədən ibarətdir? O baxımdan da istintaq araşdırar, əgər kiminsə nədənsə şikayəti varsa, məhkəməyə müraciət edə bilər".
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev qeyd edib ki, jurnalist Xədicə İsmayılovanın həbsində hər hansı bir siyasi məqam və ya jurnalist fəaliyyətilə bağlılıq yoxdur: "O, konkret bir şəxsin - vaxtilə həmkar olduğu bir gəncin şikayəti ilə saxlanılıb və haqqında həbs qətimkan tədbiri seçilib".
Azay Quliyevin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əvvəllər ciddi münasibətləri olmuş şəxslərdən birinin şikayətinə, qanuni reaksiyasına bəzi qurumların siyasi don geydirmək cəhdi anlaşılan deyil və qətiyyən yolverilməzdir: "Ən azı ona görə ki, Xədicə İsmayılova hökumət qurumlarının ittihamı ilə deyil, öz həmkarı və yaxın münasibətdə olduğu şəxsin şikayəti ilə həbs olunaraq, haqqında araşdırmalar aparılır. Hamı bilməlidir ki, siyasi fəaliyyət, peşəkar jurnalist fəaliyyəti heç kimə məhkəmə təqibindən immunitet hüququ vermir. Azərbaycan Respublikasında söz, mətbuat və informasiya azadlıqları mövcuddur və heç kim bu fəaliyyətə görə təqib olunmur".
KƏMALƏ