16 Dekabr 2014 10:53
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ölkə arasında iki sənəd imzalandı

Malta Respublikasının baş naziri Cosef Muskat dünən Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir C.Muskatın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Maltanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Baş nazir C.Muskatı hava limanında baş nazirin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət

Maltanın baş naziri Cosef Muskat dünən səhər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Maltanın baş naziri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən baş nazirə Bakıda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Prezident İlham Əliyevlə görüş

Azərbaycan prezidenti İlham Əliyev dünən Maltanı baş naziri Cozef Muskatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycanla Malta arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu bildirən prezident İlham Əliyev Malta baş naziri Cozef Muskatın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin perspektivlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaratdığını deyib.

Ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini deyən Maltanın baş nazir Cozef Muskat səfəri zamanı əlaqələrimizin həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində inkişaf perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu qeyd edib.

Əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu bildirən Cozef Muskat iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsində böyük qarşılıqlı marağın olduğunu diqqətə çatdırıb. O, enerji sahəsində, o cümlədən Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlığın iqtisadi əlaqələrin genişlənməsi baxımından önəmini vurğulayıb. Baş nazir digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi üçün bir sıra sənədlərin üzərində fəal iş aparıldığını deyən Cozef Muskat Azərbaycanla imzalanacaq Anlaşma Memorandumunun bu baxımdan əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin iştirak etdiyi layihənin ikitərəfli münasibətlərin inkişafında yeni imkanların açılması işinə xidmət edəcəyini deyib. Dövlət başçısı iki ölkə arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində də inkişafının əhəmiyyətini qeyd edib. Energetika, nəqliyyat, ticarət və investisiya qoyuluşu sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən prezident İlham Əliyev Malta ilə iqtisadi əlaqələrin regional əməkdaşlıq işinə də töhfə verə biləcəyini bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İki sənəd imzalandı

Dünən Azərbaycanın baş naziri Artur Rasizadə də ölkəmizdə rəsmi səfərdə olan Maltanın baş naziri Cosef Muskatla görüşüb.

Əvvəlcə Azərbaycanın və Maltanın baş nazirlərinin təkbətək görüşü olub. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Azərbaycanın baş naziri Artur Rasizadə bildirib ki, təkbətək görüşdə bir çox vacib məsələlər müzakirə olunub. Azərbaycanın iqtisadi inkişafı, regionda baş verən proseslər haqqında həmkarını məlumatlandırdığını bildirən Artur Rasizadə, ölkəmizin həyata keçirdiyi genişmiqyaslı layihələr barədə danışıb. Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığı, bu münaqişə nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğu, 1 milyondan artıq azərbaycanlının ata-baba yurdundan didərgin salındığı qonaqların diqqətinə çatdırılıb.

Baş nazir Artur Rasizadə maltalı həmkarının Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün hüquqi bazanın yaradılması baxımından əhəmiyyətini vurğulayıb. Baş nazir bu səfərin gələcəkdə iki ölkə arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsinə təkan verəcəyini deyib.
Cosef Muskat ölkələrimiz arasındakı münasibətlərindən danışaraq bildirib ki, Azərbaycan Malta üçün vacib ticari tərəfdaşa çevrilir. İki ölkə arasında imzalanan sənədlər əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkan yaradır.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Dövlət Neft Şirkəti və Maltanın Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Maltanın energetika və səhiyyə naziri Konrad Mizzi imzalayıb.

Eyni zamanda, Azərbaycanın Energetika Nazirliyi ilə Maltanın Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın energetika naziri Natiq Əliyev və Maltanın energetika və səhiyyə naziri Konrad Mizzi imzalayıb.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər