Elmar Məmmədyarov: “Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün maddi mədəniyyət abidələrini məqsədyönlü şəkildə məhv edib”
Dünən Bakıda TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin V iclası işə başlayıb. İclasın keçirilməsində məqsəd türkdilli ölkələrin YUNESKO-da əməkdaşlıq imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların YUNESKO-nun müvafiq siyahılarına daxil edilməsi kimi əhəmiyyətli məsələlərin müzakirəsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir. İki gün davam edəcək tədbir çərçivəsində mədəni və təbii irs, qeyri-maddi mədəni irs, təhsil və dünya yaddaşı proqramı üzrə dörd dəyirmi masanın keçirilməsi planlaşdırılır. İclasda xarici işlər naziri Elmar Məmmədyarov açılış nitqi ilə çıxış edib.
Nazir TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin növbəti görüşünün Bakıda keçirilməsinin təsadüfi olmadığını bildirib. O qeyd edib ki, bu il YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 20 illik yubileyi qeyd edilir: “20 ildir ki, ölkəmiz YUNESKO ilə təşkilatın bütün vacib istiqamətləri, o cümlədən, təhsil, elm, mədəniyyət, kommunikasiya və digər sahələr üzrə sıx əməkdaşlıq edir. Azərbaycan təşkilatın, demək olar ki, bütün konvensiyalarına qoşulub, müxtəlif komitələrinin üzvü olub, bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edib”.
Nazir prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ölkəmizdə sosial, iqtisadi, mədəni və digər sahələrdə surətli inkişafı təmin etməklə yanaşı, Azərbaycanın dünyada sülhün, əmin-amanlığın, həmçinin qlobal mədəniyyətlərarası dialoqun və dinlərarası tolerantlığın gücləndirilməsi sahəsində fəaliyyətini genişləndirdiyini də bildirib: “Bu istiqamətdə YUNESKO və TÜRKSOY-un iştirakı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar Forumlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Hər il təşkil olunan Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın tanınmış dövlət xadimləri, Nobel mükafatı sahibləri, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak edərək öz dəyərli fikirlərini bölüşürlər”.
“Türk İrsi və Mədəniyyəti Fondu yaxın vaxtlarda fəaliyyətə başlayacaq”
E.Məmmədyarov qeyd edib ki, tədbirdə TÜRKSOY və YUNESKO ilə yanaşı, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Ağsaqqallar Şurası, Beynəlxalq Türk Akademiyasının rəhbər və təmsilçiləri, eyni zamanda, TÜRKSOY-a üzv ölkələrin, eləcə də, müşahidəçi ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin baş katib və nümayəndələri iştirak edir: “Biz çox sevinirik ki, eyni qədim tarixə, kökə, dil və mədəniyyətə sahib olan xalqlarımız indi bir-birinə daha da yaxınlaşır. Mütəmadi olaraq dövlət başçıları səviyyəsində keçirilən türkdilli ölkələrin zirvə görüşləri və bu görüşlərdə qəbul olunmuş qərarlara uyğun olaraq türkdilli ölkələrin bir-biri ilə əməkdaşlıq imkanlarını daha da genişləndirən qurumlar yaradılır. Bu isə qardaş türk xalqlarının bir-birinə bağlanmasında və qarşılıqlı etimada əsaslanan möhkəm birliyə çevrilməsində vacib rol oynayır. Yaxın vaxtlarda fəaliyyətə başlayacaq Türk İrsi və Mədəniyyəti Fondu da xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraraq türkdilli xalqların mədəniyyətlərinin qorunması istiqamətində müxtəlif layihələr həyata keçirəcək, bu irsin gələcək nəsillərə ötürülməsinə öz töhfələrini verəcək”.
“Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir”
Nazir bildirib ki, Azərbaycan-YUNESKO münasibətlərinin inkişaf etdirilməsi, mədəni irs nümunələrimizin dünyada təbliği, onların qorunması və gələcək nəsillərə ötürülməsində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, ölkəmizin maddi və qeyri-maddi irsinə qayğı göstərilməsində, həmçinin Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun çox böyük töhfəsi var”.
XİN başçısı qeyd edib ki, 2013-cü ildə Parisdə bir çox genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün Azərbaycanın təşkilata 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayırmasını nəzərdə tutan “Azərbaycan hökuməti ilə YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” imzalanıb: “Bu uğur və nailiyyətlərlə yanaşı, mən həm də regionumuzun təhlükəsizliyi üçün əsas təhdidə - Ermənistan-Azərbaycan münaqişəsinə də toxunmaq istəyirəm. İyirmi ildən artıqdır ki, Azərbaycana məxsus Dağlıq Qarabağ və yeddi ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan artıq soydaşlarımızın ən fundamental insan haqları kobudcasına pozulub və onlar qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olublar”.
“Ermənistan YUNESKO-nun qərarına əməl etmir”
E.Məmmədyarov bildirib ki, Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsi işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına dair qərar qəbul edib: “Təəssüflər olsun ki, Ermənistan bu illər ərzində nə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri, nə də YUNESKO-nun qəbul etdiyi bu qərarın tələblərini yerinə yetirib. Ermənistan işğal altında olan Qarabağ və digər ətraf rayonlarımızdakı bütün maddi mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə məhv edib, dağıdıb, habelə muzeylərimizi talan edib”.
Nazir vurğulayıb ki, dünyada min illərlə yaradılan hər hansı mədəni abidələrin, dini abidələrin, ümumiyyətlə mədəni dəyərlərin məhv edilməsindən, insanların günahsız yerə öldürülməsindən daha dəhşətli heç nə ola bilməz: “Biz TÜRKSOY və YUNESKO vasitəsilə ortaq mədəni irsimizin qorunması, dünyada tanıdılması istiqamətində əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mədəni irsin qoyulması işində səylərimizi qətiyyətlə davam etdirməliyik”.
Nazir türkdilli ölkələri YUNESKO və BMT çərçivəsində əməkdaşlığa çağırdı
“TÜRKSOY gənc, lakin bir çox sahələrdə fəal addımlar atan bir təşkilatdır. Bu təşkilat təhsil sahəsinə də diqqət ayırır. Bugünkü tədbir türkdilli məkanın ən qədim ali təhsil ocaqlarından biri olan Bakı Dövlət Universitetinin təsis olunmasının 95 illiyinə təsadüf edir”.
Bunu isə iclasına çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarov Azərbaycanın hazırda təhsil sahəsində islahatların yeni bir mərhələsindən keçdiyini söyləyib: “Bu islahatlar 2013-cü ilin oktyabr ayında prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsaslanır və bu sahədə fəal işlər aparılır. Artıq müəyyən nailiyyətlər əldə olunub. Biz türkdilli həmkarlarımızla bu məlumatları paylaşmağa hazırıq.
Məmnuniyyətlə qeyd etmək istərdim ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Ölkələrin Təhsil Nazirlərinin 3-cü İclası Bakıda keçirilib, maraqlı müzakirələr aparılıb, vacib qərarlar qəbul edilib. Bütün bunlar türkdilli xalqları və ölkələri birləşdirən təşkilatlar arasında əməkdaşlığın səmərəliliyinin artırılmasına xidmət edir. Əminəm ki, xalqlarımız yalnız türkdilli xalqları birləşdirən təşkilatlar çərçivəsində deyil, həmçinin müvafiq beynəlxalq təşkilatlar formatında da əməkdaşlıq etməlidir. Bu, ilk növbədə YUNESKO-ya aiddir”.
Türkdilli dövlətlərə ortaq mədəni dəyərləri qorumaqla bağlı çağırış edildi
“Türk dövlətlərinin nümayəndələri olaraq hər zaman öz milli sərvətlərimizi, dəyərlərimizi birgə qorumalıyıq”.
Bunu bəyan edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ermənistanın YUNESKO-da apardığı fəaliyyəti “mədəniyyət sahəsində müharibə” kimi qiymətləndirib: “Bu fəaliyyətin məntiqi nəticəsi ondan ibarət oldu ki, Ermənistan komissiyanın iclasına lavaş nominasiyasını təqdim edərək bu çörəyin yalnız erməni xalqına məxsus olduğunu iddia etdi. Yaxşı haldır ki, Azərbaycanın qəti mövqeyi nəticəsində bunun qarşısı alındı. Bizim musiqilərimiz, aşıq sənətimiz, muğamımız və digər sənət nümunələrimiz bu gün təcavüzə məruz qalır. Hər dəfə bu kimi hallarla qarşılaşırıq”.
İrina Bokova: “Bakıda keçirilən iclas təqdirəlayiqdir”
İclasın açılış mərasimində YUNESKO-nun baş direktoru İrina Bokovanın tədbir iştirakçılarına müraciəti oxunub. Müraciəti YUNESKO-nun xarici əlaqələr və ictimaiyyət sektorunun üzv dövlətlər və tərəfdaşlar idarəsinin rəhbəri Genc Seiti təqdim edib.
Müraciətdə Azərbaycan-YUNESKO münasibətlərinin geniş şəkildə inkişafı, bu əlaqələrdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə qeyd olunub. Vurğulanıb ki, Azərbaycanın bu möhtəşəm tədbirə ev sahibliyi etməsi təqdirəlayiqdir: “Bu iclas müvafiq komissiyalar arasında mədəniyyət, elm, təhsil sahəsində vacib addımların atılması üçün daha bir fürsətdir”.
Daha sonra TÜRKSOY-un baş katibi Düsein Kaseinov çıxış edərək, bu tədbirin Bakıda keçirilməsindən məmnun olduğunu bildirib. Azərbaycanın bütün beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini deyən D.Kaseinovun sözlərinə görə, TÜRKSOY-un fəaliyyəti YUNESKO-nun ideya istiqamətlərinə uyğundur və prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir. Sonra TÜRKSOY-un baş katibi tərəfindən Azərbaycan tərəfə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, tədbir öz işini bu gün başa çatdıracaq.
Səxavət HƏMİD