Biliyə əsaslanan cəmiyyətin formalaşdırılması yaxın perspektiv üçün başlıca strateji məsələlərdəndir
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan alimlərinin I Qurultayı keçirildi. AMEA, Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçən tədbirdə öncə Azərbaycan himni səsləndi.
Qurultayda Azərbaycan və nüfuzlu dünya alimləri ilə yanaşı, Prezident Administrasiyası şöbə müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, dövlət müşaviri Kamal Abdullayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, yazıçı Anar, millət vəkilləri, universitet rəhbərləri, respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələri iştirak edirdilər.
Fatma Abdullazadə Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanan təbrik məktubunu oxudu.
Məktubda bildirilir ki, alimlərimizin yüz illər boyu dəyərini itirməyən əsərləri bəşəriyyətin intellektual inkişafına xidmətin parlaq nümunəsidir: “Elmimiz 20-ci əsrdə taleyüklü hadisələrlə zəngin olub. Milli Elmlər Akademiyasının, universitetlərin və digər elmi qurumların təşkili Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasına əlverişli zəmin yaradıb”.
Məktubda vurğulanır ki, iqtisadiyyatımızın davamlı inkişafı, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün başlıca strateji məsələlərdəndir: “Bütün bunlar yüksək ixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edərək, Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr irəli sürür. Əminəm ki, ilk qurultayınızda bununla əlaqədar səmərəli fikir mübadiləsi və müzakirələr aparılacaq”.
Akademiyanın 70 illiyi qeyd olunacaq
Sonra Akif Əlizadə “Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri” mövzusunda məruzə ilə çıxış etdi. Öncə bildirdi ki, müxtəlif ölkələrdə - Almaniya, Rusiya, Amerika, Türkiyə və sair ölkələrdə yaşayan azərbaycanlı alimlər də bu qurultayda iştirak edirlər.
AMEA rəhbəri 2015-ci ildə akademiyanın 70 illiyinin qeyd olunacağını bildirdi: “Azərbaycan elminin tarixi heç də 70 illə məhdudlaşmır. Elmimizin tarixi çox qədimdir və bir çox sahələrdə Azərbaycan alimləri öz sözlərini deməyə həmişə qadir olublar. Amma bu gün bizə lazım olan mütəxəssisi artıq orta məktəb səviyyəsində itiririk, çünki gənclərin böyük qismi peşə seçimi problemi ilə rastlaşanda heç də öz gələcəyini elmlə və elmi fəaliyyətlə bağlamır. Bu problemlərin həlli üçün səylərimizi birləşdirməli, ümumi strategiyanın formalaşmasına nail olmalı və üzümüzü orta məktəbə tutmalıyıq”.
“Alimlər şəhərciyi” salınacaq
Azərbaycan alimlərinin sosial müdafiəsindən danışan AMEA rəhbəri bildirdi ki, alimlərin əməkhaqlarının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin bundan sonra da davam edəcəyinə ümidlidir: “Lakin bir məsələni diqqətə çatdırmaq istəyirəm ki, sosial müdafiə məsələlərinin həlli üçün yalnız büdcədən artırmalara ümid etmək doğru deyil. İlk növbədə elmi fəaliyyət sahəsində baza maliyyələşməsindən məqsədli elmi proqramların ünvanlı maliyyələşməsinə keçidlə bağlı ciddi addımlar atmaq lazımdır.
Alimlərin mənzil təminatı məsələsi də olduqca vacibdir. Akademiyanın elmi müəssisələrin istifadəsində olan torpaq sahələrinin qorunub saxlanması və səmərəli istifadəsi istiqamətində son illər xeyli tədbirlər görülür. Bizim əsas məqsədlərimizdən biri ölkə rəhbərliyinin dəstəyi ilə həmin torpaq sahələrində Azərbaycan alimləri üçün “Alimlər şəhərciyi” - “Science City” yaşayış kompleksi yaratmaqdır. Ümid edirik ki, bir neçə ildən sonra mənzil problemlərinin həlli üçün lazımi tədbirlərin görülməsi nəticəsində alimlərimizi sevindirə biləcəyik".
Orta məktəblərdən biri AMEA-ya verilsin
Təhsil naziri Mikayıl Cabbarov çıxışında bildirdi ki, bir çox universitetlərdə elmi işlər müasir tələblərə, beynəlxalq standartlara uyğun deyil. Nazir hesab edir ki, hazırda elmlə istehsalat arasında əlaqə itmək üzrədir:
“Düşünürəm ki, elmin müasir prioritet istiqamət sahələri müəyyənləşdirilməlidir”.
Nazir həmçinin təklif etdi ki, dünya elminin tələblərinə uyğun tədqiqatların aparılmasında vacib standartların işlənib hazırlanması məqsədilə universitetlərarası şura yaradılmalıdır: “Alimlər təkcə ali təhsil üzrə kifayətlənməməli, təhsil proqramlarının, kurikulumların təkmilləşməsinə, müasir dərslik və tədris resurslarının yaradılmasına da töhfə verməlidirlər”.
Nazir bildirdi ki, araşdırmalar elmi nailiyyətlərin yarıdan çoxunun praktikadan kənar qaldığını aşkara çıxarıb: “Bu baxımdan, Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdən birinin AMEA-nın baza məktəbi olması müsbət addım hesab edilə bilər”.
Dünyada beyin, zəka uğrunda mübarizə gedir
Təhsil nazirinin fikrincə, elmin nüfuz qazanması üçün elmi-tədqiqatların keyfiyyəti artırılamalıdır: “Ali təhsil müəssisələrinin, institutların bazası gücləndirilməlidir. Bu gün dünyada beyin, zəka uğrunda mübarizə gedir. Bu baxımdan, mühacirətdə olan alimlərimizin ölkəyə cəlb olunması istiqamətində tədbirlər görməliyik. Xaricdə nəşr edilən məqalələrin sayının artırılmasına xüsusi diqqət yetirilməlidir”.
Mikayıl Cabbarov hesab edir ki, qarşıda duran əsas vəzifə elmi potensialın qorunub saxlanmasıdır: “Ölkədə fəaliyyət göstərən alimlərin yarıdan çoxu təhsil sahəsində çalışır. Yaranmış vəziyyəti nəzərə alaraq doktorantura təhsil sahəsində qanunvericiliyin yaradılması və təkmilləşdirilməsi, adambaşına maliyyələşmə üzərində iş aparılır”.
Qızıl üçbucaq: insan resursu, əlverişli mühit və kapital
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirdi ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığını minimuma endirmək ən böyük məqsəd olmalıdır. Nazir dedi ki, innovativ inkişaf siyasəti “qızıl üçbucaq” adlandırılan üç sütun - insan resursu, əlverişli mühit və kapital üzərində qurulur: “İKT, nanotexnologiyalar, kosmik, mikroelektronika, nüvə, biotexnologiyalar və digər elm tutumlu sahələr üzrə kadr hazırlığı prioritet istiqamətlər hesab olunur. Elmin inkişafı üçün onun maddi-texniki və informasiya bazasının gücləndirilməsi, gənc alim və mütəxəssislərə dəstək, onların xarici ali məktəblərdə təcrübə keçməsi, birgə tədqiqatların aparılması və intellektual mülkiyyətin qurulması əsas şərtlərdəndir.
Elmi tədqiqatların iqtisadiyyatda tətbiqi mühüm məsələdir, lakin hazırda iqtisadiyyatla elm arasında əlaqə olduqca zəifdir. Bu əlaqənin zəif olması innovativ sahənin inkişafı qarşısında böyük baryerdir. Bu baxımdan AMEA-nın böyük potensialı var, lakin innovativ məhsullar istehsal edən özəl sektor arasında əlaqə yoxdur".
Lütfi Zadə: “Regiondakı qeyri-sabitlik Azərbaycana təsir etməyib”
ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qurultay iştirakçılarına videomüraciəti də səsləndirildi: “Bakıda çoxsaylı dostlarım və Azərbaycanın bacarıqlı rəhbərliyi var. Azərbaycan şanslıdır ki, rəhbərliyindəki şəxslər ağıllı və təşəbbüskardır. Əsas məsələ rəqabətqabiliyyətliliyin artırılmasıdır. Azərbaycan və Azərbaycanın insanları həmişə qəlbimdə olacaqlar. Regiondakı qeyri-sabitlik Azərbaycana təsir etməyib.
Azərbaycanın uzaqgörən rəhbərliyi, neft-qaz kimi ehtiyatı var. Bu sərvətlər Azərbaycanın çoxlu təşəbbüs irəli sürməsinə imkan verir. Kosmosa çıxış, “Eurovision” və digər təşəbbüslər Azərbaycanı dünya miqyasında tanıdır".
Naxçıvanda elmi əməkdaşların yarısı yarımştatdır
AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev çıxışında bildirdi ki, Azərbaycan elminə ayrılan vəsait artırılmalıdır: “Elmə ayrılan vəsait dövlət büdcəsinin 0,5, bəzi hallarda 0,7 faizini təşkil edir. Əgər elmdən yüksək nəticə gözləmək istəyiriksə, elmə ayrılan vəsait artırılmalıdır”.
İsmayıl Hacıyevin fikrincə, Azərbaycan elmindən gözlənilən vəzifələr ona göstərilən diqqət və qayğı ilə həmahəng olmalıdır: “Elmlə təhsilin inteqrasiyası vacibdir. Elm və təhsil ayrıca fəaliyyət göstərsə, lazımi nəticələr əldə etmək mümkün olmayacaq. Bu gün Naxçıvanda elmi əməkdaşların yarısı ali məktəblərdə yarımştat işləyir. Bundan əlavə, elmi dərəcəli şəxslərin hər biri həftənin bir günü məktəblərin birində dərs aparır. Bununla da təhsilin elmlə əlaqələri genişləndirilir”.
İlham Əliyevə müraciət
Qurultayda tədbir iştirakçılarının Prezident İlham Əliyevə müraciəti qəbul olundu. Müraciətdə bildirilir ki, alimlər dövlət başçısı tərəfindən irəli sürülmüş “Regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir” çağırışını strateji hədəf olaraq götürüb və “Azərbaycan 2020: gələcəyə baxış konsepsiyası”nda irəli sürülən ideyaları həyata keçirmək məqsədilə bütün qüvvələrini səfərbər edirlər: “Sizi əmin edirik ki, bu prosesin uğurlu və milli maraqlara uyğun həyata keçirilməsi üçün aparılan dövlət siyasətinə böyük dəstək verəcək, ölkəmizdə biliklər iqtisadiyyatın və vətəndaş cəmiyyətinin qurulması işində yaxından iştirak edəcək, Azərbaycanın elmi potensialının dünyanın qabaqcıl elm mərkəzlərinin təcrübəsinə uyğun qurulması işində səylərimizi daha da gücləndirəcəyik”.
Tədbirin sonunda qurultayın bəyannaməsi də açıqlandı. Bəyannamədə bildirilir ki, müasir dövrün tələbləri səviyyəsində intellektual insan resurslarının formalaşdırılmasına nail olmaq üçün elm və təhsilin vahid sosial institut kimi inkişafı son dərəcə aktualdır: “Onların inteqrasiyası üzrə səmərəli tədbirlərin həyata keçirilməsində səyləri birləşdirməyə çağırırıq”.
Bəyannamədə həmçinin elmin maddi-texniki bazasının gücləndirilməsi, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması və elmin maliyyələşməsi ilə bağlı müvafiq tədbirlərin bundan sonra da davam etdirilməsinin zəruriliyi qeyd edilir, elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi, “Elm haqqında” qanunun qəbulu, həmçinin digər normativ-hüquqi sənədlərin hazırlanması gərəkliliyi vurğulanır.
Sevil HİLALQIZI