27 Dekabr 2014 11:35
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu qruplar beynəlxalq miqyasda gedən sivilizasiyalararası və dinlərarası mübarizənin törəmələridir”

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DİQDK) “Azərbaycan Dəmir Yolları” QSC-də “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda konfrans keçirib.

Konfransda çıxış edən DİQDK sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda dininə, inancına görə hansısa insanın sıxışdırıldığını görə bilmərik. Onun sözlərinə görə, bu gün müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan bütün dünyaya tolerantlıq nümunəsi ola bilər: “Bakının Binəqədi rayonunda tikilmiş Heydər məscidinin son dövrlər müsəlman ölkələrində tikilən məscidlər içində dizaynı və quruluşuna görə analoqu yoxdur. Postsovet, müsəlman ölkələrində əvəzolunmaz məsciddir”.

“Dövlət onların fəaliyyətinə maneçilik törətmir”

Komitə sədrinin fikrincə, insanlar arasında ayrı-seçkilik və onların sıxışdırılması təhlükəli nəticələrə gətirib çıxara bilər: “Həyat göstərir ki, insanlar mütləq bir araya gəlməlidirlər. Ayrı-ayrı dinlər, mədəniyyətlər arasında qarşıdurma bəşəriyyət üçün təhlükə yarada bilər. Onu da qeyd edim ki, İslam dini bəşəriyyətin ən qabaqcıl dinlərindən biridir və səmavi dinlər içində ən mükəmməli hesab olunur. İslam iudaizm, xristianlıqda yol verilmiş qüsurları aradan qaldırdı. "Qurani-Kərim"dən əvvəl göndərilən kitablarda insanlar özlərindən düzəlişlər etməklə onları təhrif ediblər. "Qurani-Kərim" isə ilk gündən necə gəlibsə, bircə hərfi də təhrif olunmayıb. Bunu digər dinlərin nümayəndələri, alimləri də etiraf edirlər. Elə ölkə tapmaq olmaz ki, orada İslam dininə sitayiş edən insan olmasın. Lakin icma şəklində müsəlmanların yaşadığı ölkələrin sayı 120-yə qədərdir. İslam dininin dövlət səviyyəsində qəbul olunduğu dövlətlərin sayı isə 30-a qədərdir. Azərbaycanda İslam dini ilə yanaşı, müxtəlif dinlərin nümayəndələri və icmaları fəaliyyət göstərir. Dövlət onların fəaliyyətinə maneçilik törətmir.

Azərbaycanda İslam dininin aparıcı din olması rəsmi şəkildə təsbit olunmur. Lakin İslam dininin dəyərlərini daim qorumuşuq”.

“Milli-mənəvi dəyərlərimizin zədələnməsinə imkan verməməliyik”

M.Qurbanlı bildirib ki, bu gün Qərb dövlətlərində bəzi eybəcərliklərin adiləşdiyi, xüsusən də eyni cinsdən olan insanların evlənməsi kimi şeylər cəmiyyətin artıq tənəzzülə uğradığının göstəricisidir. Onun fikrincə, Azərbaycanda insanlar digər dinlər və mədəniyyətlərdən bəhrələnsələr də, adət-ənənələrini və İslam dininin dəyərlərinə sadiqliyini dəyişməyib. Lakin bizim dinimizə və mədəniyyətimizə kənardan müdaxilələr var: “Kənar ideya, kənar adətlərin cəmiyyətə nüfuz etməsi isə onun məhvinə gətirib çıxara bilər. Kənar adət-ənənələrə milli adət-ənənələrimizin nüvəsinə girməyə imkan versək, özəyə daxil olan əsas element kənar ideya, kənar adət bizim adəti dağıdacaq. Onun yerinə özününkünü gətirəcək. Bunun içində milli mədəniyyət, milli mənəviyyat çökəcək, onun daşıyıcısı olan dil də tənəzzülə uğrayacaq, aradan qalxacaq. Bununla da millət tədricən deformasiyaya uğrayacaq, başqa bir millətin içində əriyib assimilyasiyaya məruz qalacaq. Bizim milli adət-ənənələrə müdaxilələr çox istiqamətlərdən gəlir. Onların arasında din amili də var. Biz milli-mənəvi dəyərlərimizin zədələnməsinə imkan verməməliyik”.

“Din yarandığı vaxtdan siyasətə müdaxilə etmək istəyir”

Komitə sədri əlavə edib ki, dünyada sayı 50 milyona qədər olan azərbaycanlılar kiçik xalqlar sırasına daxil edilə bilməz: “Biz sanballı xalqlar sırasındayıq. Şimali Azərbaycandakı dövlət isə onun yalnız 10 milyonunu əhatə edir. Bu dövlət dünya azərbaycanlılarının mayakı rolunu oynayır. Dünyanın harasında olmasından asılı olmayaraq, hər bir azərbaycanlı bu dövlətin uğurlarına sevinir”.

M.Qurbanlının sözlərinə görə, milli-mənəvi dəyərlərin içində dini dəyərlər xüsusi əhəmiyyət daşıyır: “Dinimiz bizə nəsildən-nəslə ötürülür. Onu qorumalıyıq. Kimsə ona yenilik gətirirsə, onu qəbul edə bilmərik. Bu gün bütün dünyada dindən siyasi məqsədlər üçün istifadə olunur. Din yarandığı vaxtdan siyasətə müdaxilə etmək istəyir. Əgər din siyasətə çevrilirsə, dəyərini itirir və sadəcə, bir alətə çevrilir.

Komitə sədri bildirib ki, dinimiz mənəviyyatımızla bağlıdır: “Biz onu başa düşərək gələcək nəsillərimizə ötürməliyik. Sovet dövründə din xadimlərinin nüfuzu qəsdən aşağı salınıb. Onlar haqqında anormal düşüncə formalaşdırılıb”.

“Onların İslama heç bir dəxli yoxdur”

M.Qurbanlı deyib ki, ölkəmizdə İslami dəyərlərimizə, onun nüvəsinə soxulmaq istəyənlər var: “Onlara, adətən, radikal islami qruplar deyilir: ”Bu qruplar kimlərdir? Hansı ad verilməsindən asılı olmayaraq, onların İslama heç bir dəxli yoxdur. Onları nə adlandırırsınız adlandırın, “Taliban”, “Əl-Qaidə”, “Haş-haşilər”, vəhhabi, sələfi, xəvarici, dəvətçi və s. nə deyirsiz deyin, bunlar İslama aid olmayan məsələlərdir. Bunların İslama heç bir dəxli yoxdur. Onlar İslamı içəridən dağıtmağa, İslamı zəiflətməyə, İslam dinini gözdən salmağa yönəlmiş qruplardır. Bu qruplar beynəlxalq miqyasda gedən həm sivilizasiyalararası, həm beynəlxalq iqtisadi güc mərkəzləri arasında gedən, həm də müəyyən mənada dinlərarası mübarizənin törəmələridir. Belə törəmələr vasitəsilə, Azəbaycanda da, İslam dünyasında da qarşıdurma yaratmaq, qan tökmək, silahlı toqquşmalar edərək həmin ölkələrin inkişafını ləngitmək siyasətini yeridirlər. Çox təəssüf ki, o qrupların içində bilməzlikdən, nadanlıqdan onlara qatılan insanlar da var. Onların rəhbərliyində nə üçün, hansı məqsədlə yaradıldığını bilənlər də var. Çox təəssüf ki, Azərbaycanda da bu tipli qrupları yaymaq istəyənlər var".

Konfransda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin I müavini Qurban Nəzərov bildirib ki, ölkədə milli-mənəvi, İslami dəyərlərin qorunması mühüm əhəmiyyət daşıyır. O, həmçinin Azərbaycanda dəmir yolları sistemində aparılan və nəzərdə tutulan işlər barədə geniş məlumat verib: “Azəbaycanda dəmir yolu, ümumiyyətlə, nəqliyyat sistemi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və lazımi qayğı göstərilir”.

“Azərbaycanda ”nurçuluğ"un iki qanadı var"

DQİDK sədrinin müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycanda “nurçuluğ”un iki qanadı yayılıb. Onun sözlərinə görə, onlardan biri siyasi proseslərə müdaxilə edir. Sədr müavini əlavə edib ki, “nurçuluq”, əslində, dini təriqət deyil: “Bu, dini cərəyan, dini dünyagörüşüdür. Onların hənəfi məzhəbi və ya digər əhli-sünnə məzhəbindən fərqi yoxdur, amma onların dünyaya baxış nöqteyi-nəzərindən fərqi var”.

G.İsmayılovun fikrincə, bu cərəyanın Azərbaycanda mövcud olan iki istiqaməti var: “Onlardan biri dərsxana qrupudur, ikincisi isə, onlardan ayrılmış elmə, təhsilə, mədəniyyətə, maarifə diqqət göstərən müasir qoludur. Azərbaycanda olan, xüsusən də bölgələrdə olanlar bunların ikinci qolunun nümayəndələridir. Onların fəaliyyətində olan əsas önəmli nöqtə nədir? Birinci qanada görə dini izah etməmişdən, hətta Qurandan öncə risalələri oxumaq lazımdır. Təriqətin yaradıcı Səid Nursinin risalələrini oxuyurlar. Bunun müasir qanaddan fərqi nədir? Onlar siyasətə qarışmırlar. Məsələn, bu gün hansı ölkədə olmasından asılı olmayaraq, onlar üçün önəmli olan ancaq dinlə bağlı təbliğatdır. Ancaq digər, müasir dediyimiz qrup isə siyasi proseslərə müdaxilə edir. Məsələn, seçkilərdə kollektiv şəkildə, rəhbərin mövqeyini ifadə edən rəyi nəzərə alaraq iştirak etmək”.

Komitə sədrinin müavininin dediyinə görə, azərbaycanlıları birləşdirən elə dəyərlər var ki, onları qəbul etməyənlərin dindar olub-olmamasının heç bir əhəmiyyəti yoxdur: “Məsələn, 20 yanvar faciəsini, Novruz bayramını, 28 mayı, 26 iyunu, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü, Şah İsmayılı, Dədə Qorqudu, xalqı ortaq nöqtədə birləşdirən milli-mənəvi dəyərləri, məqamları qəbul etməyənlərə azərbaycanlı demək olar? Bunları qəbul etməyən şəxsin rusdan, amerikalıdan, ərəbdən, farsdan, ingilisdən fərqi varmı? Bunu qəbul etməyən şəxsin dindar olub-olmamasının cəmiyyət üçün əhəmiyyəti yoxdur. Dövlətin əsas istəyi odur ki, hansı dini yolu seçməsindən asılı olmayaraq azərbaycanlı kimliyini qoruyub saxlasın. Azərbaycanda dinin yayılmasında heç bir problem yoxdur. İnsanlar dini sərbəst şəkildə, istəklərinə uyğun qanunvericilik çərçivəsində öyrənə bilərlər. Amma bizim istəyimiz budur ki, İslam elə yayılmalıdır ki, formalaşmış din xadimi və dini icma üzvü azərbaycanlılıqdan uzaqlaşmasın, azərbaycanlı kimi qalsın. Yəni, İslamın təbliğatı nəticəsində formalaşmış dindar insan müsəlman olduğu kimi azərbaycanlı kimliyini də saxlasın”.

Qeyd edək ki, konfransda “Azərbaycan Dəmir Yolları” QSC ilə yanaşı, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin nümayəndələri də iştirak ediblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər