2014-ün sonuncu gününü yaşayırıq. Bu il dünya siyasəti üçün xoşagəlməyən hadisələrlə yadda qaldı.
Rusiya-Ukrayna münasibətləri sabitlik məkanı hesab etdiyimiz Avropa üçün yeni təhlükələrə rəvac verdi. Rusiyanın Krımı özünə birləşdirməsi, Ukraynanın şərqində baş verən separatizm hadisələri Avropa üçün həyəcan təbili oldu. Qərbə inteqrasiya yolunu seçən Ukraynanın qarşısına Avrasiyanın ən ağır topları çıxarıldı. Ukrayna Pirr qələbəsi qazandı. Amma mübarizə hələ də davam edir.
Şübhəsiz, dünya siyasəti üçün ilin ən böyük hadisəsi Rusiyaya qarşı edilən sanksiyalar oldu. Avropada bəzi ölkələr istisna olmaqla ABŞ, Avropa, Yaponiya Rusiyaya qarşı sərt mövqe tutdu. Bunun nəticəsində şimal qonşumuzun iqtisadiyyatı ağır zərbə aldı. Bu proses hələ də davam edir. Hətta Obama “bizim İpad-imiz var” deyərək Rusiyanın geridə qaldığı mesajını hər kəsin anlayacağı dillə başa saldı. Rusiya isə bunun müqabilində Qazaxıstan, Belarus, Ermənistan kimi dövlətlərlə Avrasiya İttifaqını gücləndirməyə çalışdı. Ermənistan avrointeqrasiya yolundan imtina etdi, açıq şəkildə Rusiyanın tabeçiliyinə keçdi.
ABŞ üçün də bu il uğursuzluqla, hətta faciə ilə yadda qaldı. Polis nəfərinin qaradərili gənci öldürməsi nəticəsində şəhərlərdə kütləvi etirazlar başladı.
Bu ilin qalibi yenə Suriya prezidenti Bəşər Əsəd oldu. Hələ 2013-cü ildə Türkiyənin də dəstəklədiyi Əsədi devirmək planına rəğmən o, bu il də ölkəsində tək güc olduğunu isbatladı. Görünür, Əsəd hələ Suriyanı neçə illər idarə edəcək.
Bölgədə ilin digər qalibi Misirin keçmiş müdafiə naziri general Abdel Fəttah əl-Sisi oldu. İslamçı Mursini devirərək ölkə idarəçiliyini ələ alan Sisi yüksək səslə yeni prezident seçildi. Mursi isə hələ də həbsdədir.
Misirin qonşusu Türkiyədə keçirilən seçkilərdə isə hər kəsin gözlədiyi kimi qalib Baş nazir Ərdoğan oldu. Müxalifətin “çatı aday”ıƏkmələddinİhsanoğlu və kürdlərin lideri Səlahəddin DəmirtaşƏrdoğanla mübarizəni uduzdular. Ərdoğanın Baş nazir kürsüsünə isə xarici işlər naziri Əhməd Davudoğlu əyləşdi.
Bu il Türkiyə ilə bağlı qalmaqallı hadisə isə hakim partiya AKP ilə Fəthullah Gülən camaatının açıq savaşa çıxması oldu. Ötən ilin “17 dekabr” əməliyyatına “14 dekabrla” cavab verən Ərdoğan ilboyu gülənçilərə qarşı apardığı savaşı yekunlaşdırdı. Prezident “paralel dövlət”lə mübarizənin başa çatdığını bildirdi, ABŞ-da yaşayan Gülən haqqında məhkəmə qərarı çıxarıldı. İki il öncə qürbəti bitirib ölkəyə dəvət etdiyi dini lideri Ərdoğan bu dəfə terrorçu kimi tanıtdı.
Bu ilin ən uğursuz hərbi-siyasi gedişatı isə İŞİD qarşısındakı məğlubiyyət oldu. İraqda ciddi gücə çevrilən İŞİD qruplaşması koalisiya güclərinə qarşı dirəniş göstərdi.
2015-in dünyasını isə yenə də eyni güclər müəyyənləşdirəcək. Bizim istəyimiz bütün siyasi oyunlara rəğmən Qarabağı azad etmək olacaq.