16 Yanvar 2015 11:15
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 24-də Türkiyə və Azərbaycan Çanaqqala zəfərinin yüz illiyini birgə qeyd edəcək

Prezident İlham Əliyev yanvarın 14-də Türkiyə Respublikasına dövlət səfərinə gəlib. Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın "Esenboğa" hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Baş nazir Əhməd Davudoğlu ilə görüş

Həmin gün axşam prezident İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb.
Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. İki ölkənin birgə həyata keçirdiyi layihələrin əhəmiyyətinə toxunulub, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmi vurğulanıb. Azərbaycan-Türkiyə əlaqələrinin regional əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi qeyd edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyi bildirilib. İki ölkə arasındakı dostluq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Sonra Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Əhməd Davudoğlu birgə nahar ediblər.

Anıtqəbiri ziyarət

Prezident İlham Əliyev yanvarın 15-də səhər Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəlib. Dövlət başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət edib. Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edib. Sonra xatirəsini şəkilləri çəkdirilib. Dövlət başçısı xatirə kitabına ürək sözlərini yazıb.

Rəsmi qarşılanma mərasimi

Dünən Türkiyə Prezidentinin Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib. Sarayın qarşısındakı meydanda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb. Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezident İlham Əliyev əsgərləri salamlayıb. Türkiyənin rəsmi şəxsləri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib. Sonra Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdiriblər.

Qarşılanma mərasimində diqqətçəkən məqam

Rəsmi qarşılanma zamanı diqqətçəkən xüsusi məqam olub. Mərasimdə 16 tarixi türk dövlətini təmsil edən əsgərlərin olması ilə yanaşı, digər diqqətçəkən məqam prezidentlərin saraydan çıxdığı zaman "Dirçəliş marşı"nın çalınması olub.

Mərasimə baş nazir köməkçisi Yalçın Akdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii sərvətlər naziri Taner Yıldız qatılıb.

Təkbətək görüş

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub. Görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkənin enerji və nəqliyyat sahələrində birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti xüsusi qeyd olunub. Söhbət zamanı Türkiyənin "Böyük 20-liyin" növbəti görüşünə ev sahibliyi etməsinin önəmindən danışılıb.

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclası

Daha sonra Ankarada Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirilib. İclasda Azərbaycanla Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tbilisi-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub. İkitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Ərdoğan: "Dağlıq Qarabağ probleminin həlli "yolavermə taktikası" ilə uzadılır"

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatla çıxış ediblər.

"Dağlıq Qarabağ münaqişəsinin həlli edilməsinə dair aparılan danışıqlardakı son vəziyyəti Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə etdik. Görünən odur ki, ATƏT-in Minsk qrupu üçlüyü Təəssüf ki, hələ də qərarlı addım atmayıb və problem "yolavermə taktikası" ilə uzadılır".

Bunu mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğan bildirib ki, bununla bağlı beynəlxalq qərarların verilməsinə baxmayaraq, münaqişənin həllinin hələ də "yolavermə taktikası" ilə uzadılması üzücüdür: "Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsi məsələsində Azərbaycana dəstəyimiz bundan sonra da eyni qərarlılıqla davam edəcək. Son dərəcə həssas olduğumuz, hər fürsətdə də dilə gətirdiyimiz bu mövzu ilə bağlı Türkiyə olaraq mövqeyimiz qətidir".

"Türkiyə aprelin 24-də Çanaqqala qələbəsinin 100 illiyini qeyd edəcək"

"Türkiyə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyini qeyd edəcək". Bunu da birgə mətbuat konfransındakı çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə əsasən, həmin gün Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları dəvət ediləcək.

İlham Əliyev: "Ermənistan sülh istəmir"

"Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqları uzun illərdir işğal altındadır. BMT Təhlükəsizlik Şurası - dünyanın ən üst qurumu Ermənistanın işğalçı qüvvələrinin bu torpaqlardan çıxarılmasına dair 4 qətnamə qəbul etsə də, bu qətnamələr icra edilmir. Bu onu göstərir ki, Ermənistan sülh istəmir". Bunu isə Azərbaycan prezidenti İlham Əliyev birgə mətbuat konfransında deyib.

İlham Əliyev bildirib ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə edilib: "Bir daha cənab prezidentə minnətdarlığımı bildirdim ki, Türkiyənin mövqeyi dəyişməz olaraq qalır. Türkiyə bu məsələdə ədaləti, haqqı, beynəlxalq hüququ, öz qardaşlarını dəstəkləyir".

Dövlət başçısı qeyd edib ki, əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu da bu işlərdə heç bir nəticə hasil edə bilmir: "Fəaliyyət var, ancaq əfsuslar olsun ki, nəticə yoxdur. Keçən il danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunurdu. Ancaq Ermənistanın təxribat xarakterli addımları, xüsusilə, noyabr ayında işğal edilmiş torpaqlarda - Ağdam rayonu ərazisində genişmiqyaslı təlimlərin keçirilməsi və Azərbaycanın mövqelərinə hücum etməsi, əlbəttə ki, Azərbaycan tərəfindən layiqli cavabla qarşılandı, düşmən yerinə oturduldu. Bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər".

İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək: "Biz buna nail olmaq üçün daha da güclü olmalıyıq. Bu gün Türkiyə-Azərbaycan əməkdaşlığı dünya miqyasında önəmli bir faktordur. Bu faktoru heç kim inkar edə bilməz".

"Müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək üçün böyük planlarımız var"

İlham Əliyev daha sonra deyib: "Bu gün Strateji Əməkdaşlıq Şurasının IV toplantısında müzakirə olunan məsələlər və bu məsələlərin həlli əlbəttə ki, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrini daha da yüksək pilləyə qaldıracaq".

Prezidentin sözlərinə görə, bu gün imzalanan birgə bəyanatda Türkiyə-Azərbaycan əlaqələrinin əvvəlki dövrü, görülən işlər və görüləcək işlər öz əksini tapıb: "Bu gün dünyada Türkiyə və Azərbaycan kimi bir-birinə bağlı, yaxın olan ikinci ölkələr yoxdur. Bu birliyi təsdiqləyən bir çox məqamlar var. Onlardan biri də, əziz qardaşımın dediyi kimi, Türkiyənin Azərbaycanı G-20-yə dəvət etməsidir. Bu, bizim üçün böyük şərəfdir. Əminəm ki, bundan sonra da Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələri uğurla davam etdiriləcək. Eyni zamanda, 24 apreldə Çanaqqala zəfərini də birlikdə qeyd edəcəyik və bu tarixin seçilməsinə görə də öz adımdan və bütün Azərbaycan xalqı adından sizə çox minnətdaram. Bu tarixin seçilməsi çox müdrik bir addımdır. Əminəm ki, bizim xalqlarımız bunu layiqincə qiymətləndirəcəklər".

Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq genişlənir: "Biz Türkiyədən çoxlu silah-sursat alırıq. Biz Türkiyənin böyük uğurlarına sevinirik. Türkiyə bu gün dünya miqyasında bir güc mərkəzidir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaq. Bizim gücümüz, əlbəttə ki, siyasi gücdür, iqtisadi və hərbi gücümüzdür. Ona görə də müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük planlarımız var".

"Sərmayələrin həcmi 20 milyard dollara çatacaq"

"İqtisadi sahədə gözəl əməkdaşlıq var. Bu gün Strateji Əməkdaşlıq Şurasının iclasında rəqəmlər səsləndi. Son illərdə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana milyardlarla dollar sərmayə qoyulub. 2020-ci ilə qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq". Bunu da bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

İlham Əliyev bildirib ki, Türkiyə şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər və 10 milyard dollar həcmində layihələr icra ediblər: "Əlbəttə ki, Cənub Qaz Dəhlizinin icrası enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirəcək və burada biz artıq çoxtərəfli əməkdaşlığa qədəm qoyuruq. Burada Türkiyə, Azərbaycan, Gürcüstan və Cənub Qaz Dəhlizinin digər üzvləri fəal birgə fəaliyyət göstərməlidirlər. Gələn ay Bakıda Cənub Qaz Dəhlizinin 1-ci Məşvərət Şurası keçiriləcək. Şuranın iclasında bu layihənin icrası ilə bağlı konkret tövsiyələr veriləcək".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər