20 Yanvar 2015 10:59
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdakı gülləbarandan 25 il ötdü

Şəhidlər Xiyabanı yenə qərənfillərə qərq olacaq

Bu gün Azərbaycan xalqı ən faciəli və şərəfli günlərindən birinin ildönümünü qeyd edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə can üstə olan sovet rejimi son gücünü toplayaraq günahsız, əliyalın əhali üzərinə hücuma keçdi. Öz ordusu bildiyi, daim “Qızıl Ordu” deyib öydüyü, əslində isə qana susamış imperiya xislətli Kreml 70 il gəzdirdiyi maskasını üzündən götürərək kim olduğunu Azərbaycan xalqına, eləcə də bütün dünyaya nümayiş etdirdi. 1988-ci ilin fevralından Qarabağa ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi faciəyə gətirib çıxardı.

Sözsüz ki, 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. İndi o gündən 25 il ötür. Düz 25 ildir ki, hər ilin bu günündə xalq axın-axın Şəhidlər Xiyabanına gedərək, həmin gün şəhid olan 131 qeyrətli Vətən oğlunun xatirəsini yad edir.

Bəs, üstündən 25 il keçdikdən sonra həmin hadisələr necə görünür? Ötən 25 il ərzində bu faciəyə verilən hüquqi-siyasi qiyməti qənaətbəxş saymaq olarmı?

Baş Prokurorluq: “20 Yanvar faciəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir”

“20 Yanvar faciəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir”.

Bunu bəyan edən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, 20 yanvar faciəsi ilə bağlı ilkin araşdırmalar SSRİ Baş Prokurorluğu tərəfindən aparılıb və baş vermiş hadisələrlə əlaqədar hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlinərək, 20 dekabr 1990-cı il tarixli qərarla cinayət işinin icraatına xitam verilib: “Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 14 fevral 1992-ci ildə xitam qərarı ləğv edilərək həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4 və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə, 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. İstintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib. Hadisə baş verən dövrdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdürrəhman Vəzirov və digərlərinin cinayət məsuliyyətinə cəlb olunması barədə 1994-cü ildə qərarlar qəbul edilib. Onlar istintaqdan qaçıb gizləndikləri üçün barələrində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib. Cinayətdə təqsirli bilinən həmin dövrdə Ali Sovetin sədri olmuş Elmira Qafarova və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 2-ci katibi Viktor Polyaniçko vəfat etdikləri üçün barələrindəki cinayət işinə xitam verilib. Cinayət işi SSRİ-nin Baş Prokurorluğunda başlandığından 68 cildlik cinayət işinin materialları Moskvaya aparılıb. Həmin materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsirləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təqdim olunub. Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib”.

“Şəhidlərin uğrunda can verdiyi Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində söz sahibidir”
Bu istiqamətdə suallarımızı cavablandıran Milli Məclisin deputatı, tarixçi-alim Fəzail İbrahimli bildirib ki, 20 Yanvar faciəsi respublikada milli-azadlıq hərəkatına və demokratik proseslərə zərbə vursa da, müstəqillik uğrunda xalqımızın apardığı mübarizəni dayandıra bilmədi. Onun sözlərinə görə, əksinə, 20 Yanvar faciəsi xalqımızın istiqlaliyyət, milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni tarixi dövrə daxil oldu.

F.İbrahimli bildirib ki, Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi abidəsi hər bir azərbaycanlının ürəyində ucalır. Onun sözlərinə görə, xalqımızın ziyarət yerinə çevrilmiş Şəhidlər Xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiram və dövlətimiz tərəfindən verilən qiymətdir: “Şəhidlərin uğrunda canlarını qurban verdiyi Azərbaycan dövləti bu gün beynəlxalq münasibətlər sistemində söz sahibidir. Özünün daxili və xarici siyasəti ilə böyük uğurlar qazanan Azərbaycan regionda və dünyada iqtisadi qüdrətinə, siyasi sabitliyinə görə xüsusi nüfuz sahibinə çevrilib. Vaxtilə ”Yox millətimin imzası imzalar içində" deyə fəryad edib dünyasını dəyişən babalarımızın da ruhu şaddır. İndi dünyanın ən uca bayrağının dalğalandığı Azərbaycanın hər bir vətəndaşı “Var millətimin imzası imzalar içində!” sözünü qürurla deyə bilər".

“Bu hadisələr müstəqilliyə gedən yolun başlanğıcı oldu”

“20 Yanvar hadisələrində dinc insanların qətliamına baxmayaraq, sovet rejimi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar hadisələri müstəqilliyə gedən yolun başlanğıcı oldu”.

Bu fikirləri isə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov deyib.
R.Hüseynov bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin başçılıq etdiyi müstəqil Azərbaycan dövləti 1990-cı il yanvarın 20-də baş vermiş faciəli hadisənin qurbanlarının xatirəsinə həssaslıqla yanaşır. Azərbaycan tarixinin qanlı səhifələrindən birini təşkil edən 20 Yanvar hadisəsinə beynəlxalq aləmdə birmənalı qiymət verilməməsini xatırladan akademik ölkəmizə qarşı ikili standartlara yol verildiyini, müdhiş hadisə zamanı Ümummilli Lider Heydər Əliyevin çətinliklərə və təhlükələrə baxmayaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək faciəyə mövqeyini bildirdiyini, bu qətliamı törədən sovet rəhbərlərinin hərəkətini kəskin şəkildə pislədiyini diqqətə çatdırıb: “Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən 20 Yanvar hadisələrinə siyasi qiymət verilib. Eyni zamanda, 20 Yanvar şəhidlərinin ailələri dövlətin qayğısı ilə əhatə olunub”.

“20 Yanvar hadisələri tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsidir”

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov 20 Yanvar hadisələrini tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsi adlandırıb. O qeyd edib ki, həmin gün Azərbaycan xalqı özünün yenilməzliyini, müstəqillik uğrunda mübarizə əzminin sarsılmazlığını bütün dünyaya sübut edib.

Y.Mahmudov bildirib ki, 20 Yanvar faciəsində insanlar müstəqilliymiz uğrunda şəhid olublar. Onun sözlərinə görə, xalqımızın azadlıq uğrunda apardığı mücadilə öz nəticəsini verdi: “Bu hadisə sovet imperiyasının qaniçənliyini təsdiqləməklə yanaşı, həm də xalqımızın azadlıq əzminin sarsılmaz olduğunu sübuta yetirdi. Qanlı hadisəyə kəskin etiraz olaraq 1990-ci il yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, mətbuat konfransı keçirdi, hadisəyə siyasi qiymət verdi. Məhz həmin qətiyyətli mövqe respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə vurdu. O zaman nə Kreml rəhbərliyinə etiraz etmək, nə də 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi üçün təşəbbüs göstərilməsinə Ulu Öndərdən başqa heç bir siyasətçinin cəsarəti və qüdrəti çata bilməzdi. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra da, bu məsələni xüsusi diqqət mərkəzində saxladı. 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə parlament 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Bu gün Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil ölkəmiz sürətlə inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Ona görə də, şəhidlərimizin ruhu şaddır”.

“O günlərdə xalqımızın harayına ilk səs verən Ulu Öndər Heydər Əliyev oldu”

AMEA Naxçıvan Bölməsinin rəhbəri, Milli Məclisin deputatı, akademik İsmayıl Hacıyevin sözlərinə görə, 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdikləri qanlı cinayətlər, eyni zamanda, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə erməni silahlı dəstələrinin hücumları ilə müşayiət olundu: “Onların Sədərəyə və digər sərhəd kəndlərinə hücumu qanlı Yanvar aksiyasının tərkib hissəsi idi. Ancaq naxçıvanlılar düşmənin önündə mərdliklə dayandılar, şəhidlər verərək qədim Azərbaycan torpağını - Naxçıvanı qoruyub saxladılar. 20 Yanvar faciəsinin ertəsi günü uzaq Moskvada xalqının harayına ilk səs verən yenə Ümummilli Liderimiz Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də o zaman Moskvada yaşayan Ulu Öndər həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi. Baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və başda Mixail Qorbaçov olmaqla Bakıdakı terror aktının təşkilatçısı olan hakimiyyət nümayəndələrini və hərbiçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1990-cı il noyabrın 21-də məhz Ümummilli Liderimizin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi”.

İ.Hacıyev bildirib ki, daha sonra Azərbaycan prezidenti Heydər Əliyevin 1994-cü il yanvarın 5-də imzaladığı fərmanla Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verdi.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər