22 Yanvar 2015 10:31
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Con Kerrinin imzası olan şok sənəd üzə çıxdı

ABŞ senatorlarından Qorbaçova təlimat

ABŞ-ın hazırkı dövlət katibi Con Kerrinin də olduğu bir qrup Konqres üzvünün SSRİ-nin rəhbəri Mixail Qorbaçova ünvanladığı şok müraciəti ortaya çıxıb.

Müraciət 1990-cı il yanvarın 18-də edilib. Müraciətin mətnində amerikalı senatorların son 6 gün ərzində azərbaycanlılardan ibarət qruplar tərəfindən Azərbaycanda erməni əhalisinin qətlə yetirilməsi, Bakının erməni əhalisinin əmlakının qarət edilməsindən ciddi narahatlıq ifadə olunur. Bildirilir ki, öldürülən 60 nəfər və yaralanan 156 nəfərin əksəriyyəti ermənidir. Habelə son hadisələr nəticəsində 4000-dək erməninin qaçqın vəziyyətinə düşdüyü iddia edilir. Müraciətdə Qorbaçovdan bütün zəruri tədbirlərin görülməsi istənilir: "Biz erməni azlıqların qətlinin, o cümlədən bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün sizdən bütün zəruri tədbirlərin görülməsini xahiş edirik. Vətəndaş sülhünün bərpa olunması ilə yanaşı, ümid edirik ki, öz vətəninə getmək istəyi olan ermənilərin bu regiondan təhlükəsiz köçməsini təmin etmək də Sovet rəhbərliyinin məqsədi olacaq. Ümid edirik ki, siz həmçinin bir çox amerikalı və digər əcnəbilərin işləməyə davam etdikləri zəlzələ zonasında Qarabağ və Ermənistanın iqtisadi blokadasını aradan qaldıracaqsınız. Azərbaycan əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə çəkir. 70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni hüquqlarını məhdudlaşdırmağa, habelə region əhalisinin 60 faizini təşkil edən Dağlıq Qarabağ ermənilərinin iqtisadi diskriminasiyasına nail olub. Biz sizdən təkidlə xahiş edirik ki, baş verən faciəni Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll edəsiniz".

Müraciəti ABŞ-ın indiki dövlət katibi Con Kerri ilə yanaşı, senatorlar Pit Uilson, Pols Seymak, Larri Breksler, Kleyborn Pell kimi şəxslər də imzalayıblar.

Yanvarın 19-da isə Moskvada ABŞ Senatının xarici işlər üzrə alt komissiyasının sədri, senator Kleyborn Pell SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze ilə görüşüb. Söhbət əsnasında K.Pell deyib ki, Sovet rəhbərliyi Azərbaycana "erməni Qarabağ"ı üzərində gələcək nəzarəti həyata keçirməyə imkan verməməlidir: "Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də erməni talanlarından son dərəcə sarsılmışam. Sovet hökuməti erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet hökuməti həmçinin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalıdır. Dağlıq Qarabağ üzərində gələcək nəzarəti Azərbaycanın əlində saxlamasına icazə vermək vəziyyəti daha da gərginləşdirmək deməkdir".

ABŞ səfirliyi inkar etdi

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan Con Kerrinin adının hallandığı məktubu görmədiyini bəyan edib. O, mediada belə bir iddianın irəli sürüldüyündən xəbərdar olduğunu deyib: "Mən belə bir məktubu görməmişəm və bununla tanış deyiləm. Amma bir daha əsas diqqəti ona yönəltmək istəyirəm ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini birmənalı şəkildə dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli mövqeyinə sadiqdir".

"Onlar üçün ədalət yox, karyera maraqlı idi"

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadə M.Qorbaçova olan müraciətə münasibətini açıqlayıb. O deyib ki, Qorbaçova müraciət edən senatorlar üçün ədalət, yaxud ABŞ marağı yox, özlərinin seçki kampaniyası və karyerası maraqlı idi: "Onlar, bəlkə də, həmin vaxt Bakının harada yerləşdiyini bilmirdilər. Erməni millətçi dairələrinə bağlı olduqlarına, seçki kampaniyalarında onların resurslarından istifadə etdiklərinə görə həmin müraciəti edirdilər. Nədənsə Ermənistanda yaşayan 200 min azərbaycanlı oradan qovulanda, evləri dağılanda, minlərlə insan öldürüləndə SSRİ rəhbərliyi Ermənistanda fövqəladə vəziyyət elan etmək və azərbaycanlı vətəndaşları qorumaq həvəsinə düşməmişdi. Aydın məsələdir ki, bunun içində böyük siyasi riyakarlıq, Azərbaycan xalqına qarşı böyük bir qəsd əhval-ruhiyyəsi dururdu ki, bu da 20 yanvarda baş verdi".

O əlavə edib ki, həm Dağlıq Qarabağ məsələsi, həm də 20 Yanvar hadisələri bir mərkəzdən idarə olunurdu: "Bizə qəribə gələ bilər, ancaq əslində isə erməni diaspor təşkilatlarının necə oturuşmuş bir struktur olduğu, onların ayrı-ayrı ölkələrdə öz tərəfdarlarını vahid bir məqsəd üçün nə cür yönəltdikləri aydın məsələ idi. 1990-cı il 20 Yanvar hadisələrini erməni millətçi dairələri və onların təsiri altında olan SSRİ siyasi rəhbəriyi törətmişdi".

"Qorbaçov Qarabağı "Artsax" adlandırırdı"

Aydın Mirzəzadə söyləyib ki, həmin hadisələrin törədilməsində məqsəd Azərbaycan xalqının gözünü qorxutmaq, onun ərazi bütövlüyü uğrunda mübarizəsini dayandırmaq və Azərbaycanla Türkiyə hesabına Ermənistan ərazilərini genişləndirməkdən ibarət idi. "Bunun üçün mümkün olan və olmayan variantlardan istifadə edilirdi. Mixail Qorbaçov o dövrdə özünün erməni sevgisi ilə tanınırdı. Onun köməkçilərinin ikisi erməni idi. Rəhbərlik etdiyi Mərkəzi Komitənin iki vacib şöbəsinin müdiri erməni idi. Dövlət Plan Komitəsinin sədrinin birinci müavini erməni idi. Onun vaxtaşırı erməni millətçi ziyalıları ilə görüşləri olurdu. Hətta 1989-cu ildə Ermənistanda zəlzələ olanda Qorbaçov oraya getmişdi. O, erməni ziyalıları ilə görüşdə Qarabağı "Artsax" adlandırmışdı. Bu, erməni ictimaiyyətinə çox xoş gəlmişdi. 1990-cı ilin 20 yanvarı təxmini seçilmişdi. Başqa bir gündə, başqa bir ildə də ola bilərdi. Amma bu hadisə mütləq baş verməli idi. Çox maraqlıdır ki, daxili məsələ olduğu halda, Bakıdakı qırğına SSRİ-nin müdafiə naziri Dmitri Yazov rəhbərlik edirdi. Yazov bu yaxınlarda etiraf elədi ki, nədənsə, o vaxt Dövlət Təhlükəsizlik Komitəsinin sədri və daxili işlər naziri deyil, müdafiə naziri göndərilmişdi. Deyirdi ki, mən ölkəni xarici düşməndən qorumalı idim. Daxili işlərə mənim nə aidiyyatım var? Bu məqsədyönlü şəkildə edilirdi", - millət vəkili qeyd edib.

O hesab edir ki, əgər həmin dövrdə Azərbaycan SSRİ rəhbərləri Vəzirov və Mütəllibov vətənpərvər olsaydı, əllərində olan imkandan istifadə edib qırğının qarşısını ala bilərdilər: "Əslində, onlar bunun iştirakçısı oldular. Bu məsələdə Moskvanın siyasətini həyata keçirdilər. 1988-ci ildə Ulu Öndər Heydər Əliyevin böyük siyasətdən uzaqlaşdırılması ilə Azərbaycana qarşı kampaniya sürət qazandı. Ancaq nəticə nə oldu? Həmin hadisədən 25 il keçib. Qorbaçov da, Yazov da, o birilər də geniş ictimaiyyətin suallarına cavab verməli olurlar. İndiyə qədər öz məsuliyyətlərinin altından qaçmağa çalışırlar. Erməni millətçilərinin qurduğu müstəqil Ermənistan dövləti əlini açıb bütün dünyadan pul dilənir. Ancaq üstünə gedilən, əhalisi qırılan, torpağının bir hissəsi işğal edilən Azərbaycan isə BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bu gün kosmik dövlətlər klubunun üzvüdür. Azərbaycan öz inkişafı ilə bütün dünyaya yaxşı bir nümunədir. Tarix kimin düzgün olduğunu çox obyektiv şəkildə ortaya qoyur", - Mirzəzadə vurğulayıb.

"Kerrinin anti-Azərbaycan çıxışlarının elementləri həmin dövrdən yaranıb"

Komitə üzvü Azərbaycana qarşı beynəlxalq səviyyədə qərəzin hələ o vaxtdan olduğunu da xatırladıb: "Erməni lobbisi ABŞ-da uzun müddət fəaliyyət göstərib. Onlar Azərbaycanın beynəlxalq çıxışının olmamasından istifadə edərək yalan təbliğat aparıblar. Nəticədə bu cür faktlar baş verib. Digər tərəfdən, bir sıra konqresmenlər indi olduğu kimi, o vaxt da pul, yaxud nəyinsə müqabilində ümumi siyasi kursu qurban veriblər. Bu gün Azərbaycana qarşı qərəzli tənqidləri ilə çıxış edənlərin mövqeyi 25 il öncədən formalaşıb. Con Kerrinin də anti-Azərbaycan çıxışlarının elementləri həmin dövrdən yaranıb. Lakin Azərbaycan artıq həmin ölkə deyil. Azərbaycan bu gün güclü və dünyanın qəbul etdiyi dövlətdir. Şəxsi maraqlarını düşünən, erməni lobbisinin əlaltılarına çevrilən konqresmenlərin canfəşanlığına baxmayaraq, Azərbaycanı heç bir qüvvə sarsıda bilməz", - deyə millət vəkili qeyd edib.

"Con Kerrinin vəzifəyə gəlməsində erməni lobbisinin dəstəyi olub"

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Dağlıq Qarabağın Azərbaycanlı icması İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev deyib ki, Con Kerrinin Azərbaycana qarşı qərəzinin 25 il tarixi var.

Onun sözlərinə görə, erməni lobbisinin təsirinə düşən konqresmenlər, vəzifəli şəxslər birtərəfli mövqedən çıxış ediblər: "Bu müraciət ABŞ-ın, xüsusilə, bəzi amerikalı konqresmenlərin ədalətsiz mövqeyini bir daha göstərir. Əsl həqiqət Azərbaycan torpaqlarının işğalı, bir milyondan artıq qaçqın və məcburi köçkünün olması, Xocalı soyqırımının törədilməsidir. Bu faktları həmin adamlar görməlidir. Biz bu istiqamətdə çalışırıq. Lakin təəssüflər olsun ki, bəzi insanlar bunu görmək istəmir. Con Kerrinin özü erməni lobbisi ilə sıx əlaqədə olan adamdır. Onun vəzifəyə gəlməsində bu lobbinin dəstəyi olub. Lakin dövlət katibi vəzifəsini daşıyan adamın şəxsi maraqlardan doğan qərəzli mövqeyi ABŞ-ın öz maraqlarına zərbə vurur", - deyə o bildirib.

"Kerri bizimlə görüşməlidir"

R.Rzayev Dağlıq Qarabağın azərbaycanlı icmasının bu konqresmenlərlə görüşmək istədiyini bildirib: "İstəyirik ki, Con Kerrinin özü və həmin konqresmenlər bizimlə görüşsün və mövqeyimizi dinləsin. Onlar bunu etməlidir".

"Kerri dövlət katibi olandan bəri ABŞ-ın nüfuzu az qala sıfıra enib"

Millət vəkili, professor Musa Qasımlı qeyd edib ki, sözügedən müraciəti təhlil edərkən ilk növbədə belə bir suala cavab vermək gərəkir: "Müraciəti imzalayanlar o dövrdə Azərbaycanın, Ermənistanın harada yerləşdiyini bilirdilərmi".

Tarix elmləri doktoru ünvanlandığı suala cavabda söyləyib ki, heç şübhəsiz o senatorlar bu barədə bilmirdilər: "Həmin dövrdə Azərbaycan da, Ermənistan da müstəqil deyildi, SSRİ-nin tərkib hissəsi idilər. Belə olan təqdirdə soruşulur: Con Kerri və digərləri belə bir müraciəti edərkən hansı motivləri əsas götürüblər? Onlar ilk növbədə ermənilərin maraqlarını ifadə ediblər. ABŞ siyasi sistemini bilən hər bir şəxsə aydındır ki, istənilən senator və ya konqresmen heç bir zaman maliyyə və digər maraqları təmin edilmədən elə bir sənədə hissiyyatla qol çəkməzdi. Belə bir şəxsin bu gün Birləşmiş Ştatların xarici siyasətinə rəhbərlik etməsi ölkənin beynəlxalq nüfuzunu düşürür. Con Kerri Birləşmiş Ştatların dövlət katibi olandan bəri ABŞ-ın nüfuzu az qala sıfıra enib. ABŞ-a kimsə hörmət və etibar etmir, inanmır və ABŞ-ı arzuolunmaz qonaq hesab edir. Bütün bunlar hamısı Con Kerrinin həyata keçirdiyi və ABŞ milli maraqlarına xələl gətirən xarici siyasətin təzahürüdür. ABŞ-ın maraqları Ermənistanı müdafiə etməkdə deyil, bu, yanlış addımdır, ikili standartdır. Şübhəsiz belə bir müraciətin arxasında korporativ maraqlar dayanır".

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər