Sabir Rüstəmxanlı: “Rəsulzadə yazıları ilə də millətinə xidmət göstərən qeyri-adi bir şəxsiyyətdir”
Fəzail İbrahimli: “Bu insanın içindəki potensial, qanındakı millilik, ruhundakı dirilik onu hər zaman üzdə göstərirdi”
Bu gün Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Milli Şurasının ilk sədri, Azərbaycan Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 131-ci ildönümü tamam olur.
Ömürlüyü
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdiri olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsuli-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsuli-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. M.Ə.Rəsulzadə gənc yaşlarında sosial-demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edib. “Müsəlman demokratik ”Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da az sonra İranda qurulub və burada başlamış məşrutə inqilabına istiqamətverici rəhbər qüvvəyə çevrilib. Rəsulzadə bir müddət İranda “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
M.Ə.Rəsulzadə 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli xan Xoyski ilə birgə Şərqdə ilk demokratik respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra İosif Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni birdəfəlik tərk edib. 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib. M.Ə.Rəsulzadə görkəmli ictimai-siyasi xadim olmaqla yanaşı, həm də tarix, ədəbiyyat, türkçülük və sair sahələrlə bağlı çoxsaylı məqalələr müəllifidir.
130 illiyi dövlət səviyyəsində qeyd edilib
Qeyd edək ki, ötən il M.Ə.Rəsulzadənin anadan olmasının 130 illiyi dövlət səviyyəsində qeyd edilib. Həmin yubiley tədbirləri Prezident İlham Əliyevin 2013-cü il noyabrın 22-də imzaladığı tədbirlər planına uyğun olaraq keçirilmişdi. M.Ə.Rəsulzadə sərəncamda “xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim” adlandırılıb. Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə ona həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb. Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub. Ötən il bu məqsədlə çoxsaylı tədbirlər keçirilib, elmi-praktik konfranslar düzənlənib. Onu da xatırladaq ki, 1994-cü ildə Azərbaycan Prezidenti, Ümummilli Lider Heydər Əliyev tərəfindən M.Ə.Rəsulzadənin 110 illik yubileyi ilə əlaqədar sərəncam verilib. 2013-cü ildə verilən sərəncam M.Ə.Rəsulzadənin nəvəsi, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri Rais Azər oğlu Rəsulzadə tərəfindən yüksək qiymətləndirilib, sərəncamın bütün Azərbaycan xalqının sevincinə səbəb olduğu bildirilib. Qeyd olunub ki, bu sərəncam Prezident İlham Əliyevin mənəviyyatımıza, mədəniyyətimizə, tarixi-dövlətçilik ənənələrimizə, istiqlal ideyalarına verilən bir töhfə, Xalq Cümhuriyyətinin banilərinə verilən layiqli qiymətdir.
Bəs, M.Ə.Rəsulzadənin Azərbaycan tarixindəki yeri və rolu nədən ibarətdir? Rəsulzadə irsinə qayğının ifadəsi olan 2013-cü ildə imzalanmış sərəncam, ümumiyyətlə, Prezident İlham Əliyevin AXC qurucularının xatirəsinin əbədiləşdirilməsi istiqamətində imzaladığı digər fərman və sərəncamları nə cür qiymətləndirilir?
“Beş dahimizin biri Rəsulzadədir”
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib ki, Azərbaycanda tariximiz boyu bir neçə dahi yetişibsə, onun biri Rəsulzadədir. Onun sözlərinə görə, M.Ə.Rəsulzadə təkcə Azərbaycan üçün deyil, bütün Şərq üçün, bu gün SSRİ-dən qopmuş respublikalar üçün yol açan, örnək olan bir insandır: “Rəsulzadə milli ərazilər üzrə muxtariyyətin tərəfdarı idi. O, bu istəyini Rusiya müsəlmanlarının konfranslarında qəbul etdirmişdi. Nəticədə quberniya sisteminin əvəzində başqa bir sistem qəbul olunmuşdu ki, həmin sistemin sayəsində Azərbaycan, eləcə də Rusiya imperiyasından və sonradan keçmiş SSRİ-dən qopan ölkələr öz milli ərazilərinin sahibi olmuşdu. Yəni, bu böyük bir xidmət idi. Təkcə elə buna görə Məhəmməd Əmin Rəsulzadənin Şərq və Azərbaycan tarixində xüsusi rolu var. Eyni zamanda Rəsulzadə bizim milli ideologiyamızın yaradıcılarından biridir. Hansı ki, həmin ideologiya əsasında milli dövlət quruculuğu prosesi həyata keçirilmişdi. Bunun ardınca Rəsulzadə bir sıra Avropa ölkələrində ardıcıl fəaliyyət göstərib, Azərbaycanın haqlarının dünyaya çatdırılmasında illər uzunu, ömrünün axırınadək mübarizə aparıb”.
S.Rüstəmxanlı qeyd edib ki, bunların hamısından əlavə M.Ə.Rəsulzadə həcmi hələ də tam müəyyənləşməmiş son dərəcə dərin, həm ədəbi, həm də siyasi sahədə böyük bir yaradıcılığın sahibidir: “Həm də ictimai fikrimizin inkişafına, öz yazıları ilə millətinə xidmət göstərən qeyri-adi bir şəxsiyyətdir. Rəsulzadəsiz XX əsr Azərbaycan ədəbiyyatını, ictimai fikrini, Azərbaycanın müstəqilliyini, bugünkü dövlətimiz, təsəvvür etmək mümkün deyil”.
“O, həyatını Azərbaycanın müstəqilliyinə həsr etmişdi”
Milli Məclisin deputatı, tarixçi-professor Fəzail İbrahimli də Rəsulzadənin Azərbaycan tarixinin ən görkəmli, böyük şəxsiyyətlərindən biri olduğunu bildirib. O, qeyd edib ki, Rəsulzadə həyatını, övladını, varlığını, düşüncəsini bu millətə sərf etmiş bir insandır: “Onun üçün bir Azərbaycan məfkurəsi var idi və dünyasını dəyişərkən üç dəfə ”Azərbaycan" demişdi. Məmməd Əmin Rəsulzadə bu dünyadan nakam getdi. Çünki öz amalına qovuşa bilmədi. Azərbaycanın bugünkü müstəqilliyini görə bilmədi. O, özünün bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr etmişdi".
F.İbrahimli qeyd edib ki, bütün bunlar öz yerində, sadəcə olaraq, bu gün bəzi məsələlər qarışdırılır: “Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən danışarkən birini digərinə qarşı qoymaq, boy sırasına düzmək, birini hündür, digərini bəstəboy görmək siyasi cəhətdən yanlış yanaşmadır. Azərbaycan Xalq Cümhuriyyəti tarixini, o dövrdəki ictimai-siyasi prosesləri bilmədən, beynəlxalq münasibətlər sistemindəki dəyişikliyi bilmədən Rəsulzadəyə yanaşmaq yanlış olmalıdır. Əgər biz o dövrün cümhuriyyət liderlərini bir insana bənzətsək, Rəsulzadə onun düşünən başı olub”.
F.İbrahimli qeyd edib ki, Rəsulzadə və silahdaşları Azərbaycanın şərəf və ləyaqət tarixini yaradanlardır: “Bugünkü müstəqil Azərbaycan həmin cümhuriyyətin varisidir. Ovaxtkı cümhuriyyət olmasaydı, bugünkü Azərbaycanın hansı sərhədlər daxilində, necə olacağı sual işarəsi altında olacaqdı. Ona görə də cümhuriyyəti quranların hamısına birmənalı olaraq kompleks münasibət bəslənməlidir. Rəsulzadəni fərqləndirən cəhət onun xarakteri idi. Onun xarakterində qəribə barışmazlıq, təpərli olmaq var idi. Məsələn, o, AXC süqut edən zaman işğal bəyannaməsinə imza atmamışdı. Yaxud, Azərbaycan Milli Şurası yaradılan zaman orada əksəriyyətinin, demək olar hamısının ali təhsilli insan olmalarına baxmayaraq məhz Məhəmməd Əmin Rəsulzadəni Milli Şuranın sədri seçirlər. Bu insanın içindəki potensial, qanındakı millilik, ruhundakı dirilik onu hər zaman üzdə göstərirdi. Milli Şuranın sədri olaraq Rəsulzadə hər zaman tarixi taleyinə dair məsələlər öz imzasını atdı. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq varlığı dövründə Rəsulzadə Azərbaycanın istiqlalının davamlı olması üçün varlığını sərf etdi”.
Səxavət HƏMİD