13 Mart 2015 14:25
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilçilik İnstitutu saytlarda apardığı monitorinqin nəticələrini açıqladı

AMEA Dilçilik İnstitutu ölkədə fəaliyyət göstərən saytlarda apardığı monitorinqlə bağlı mətbuat konfransı keçirdi. Monitorinq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində baş tutub.

İnstitutun direktoru, akademik Tofiq Hacıyev çıxışında bildirdi ki, son zamanlar Azərbaycan dilinin problemlərindən danışanların sayı çoxalıb, amma bu, dil qüsurlarının aradan qaldırılmasına gətirib çıxarmayıb. Tofiq Hacıyevin sözlərinə görə, əcnəbi sözlərə meyl günü bu gün də güclüdür, buna baxmayaraq, mətbuat və televiziyada ana dilinin təmizliyi ilə bağlı polemika və söhbətlərin aparılması yaxşı haldır.

Orfoqrafiya lüğətində nöqsanlar var

Ana dili ilə bağlı məsələnin iki mərtəbədən ibarət olduğunu bildirən direktorun sözlərinə görə, birinci mərtəbəyə aid olan xalq danışıq dili ilə ikinciyə aid dövlət dili arasında anlaşma mövcuddur: “Dillə bağlı verilən sərəncam və qərarlar, “Dövlət dili haqqında” qanunun qəbulu dilimizə qayğının göstəricisidir. Bəzən mətbuat və qeyri sahələr ana dilimizin problemlərində günahı Dilçilik İnstitutunun üzərinə atır. Halbuki dil xalqındır, onun qayğısını çəkmək hamımızın borcudur.

Doğrudur, institutun fəaliyyətində də nöqsanlar tapmaq olar. Məsələn, orfoqrafik lüğətdə xeyli nöqsanlar var ki, hazırda onların aradan qaldırılması üçün işlər görülür”.

“Qaynar xətt” məlumat mərkəzinə çevriləcək

Dilçilik İnstitutunda görülən işlərdən danışan akademik dedi ki, mart ayında Naxçıvanın dialektoloji atlası çapdan çıxacaq, daha sonra Qarabağ dialektoloji atlası hazırlanacaq: “Artıq “Qaynar xətt” xidməti ilə bağlı işlər yekunlaşıb, yaxın zamanda bu xidmət fəaliyyətə başlayacaq. Müəyyən mərhələdən sonra “Qaynar xətt” xidməti dillə bağlı telefon məlumat mərkəzinə çevriləcək, buna isə əlavə vəsait, ştat ayrılmalıdır. “Qaynar xətt” xidməti fəaliyyət göstərdikcə funksionallığını genişləndirəcək”.

Saytların monitorinqinə toxunan Tofiq Hacıyev bildirdi ki, indi insanların kitab mütaliəsinə marağı xeyli azalıb, saytları oxuyanlar isə kifayət qədər çoxdur: “Buna görə, saytların dilinin təmiz olması son dərəcə vacibdir”.

“Monitorinqdə gülməli cümlələrə rast gəldik”

İnstitutun monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətləri və hazırda görülən işlərdən söz aşdı. Bildirdi ki, 4 aya yaxın müddətdə 15-ə yaxın saytın dilinin monitorinqi aparılıb, bu işdə dövlət və qeyri-hökumət təşkilatlarının müasir metodikalarından bəhrələniblər: “Saytlarda materialların uzun müddət qalması işimiz asanlaşdırsa da, onların çoxluğu prosesi uzadan amil oldu. Biz dili daha anlaşıqlı olan 15 saytı monitorinqə cəlb etdik. Həmin saytları 3 yerə böldük.

Birinci qrupa dildən peşəkar istifadə edən saytları, ikinciyə dil normalarına müəyyən qədər əməl edənləri, üçüncüyə isə dili çox bərbad olanları daxil etdik. Təəssüf, üçüncü kateqoriyaya aid saytlar çoxluq təşkil etdi ki, bu saytlarda materiallar ya redaktəsiz verilir, ya da düzgün redaktə olunmur.

Məsələn, sayt var ki, “snayperçi qız”, yaxud “repartyorçu oğlan” ifadəsi işlədir. Monitorinq zamanı gülməli cümlələrə də rast gəldik: “Nuriyevanın ötən ilin oktyabrında uşaq dünyaya gətirməsi ilə əlaqədar Ədliyyə Nazirliyi ilə birgə müvafiq tədbirlər həyata keçirilib”.

Min informasıyadan 500 səhv aşkarlanıb

Qulu Məhərrəmli Azərbaycan dilində sadə və anlaşıqlı yazmaqla informasiyanı dolğun şəkildə oxuculara çatdırmağın daha uğurlu yol olduğunu vurğuladı: “Orfoqrafik səhvlərin monitorinqini aparmadıq, çünki sayta daxil olanda xüsusi işarə vasitəsilə buraxılmış hərf səhvini görmək və onu düzəltmək mümkündür. Məntiqi səhvləri, məna uyğunsuzluğu olan cümlələri isə düzəltmək mümkün deyil. Apardığımız araşdırmada 1000-ə yaxın informasiyada 500 səhv tapılıb. Biz onlardan ən xarakterik olanları seçib məruzəyə daxil etmişik”.

Dünyada 500 dil məhv olmaq təhlükəsində

Saytların dili üzərində aparılan monitorinq barədə institutun aparıcı elmi işçisi Nəzakət Qaziyeva çıxış etdi.

Nəzakət Qazıyeva bildirdi ki, məqsəd saytlarda ədəbi dil normalarında pozulma hallarının üzə çıxarılması, onların statistik baxımdan araşdırılması və aradan qaldırılması istiqamətində təkliflərin irəli sürülməsidir: “Vəzifəmiz dilimizi qloballaşmanın mənfi təsirlərindən qorumaqdır. Statistikaya görə, dünyada 6700-dən artıq dil qeydə alınıb ki, onlardan 500-ə qədəri məhv olmaq təhlükəsi qarşısındadır. Yer kürəsində ünsiyyət üçün təxminən 40 dildən istifadə edilir. Dünyada gedən proseslər məhz ingilis dilinin qlobal ünsiyyət vasitəsi olacağını hiss etdirir.

Dünyada ingilis mədəniyyətini yayanlardan biri – dilçi Devid Qredl yaxın 10 il ərzində dünyada 2 milyarda yaxın insanın ingilisdilli olacağını proqnozlaşdırıb. Amma o, etiraf edib ki, yeni yaranan variant əsl ingilis dilini sıxışdıra bilər. Geniş yayılmış ingilis dili üçün real təhlükə olduğu zamanda Azərbaycan dilini inkişaf etdirmək və mühafizə eləmək də bizim borcumuzdur”.

Mənası anlaşılmayan cümlələr

Məruzəçinin sözlərinə görə, monitorinqi aparılmış saytlarda bir cümlə daxilində müxtəlif zaman formalarından istifadə, cümlədə idarə əlaqəsinin itməsi, leksik baxımdan dil normalarının pozulması kimi hallara daha çox rast gəlinib: “Mənası anlaşılmayan cümlələr həddən artıq çoxdur. Bunun əsas səbəbi müxtəlif istiqamətli norma pozuntularının bir cümlədə olması, digər səbəb tərcümədən yaranan məna problemidir”.

Nəzakət Qazıyeva monitorinq zamanı ən çox leksik səhvlər aşkarlandığını bildirdi: “29 faiz leksik, 28 faiz fonetik, 21 faiz üslubi, 19 faiz qrammatik səhvlər aşkarlanıb”.

O, saytların dilində orfoqrafik normaların pozulması hallarının qarşısını almaq üçün “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən istifadəni təklif etdi.

Tofiq Hacıyev nöqsan aşkarlanan saytların rəhbərliyi ilə söhbətlər aparılacağını bildirdi: “Biz nöqsanları aşkarlayırıq, sayt rəhbərləri də nəticə çıxarmalıdır. Bu nöqsanlar heç kimin xətrinə dəyməmlidir. Xalqla xalqın dilində danışmaq borcumuzdur”.

Televiziyalarda vəziyyət daha dəhşətlidir

Qulu Məhərrəmlinin sözlərinə görə, bir aydan sonra televiziyalarla bağlı monitorinqlərin nəticələri açıqlanacaq: “Telekanallarda vəziyyət daha dəhşətlidir. Biz iki dəfə Teleradio Şurası ilə birgə monitorinq aparmışıq, bu, üçüncüdür. Bu dəfə aparıcı rolu bizim institut oynayacaq.

Bundan başqa, ixtisaslaşmış saytların monitorinqi üzərində də iş gedir. 15-20 qəzet arasında monitorinq aparmaq nəzərdə tutulub. Küçə reklamları ilə bağlı monitorinqlər davam edir və bu araşdırmanın nəticələri sonrakı mərhələdə acılanacaq”.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər