“Dövlət iqtisadi baxımdan zəif olanda təsir altına düşür”
“Dağlıq Qarabağ münaqişəsi iqtisadiyyatın inkişafına mane olsa da, Azərbaycan müstəqillik illərində iqtisadiyyatını inkişaf etdirib”.
APA-nın məlumatına görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatı neftdən 30 faiz asılıdır: “Azərbaycan sərmayələrə açıq dövlətdir. Son illər ölkəyə 70 milyard dollara qədər vəsait yatırılıb. Biz rəqabətə davamlılıq baxımından dünyada 30-cu yerdəyik. Biz demək olar ki, işsizliyi aradan qaldıra bilmişik, işsizlik 5 faizə enib. Yoxsulluq da 49 faizdən 5 faizə enib. Enerji resurslarından əldə edilən gəlirlərdə, dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq öz rolunu oynayır. Hökumətimiz texnologiyalar, kənd təsərrüfatını inkişaf etdirir. Azərbaycanın iki peyki var, kosmik sənaye inkişaf edir”.
Prezident bəyan edib ki, islahatlar heç vaxt dayandırılmayacaq: “Əlimizdən gələni etməliyik ki, dövlətçiliyimizi gücləndirək. Dövlət iqtisadi baxımdan zəifdirsə, təsir altına düşürsünüz. Azərbaycan xarici təsirlərdən özünü müdafiə edir. Bu gün biz müstəqilik və müstəqilliyimizi müdafiə etməliyik. Bizim seçimimiz demokratiya, sülh, multikulturalizm, əməkdaşlıqdır”.