Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Siyasi partiyaların Avropa Olimpiya Oyunlarına münasibəti” mövzusunda müzakirələr keçirilir.
Görüşdə iqtidarı Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, müxalifəti isə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətənaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbəhsi Partiyasının sədr müavini Söhrab Abdullayev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli təmsil edir.
Dialoqa AXCP və Müsavat Partiyaları dəvət olunsa da, onlar görüşə qatılmaqdan imtina edib.
Qeyd edək ki, bu, tərəflərin sayca 3-cü görüşüdür. Fevral ayında baş tutan ikinci görüşdə dialoqun mütəmadı davam etdirilməsi və hər iki aydan bir görüşün keçirilməsi qərar alınıb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlər üçün verdiyi açıqlamada qeyd edib ki, Azərbaycan dövlətinin maraqlarının formalaşmasında opponentlərin də rəylərinin nəzərə alınmasını istəyirlər.
"Ayrı-ayrı təşkilatların, QHT-lərin rəyləri media vasitəsilə bəlli olsa da siyasi partiyaların rəyi mühüm əhəmiyyət kəsb edir. Keçən görüşdən sonra mövzu məsələsi gündəmə gəlmişdi ki, tərəflər müzakirə edib, bunu razılaşdırılsın. 3 ay ərzində bəzi təkliflər daxil oldu və biz bunları saf-çürük etdik. Hamının marağını kəsb edəcək ciddi təklif daxil olmamışdı. Yeganə ciddi təklif “Azadlıq 2015” blokunun seçkiləri müzakirə etmək barədə təklif idi. Hazırda buna lüzum da görmürük ki, siyasi partiyalarla seçki islahatları və seçkini müzakirə edək. Ona görə də bu mövzudan vaz keçdik.
Azərbaycan cəmiyyətini daha çox maraqlandıran Avropa Oyunlarının keçirilməsi və onun təşkilatı məsələləridir. Düşünürəm ki, cəmiyyətin siyasi institutuları da bundan kənarda qalmamalıdır.
Ə.Həsənov təklif edib ki, görüşlərdə əsas müzakirə mövzusu ilə yanaşı cari məsələlər də əlavə edilsin.
“Həmçinin digər partiyaları da maraqlandıran məsələri müzakirə edək. Təklif edirəm ki hər görüşün gündəminə cari məsələrin də müzakirəsini əlavə edək. Yəni buradakı partiyaların hansısa təklifini dəyərləndirək”.