4 İyun 2015 11:08
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məmməd Əlizadə: “Həmin vaxt Azərbaycanı parçalanmaqdan Ümummili Lider Heydər Əliyev qurtardı”

Bu gün 1993-cü ilin 4 iyununda Gəncədə keçmiş briqada komandiri Surət Hüseynovun başlatdığı qiyamın 22 ili tamam olur.

Həmin tarixdə S.Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun qiyamçı dəstəsi tərəfindən girov götürülüb.

Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.

8 iyunda Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıblar. Bu zaman prezident Əbülfəz Elçibəy vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edib.

Qeyd edək ki, 4 iyunda Bakıdan Gəncəyə gedən baş prokuror İxtiyar Şirin, milli təhlükəsizlik nazirinin I müavini Sülhəddin Əkbər qiyamçılar tərəfindən həbs edilib, baş prokuror tərəfindən qanuni prezident Elçibəyin həbsinə dair sanksiya imzalanıb. Bakıdan qiyamı yatırmaq üçün Gəncəyə göndərilən hərbi qüvvələr isə qiyamın qarşısını ala bilməyib. Həmin ərəfədə qiyamın qarşısını almaq üçün AXC hökumətinin Gəncəyə göndərdiyi hərbi qüvvələrin başında kənd təsərrüfatı naziri Tofiq Hüseynov olub. Başqa sözlə, prezident Elçibəy öz komandasında artıq heç kimə etibar etməyib. Lakin bütün bu tədbirlər qiyamın qarşısını almağa bəs etməyib və nəticədə AXC-Müsavat hakimiyyəti iqtidardan getməli olub.

Həmin dövrdə hadisələri canlı izləyən siyasətçi Məmməd Əlizadə deyir ki, belə bir qiyamın olacağı artıq yanvardan hiss olunmağa başlamışdı. Onun sözlərinə görə, Azərbaycanda daima zaman və şəxsiyyət problem müşahidə olunurdu:

“Müstəqillik əldə etdikdən sonra lider problemi xalqın ziyanına işlədi. Mütəllibov hakimiyyətə gəldi, az sonra ölkə parçalanmaq həddinə çatdı. Bu zaman Azərbaycan Xalq Cəbhəsi önə çıxaraq hakimiyyəti götürdü. Onlar bir il müddətində xarici və daxili siyasətdə elə səhvlər buraxdılar ki, bununla da Surət Hüseynov və Ələkrəm Hümmətov kimi şəxslərin formalaşmasını təmin etdilər. 4 iyunda isə Surət Gəncədə qiyam qaldırdı, AXC hakimiyyətindən tələb etdi ki, iqtidardan getsin. Bu zaman Əbülfəz Elçibəy Azərbaycanı gözləyən bəlalardan xilas etmək üçün Heydər Əliyevi Bakıya dəvət etdi. Bu faktiki olaraq ölkənin gələcəyinin böyük şəxsiyyətə etibar edilməsi idi və həm də doğru qərar idi. 4 iyun hadisələri ərəfəsində Azərbaycanı parçalanmaqdan ümummili lider Heydər Əliyev qurtardı”.

M.Əlizadə qeyd edib ki, AXC hakimiyyətinin Gəncə qiyamının qarşısını almaq üçün resursu, dövlətçilik təcrübəsi və iradəsi yox idi: “AXC iqtidarı bu prosesin qarşısını ala bilməzdi. Surət Hüseynovu onlar yetişdirmişdi. Həm də, qiyamın qarşısını almaq üçün dövlətçilik təcrübəsi, qətiyyət və milli maraqları vəzifədən üstün tutmaq lazım idi. Bu isə AXC iqtidarında yox idi. Gəncədə qiyamdan sonra AXC-nin güc strukturları bəyan etdi ki, qiyama müdaxilə etməyəcək, çünki bu siyasi məsələdir. Əlbəttə, buna səbəb odur ki, həmin vəzifələrdə mütəxəssislər deyil, təsədüfi şəxslər oturmuşdu. Dövləti və dövlətçiliyi sevən, anlayan insanlar bu vəzifələrdə olsaydı belə bəyanat verməzdilər. Baş prokuror Gəncədə prezidentin həbsinə dair sanksiya vermişdi. Bunlar dövlətçiliyi anlamayan adamlar idi. Elə bilirdilər ki, dövlət öz-özünü müdafiə edəcək, bunların dövləti müdafiə etməsinə, qorumasına ehtiyac yoxdur. Əslində, hüquq mühafizə orqanlarının məlum bəyanatı növbəti qiyam idi. Milli Azadlıq Hərəkatı zamanı AXC radikallar və liberallara bölünmüşdü. Sonradan bu prinsipiallıq və bir-birini qəbul etməmək ali dövlət kürsülərinə qədər daşındı. AXC iqtidarının daxilində bir neçə qrup var idi və bir-birlərinə qarşı fəaliyyət göstərirdi. Qiyam günü Ali Sovetdə liberallarla radikallar bir-birini ittiham edirdi. Vahid komanda artıq yox idi. Təcrübə, operativ gedişlər isə ümumiyyətlə yox idi. Dövlətçilik ciddi təhlükəyə salındı, məhv olma ərəfəsinə gəlib çıxdı. Məhz bu zaman lider problem dövlətin və millətin xeyrinə həll edildi. Heydər Əliyevin Bakıya gəlməsi ilə bu dağıdıcı prosesə son qoyuldu, Azərbaycan ən təhlükəli ssenarilərdən xilas edildi”.

CAVİDAN


Müəllif: