11 İyul 2015 11:11
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət başçısı: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir”

“Milan Expo 2015" Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda ”Milli gün" təşkil olunub. “Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib. Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Tədbirə, həmçinin İtaliya hökumətinin nümayəndələri, ictimai xadimlər, bu ölkədəki diplomatik korpusun təmsilçiləri və digər nüfuzlu qonaqlar da qatılıblar.

“Azərbaycan sərginin ən fəal iştirakçılarından olub”

“Milan Expo 2015" sərgisinin baş direktoru Bruno Antonio Pasquino bildirib ki, Azərbaycan ”Expo"ya üçüncü olaraq qoşulmuş ilk ölkələr sırasındadır və sərgiyə hazırlıq mərhələsində ən fəal iştirakçılardan biri olub: “Pavilyonda Azərbaycanın iqlimi, təbiəti, gözəl adət-ənənələri, mətbəxinizin ləziz yeməkləri əks olunur. Bununla yanaşı, Azərbaycan xalqının çox səmimi və ənənəvi qonaqpərvərliyi hərtərəfli şəkildə nümayiş etdirilir. Öz quruluşu və mənasına görə yüksək dəyərləndirilən pavilyonunuz iştirakınız üçün əvvəlcədən seçilmiş ”Azərbaycan biomüxtəliflik xəzinəsi" mövzusu ilə tamamlanır. Bu mövzu məhz “Expo”nun dərin mənasını, ərzaq təhlükəsizliyi məsələlərinin həllinin vacibliyini xüsusi olaraq qeyd edir.

Cənab Prezident, “Milan Expo 2015" kənd təəssüratı sahəsində davamlı inkişaf, aclığa qarşı mübarizə, insanlar, dinlər və mədəniyyətlər arasında dialoqun rolu kimi vacib mövzulara diqqəti cəlb etmək üçün xüsusi fürsətdir. Beləliklə, buraya gələn hər kəs fərdi seçimlərlə qlobal proseslər arasında böyük əlaqəni görə biləcək. Həmçinin sərginin ”Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq" devizi ölkəniz üçün sadə deviz deyil. Çünki ölkənizin gələcək inkişaf istiqaməti məhz ondan ibarətdir. Məhz Sizin iqtisadi və siyasi inkişafınız böyük vüsət almışdır.

Cənab Prezident, çıxışımın sonunda bildirmək istəyirəm ki, “Bakı-2015" ilk Avropa Oyunları uğurla keçmişdir. Bu münasibətlə Sizi təbrik edirik. Hesab edirik ki, ”Milan Expo 2015" sərgisi, həmçinin ölkələrimiz üçün münasibətlərini daha da dərinləşdirmək və idman sahəsində bölüşdüyümüz dəyərləri nümayiş etdirmək fürsətidir".

“Azərbaycan o ölkələrdəndir ki, artıq aclıq tamamilə aradan qaldırılıb”

Prezident İlham Əliyev çıxış edərək deyib: “Azərbaycan bu sərgidə 2000-ci ildən iştirak edir. Ancaq bu il ilk dəfədir ki, biz sərgidə milli pavilyonumuzla təmsil olunuruq. Bir qədər bundan əvvəl pavilyonla tanış oldum. Burada deyildiyi kimi, pavilyon həm memarlıq, daxili dizayn, tərtibat baxımından zövq oxşayır, yüksək səviyyədədir və ölkəmizlə tanış olmaq üçün çox gözəl imkanlar yaradır. Pavilyonda Azərbaycanın zəngin tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, xalçaçılıq sənəti, ölkəmizə dair kitablar nümayiş etdirilir və bunlar qonaqlarda Azərbaycan haqqında dolğun təsəvvür yaradır.

Azərbaycan qədim diyardır. Çox zəngin mədəniyyətə, tarixə, memarlıq abidələrinə malikdir. Ancaq müstəqil ölkə kimi bizim cəmi 24 yaşımız var. Ona görə ölkəmizi dünyada, Avropada tanıtmaq üçün müxtəlif tədbirlər keçirilir. Onların içərisində “Milan 2015", əlbəttə ki, xüsusi yer tutur. Eyni zamanda, bizim pavilyonumuzda bugünkü Azərbaycan reallıqları da əksini tapıb.

Azərbaycan dinamik sürətlə inkişaf edən, dünyaya açıq olan ölkədir, Şərq ilə Qərb arasında yerləşir. Həm coğrafi, həm siyasi, həm də mədəni baxımdan Şərq ilə Qərb arasındakı bir körpüdür. Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi, sülh, əmin-amanlıq şəraitində yaşamışlar. Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir. “Milan Expo”nun mövzularından biri də məhz multikulturalizmdir.

Eyni zamanda, digər mövzular da böyük əhəmiyyət daşıyır. Onların içərisində ərzaq təhlükəsizliyi bu gün dünya gündəliyinin əsas məsələlərindən biridir. Deyə bilərəm ki, Azərbaycan bu istiqamətdə çox önəmli addımlar atmışdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında Azərbaycanın əldə etdiyi uğurlar qiymətləndirilir. Azərbaycan o ölkələrdəndir ki, artıq aclıq tamamilə aradan qaldırılıb. FAO-nun hesabatına görə, dünyada 29 ölkədən biri də Azərbaycandır ki, aclığın səviyyəsi iki dəfədən çox aşağı düşmüşdür. Bu böyük bəla Azərbaycanda aradan qaldırılıb".

“Bu gün işsizlik və yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir”

Prezident İlham Əliyev beynəlxalq mövqelərimizin kifayət qədər möhkəm olduğunu deyib: “Bir neçə il bundan əvvəl biz 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bu, bizim ölkəmizin beynəlxalq nüfuzunu göstərir. Ölkəmizdə aparılan iqtisadi islahatlar bu gün imkan verir ki, biz çoxşaxəli iqtisadiyyata malik olaq. Son illər ərzində aparılan işlər nəticəsində işsizliyin, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Bu gün işsizlik və yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. Son 10 il ərzində 1 milyondan çox yeni iş yeri açılmışdır. Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir. Dövlət xarici borcumuz ümumi daxili məhsulun cəmi 10 faizini təşkil edir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən ölkələrin iqtisadi cəhətdən rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 38-ci yerdədir. Yəni, bu, gənc müstəqil dövlət üçün böyük göstəricidir”.

“Bu gün Azərbaycanda 60-dan çox İtaliya şirkəti fəaliyyət göstərir”

Dövlət başçısı deyib ki, bizim iqtisadi əməkdaşlığımız dərinləşir: “Bu gün Azərbaycanda 60-dan çox İtaliya şirkəti fəaliyyət göstərir. Əlbəttə, bizim iqtisadi əlaqələrimizin böyük hissəsi enerji siyasəti ilə bağlıdır. Bu gün Azərbaycan və İtaliya ölkələrimiz, bölgələrimiz və Avropa üçün çox önəmli olan ”Cənub" qaz dəhlizinin icrası ilə birgə məşğuldur. “Cənub” qaz dəhlizi Bakıdan, Azərbaycandan başlayır və İtaliyada başa çatır. Üç min kilometrdən çox uzunluğu olan bu qaz kəməri gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz müsbət rolunu oynayacaq. Bu gün İtaliya ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olması imkan verir ki, biz “Cənub” qaz dəhlizini vaxtında icra edək".

Çıxışlardan sonra dövlət başçısı və xanımı sərgidəki İtaliya milli pavilyonu ilə tanış olublar. Prezident İlham Əliyev İtaliya milli pavilyonunun xatirə kitabına ürək sözlərini yazıb.

İtaliyada işgüzar səfərdə olan Prezident İlham Əliyev iyulun 9-da Milandan paytaxt Romaya gəlib.

Baş nazir Matteo Renzi ilə görüş

Prezident İlham Əliyevin İtaliyanın Baş naziri Matteo Renzi ilə geniş tərkibdə görüşü olub. Görüşdə Baş nazir M.Renzi ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. İki ölkə arasındakı ikitərəfli münasibətləri dostluq və tərəfdaşlıq əlaqələri kimi dəyərləndirən Baş nazir ölkəsinin Azərbaycan-İtaliya əməkdaşlığının bundan sonra da dərinləşdirilməsi əzmində olduğunu bildirib.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə görə Prezident İlham Əliyevə təbriklərini çatdıran İtaliyanın Baş naziri “Milan Expo 2015" beynəlxalq sərgisində Azərbaycan pavilyonunun çox gözəl təşkil olunduğunu vurğulayıb. O, sərgidə iştirakına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Baş nazir Matteo Renzi TAP layihəsinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin önəmini vurğulayıb. Azərbaycanda tolerantlığın yüksək səviyyədə təmin edilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin nümunə olduğunu deyib.

Prezident İlham Əliyev iki ölkə arasında dostluq münasibətlərinin mövcud olduğunu, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Dövlət başçısı Azərbaycanla İtaliya arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb.

Prezident İlham Əliyev birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın məhz İtaliyada qəbul olunmasının rəmzi xarakter daşıdığını qeyd edib. Dövlət başçısı “Bakı-2015" birinci Avropa Oyunlarında İtaliyanın geniş nümayəndə heyəti ilə təmsil olunmasını yüksək qiymətləndirib. Azərbaycan Prezidenti ”Milan Expo 2015" sərgisinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.

Prezident Sergio Mattarella ilə görüş

Prezident İlham Əliyevin İtaliyanın Prezidenti Sergio Mattarella ilə görüşü olub. Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirən İtaliya Prezidenti Azərbaycanın bölgədə, regionda və ümumiyyətlə, dünyada gedən proseslərdə önəmli rolunu qeyd edib.

Prezident Sergio Mattarella “Milan Expo 2015" sərgisində iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İtaliya dövlətinin başçısı Heydər Əliyev Fondunun ikitərəfli münasibətlərin, mədəni sahədə əlaqələrin inkişafında mühüm rolunu vurğulayıb. Milan sərgisində Azərbaycan pavilyonunun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Azərbaycanın beynəlxalq münasibətlər sistemində, anti-terror fəaliyyətində, ekstremizmə və radikalizmə qarşı beynəlxalq səviyyədə mübarizədə rolunu yüksək qiymətləndirib.

Prezident Sergio Mattarella birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasına və keçirilməsinə görə Azərbaycan Prezidentini təbrik edib.

Prezident İlham Əliyev İtaliyanın Azərbaycan üçün mühüm tərəfdaş ölkə olduğunu vurğulayıb və ötən il İtaliyaya səfəri zamanı qəbul edilmiş strateji tərəfdaşlıq haqqında sənədin əhəmiyyətini xüsusi qeyd edib. Dövlət başçısı ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı kimi önəmini qeyd edən dövlət başçısı siyasi, iqtisadi, mədəni, o cümlədən enerji, tikinti, sənaye, nəqliyyat sahələrində əlaqələrin uğurla inkişaf etdiyini bildirib. “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev deyib ki, bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, Azərbaycanla İtaliya arasında sıx əməkdaşlığın daha da genişləndirilməsi işinə öz töhfəsini verir. Bildirib ki, “Cənub” qaz dəhlizi iki ölkə arasındakı uğurlu əməkdaşlığın bariz nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri iyulun 10-da başa çatıb.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər