15 Avqust 2015 12:39
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaxtilə DAK-ın tərənnümçüsü olan adamlar bu qurumdan uzaqlaşdırıldıqdan sonra düşmənə çevriliblər. Onlar mətbuata müsahibələr, açıqlamalar verir, DAK-ın fəaliyyətinə, gördüyü işlərə aidiyyəti olmayan yalan və böhtan fikirlər işlədirlər. DAK İdarə Heyəti yekdilliklə qərara gəldi ki, bu cür cəfəngiyyatlara cavab verməyək. İdarə Heyəti bununla bağlı xüsusi bəyanat hazırlayıb. Bəyanatda bütün bunların hansı niyyət güddüyü, nəyə xidmət etdiyi, arxasında hansı qüvvələrin olduğu qeyd edilir. DAK-ın gördüyü işlər göz önündədir və bunlara ləkə yaxmaq mümkün deyil. Belə milli təşkilata böhtana atmaqda qərarlı olanlar, əslində, özlərini siyasi həyatdan, eləcə də, diaspora fəaliyyətindən silirlər... Bəyanatımız bu istiqamətdə oldu və İdarə Heyətinin üzvlərinə göndərildi ki, imza atsınlar”.

Bunu Teleqraf.com-a müsahibəsində VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib. Müsahibəni təqdim edirik.

- Sabir bəy, son 10 gündə sədri olduğunuz Vətəndaş Həmrəyliyi Partiyasında müxtəlif strukturların toplantısı keçirilib, qarşıdan gələn parlament seçkiləri müzakirə edilib. Bu haqda məlumat verə bilərsinizmi?
- VHP-də keçirilən toplantılar haqqında mətbuata məlumat vermişik. Siyasi Şuranın budəfəki toplantısında, əsasən, qarşıdan gələn parlament seçkiləri müzakirə olundu. Partiyanın nizamnaməsinə görə, seçkilərlə bağlı məsələni Siyasi Şura müzakirə edə və müvafiq qərarını verə bilər. Bunun üçün Məclisin keçirilməsinə və ya qurultaya ehtiyac yoxdur. Partiyanın seçkilərə gedib-getməməsi məsələsi müzakirəyə çıxarıldı və qərara gəldik ki, parlament seçkilərində iştirak edək. Yəni, VHP seçkilərə qatılacaq. Bu, artıq qəti qərardır.

- Partiyanın seçkilərdə iştirak formatı haqqında qərar verildimi?
- Biz VHP olaraq seçkilərdə təkbaşına iştirak edəcəyik.

- İndi partiyaların çoxu seçki dairələri üzrə namizəd irəli sürməkdə çətinlik çəkir. Sizdə vəziyyət necədir?
- Bütün dairələr üzrə olmasa da, uğur qazana biləcəyimiz yerlərdə namizədlərimiz olacaq. İndi bununla bağlı hazırlıq işləri aparılır. Partiya bu məsələlərə xüsusi önəm verir.

- Amma qurultayınız da gözlənilirdi...
- Bəli. Qurultayla bağlı da hazırlıq işləri aparılır. Rayonlarda toplantılar və konfranslar keçirilir. Biz bu ilin sonunda qurultayımızı keçirməliyik. Ardıcıl olaraq rayonlarda qurultaya nümayəndələr seçilir. Təbii ki, qurultayla bağlı partiya rəhbərliyi səviyyəsində müzakirələr aparılır. Bütün bunlarla yanaşı gündəlik fəaliyyətimiz də var.

- Bu müddətdə həm də Dünya Azərbaycanlıları Konqresinin (DAK) toplantısı keçirilib. Bu toplantılarda hansı məsələlər müzakirə edilib?
- Əslində, DAK-ın iki toplantısı keçirilib. Birinci olaraq DAK Siyasi Şurası toplanmışdı. Bildiyiniz kimi, DAK-ın sonuncu qurultayı İstanbulda olub. Son qurultaydan sonra DAK-ın 21 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb. Bunun yeddisi Güney Azərbaycandandır. Yerdə qalanlar Türkiyə, İraq, Azərbaycan, Avropa ölkələri, Rusiya, Amerikadan olan nümayəndələrdir. Təbii ki, DAK İdarə Heyətinin üzvlərinin tez-tez görüşmək imkanı olmur, çünki üzvlərimizin hərəsi bir ölkədə yaşayır və fəaliyyət göstərir. Biz internet vasitəsilə müzakirələr aparırıq. Son görüşümüzdə iş planı ilə bağlı müzakirəmiz oldu, həm də İdarə Heyəti üzvlərinin növbəti görüşünün canlı olmasına dair söhbətimiz oldu. Çalışırıq ki, növbəti toplantını canlı keçirək. Bunun üçün də müəyyən texniki məsələləri diqqətdən keçirmək lazım gəlir. Eyni zamanda, son zamanlar DAK ətrafında baş verən müəyyən məsələlər müzakirəyə çıxarıldı. Vaxtilə DAK-ın tərənnümçüsü olan adamlar bu qurumdan uzaqlaşdırıldıqdan sonra düşmənə çevriliblər. Onlar mətbuata müsahibələr, açıqlamalar verir, DAK-ın fəaliyyətinə, gördüyü işlərə aidiyyəti olmayan yalan və böhtan fikirlər işlədirlər. DAK İdarə Heyəti yekdilliklə qərara gəldi ki, bu cür cəfəngiyyatlara cavab verməyək. İdarə Heyəti bununla bağlı xüsusi bəyanat hazırlayıb. Bəyanatda bütün bunların hansı niyyət güddüyü, nəyə xidmət etdiyi, arxasında hansı qüvvələrin olduğu qeyd edilir. DAK-ın gördüyü işlər göz önündədir və bunlara ləkə yaxmaq mümkün deyil. Belə milli təşkilata böhtan atmaqda qərarlı olanlar, əslində, özlərini siyasi həyatdan, eləcə də, diaspora fəaliyyətindən silirlər.. Bəyanatımız bu istiqamətdə oldu və İdarə Heyətinin üzvlərinə göndərildi ki, imza atsınlar. Hazırda DAK gündəlik fəaliyyəti ilə məşğul olur. Bu kimi fitnələrlə böyük bir diaspora təşkilatını yolundan sapdırmaq mümkün deyil.

- Son hadisələr, danışıqlar göstərdi ki, qardaş Türkiyədə koalisiya hökuməti qurulmayacaq. Hər halda Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyası (CHP) arasında gedən danışıqlarda razılıq əldə olunmadı. Bunu necə şərh edirsiniz?
- Son illərdə Türkiyənin siyasi həyatını müəyyən edən qüvvələrin koalisiya hökumətinin yaranmasında maraqlı olmadığını hiss edirdim. Xüsusilə, hakimiyyət partiyası koalisiya hökumətinin qurulmasında maraqlı görünmürdü. Əksinə, hakimiyyət partiyası maraqlıdır ki, təkrar seçkilərə gedilsin. Əgər təkrar seçkidə qalib gələ bilsələr, konstitusiyasını dəyişmək və ölkəni istədikləri istiqamətə doğru aparmaq istəyəcəklər. Hazırda Türkiyədə gedən proseslər indiki iqtidarın yetişdirdiyi proseslərdir. İndiki iqtidarın nəfəs, qan və can verdiyi işlərdir. Yəni, müəyyən problemlərin həlli adına son zamanlar terrorun güclənməsi, bölücülüyün artması, müəyyən bölgələrin özünü müstəqil elan etməsi və s. kimi məsələlərin hamısı iqtidarın apardığı siyasətin nəticəsi olaraq ortaya çıxıb. Əslində, bu, onların planlaşdırdığı və həyata keçirdikləri bir işdir. Mən hadisələri belə görürəm.

- Türkiyənin məşhur prokuroru Zəkəriyyə Öz sizə tanış isim olmalıdır. Çünki vaxtilə sizin də adınızı “Ergenekon” işinə dair hazırlanan cinayət dosyesinə salmışdı. Bu şəxs Ermənistana, oradan da Almaniyaya gedib. Bu haqda nə deyə bilərsiniz?
- İndi məlum olur ki, əsl türk millətçilərinin qəsdinə, türk ordusunun üzünə duran, Türkiyədə demokratikləşmə adına müxtəlif fəaliyyətlər göstərən, Türkiyə naminə həyatını xərcləyən adamlara divan tutan məhz bu olub. Zəkəriyyə Öz vaxtilə mənim də adımı qeyd etdiyiniz cinayət iddianaməsinə salıb. Bizim oradakı türkçülərin dediyi kimi, bunların bir çoxu adını və soyadını dəyişən ermənilərdir. Zəkəriyyə Öz mənim və ailə üzvlərimin, hətta 13 yaşlı qızımın da adını bu cinayət işinə daxil etmişdi. Təbii ki, sonradan mən bununla bağlı Ərdoğana məktub yazdım, müraciətlərim oldu. Bizim adımız oradan çıxarıldı, lakin ilkin variantda bunların hamısı durur. Mən o zaman yazmışdım ki, bu fakt göstərir ki, Zəkəriyyə Özün hazırladığı bu iddianamə tamamilə yalandır, böhtandır və şərdir. İndi mən Tanrıdan çox razıyam ki, 5-6 il əvvəl verdiyim proqnozların hamısı doğru çıxır. Bu prokurorlar niyə məhz Ermənistana qaçdılar? Türkiyənin düşməni olan ölkəyə? Çünki qanları erməni qanıdır. İndi yavaş-yavaş Türkiyə siyasətində yeni-yeni insanlar ortaya çıxır ki, mən erməniyəm. Problemləri açdıqca onu yaradanların kimliyi də ortaya çıxır. Bir daha vurğulayıram ki, bu adam mənim Türkiyədəki dostlarımla telefon danışıqlarımı da iddiaya daxil etmişdi. İndi haqq öz yerini tapdı. Eləcə də, Zəkəriyyə Özün günahlandırdığı, həbs etdiyi insanların hamısı azadlıqdadır. Amma bunu edən şəxslər Türkiyədən qaçdılar, düşmən Ermənistana sığındılar. Əlbəttə, mən bilmirəm onların sonrakı taleyi necə olacaq. Amma bunların ilk addımı Türkiyədən Ermənistana sığınmaları oldu. Bu addım onun göstəricisidir ki, onlar ermənilərlə birdir.

- Bundan sonra Türkiyənin siyasi taleyi haqda nə deyə bilərsiniz, erkən seçimlərə gedilsə hansı reallıq yaranacaq?
- İki variant yarana bilər. Variantlardan biri odur ki, AKP çox səs almasın deyə HDP-yə çox səs getmişdi. İndi xalq siyasi partiyaların bu oyunlarını gördükdən sonra yenidən AKP-yə səs verə bilər ki, bu partiya təkbaşına hökuməti qursun. İkinci variant odur ki, xalq öz iradəsini yenidən təkrarlasın, heç bir partiya təkbaşına hökumət qura bilməsin. Və xalq seçkilər vasitəsilə göstərsin ki, ölkəni birgə idarə etməyə məcbursunuz.

- Bu variantlardan hansı Türkiyə üçün daha münasibdir?
- Mən AKP-nin təkbaşına hakimiyyətdə olmasını istəmirəm.

- Niyə, bu, sizin şəxsi maraqlarınızdan doğur, ya necə?
- Yox! Qətiyyən! Mənim bu məsələdə şəxsi marağım yoxdur. Əgər şəxsi marağım olsaydı, deyərdim ki, filan partiya təkbaşına hakimiyyətə gəlsin, orada tanışlarım və dostlarım daha çoxdur. Sadəcə olaraq, AKP-nin apardığı siyasət məni bir türk və Türkiyənin dostu olaraq narahat edir. Bu səbəbdən istəməzdim. Burada başqa maraq yoxdur.

- PKK-nın fəaliyyəti dayanacaqmı?
- Hesab edirəm ki, bu fəaliyyət heç vaxt dayanmayacaq. Onu, sadəcə olaraq, dayandırmaq lazımdır.

Nemət Orucov


Müəllif:

Oxşar xəbərlər