Avropa qitəsi yaxın tarixinin ən böyük humanitar fəlakəti - "miqrant böhranı" ilə üz-üzədir. Belə ki, Şimali Afrika, həmçinin Yaxın və Orta Şərqdən qaçqın və köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıq və səfalətdən xilas üçün Avropaya üz tutub. Hər gün sözügedən bölgələrdən miqrantlarla dolu bir neçə qayıq Aralıq dənizindən keçməklə Avropa sahillərinə yan alır.
Bu humanitar fəlakətin əsas səbəbi isə Qərb dövlətlərinin, xüsusən, ABŞ-ın apardığı neomüstəmləkəçi siyasətdir. Belə ki, postsovet məkanı, Şimali Afrika və Yaxın Şərq ölkələrində uzun müddət mövcud olmuş sabit siyasi sistemlər "ərəb baharı", "maydan hərəkatı", "zanbaq inqilabı" kimi adlarla kamuflyaj olunmuş zorakı üsullarla devrilib, yerli iqtisadiyyat dağıdılıb, dövlətlərin ərazi bütövlüyü pozulub, milli sərvətləri isə transmilli korporasiyalar tərəfindən talan edilməkdədir.
"Yüz minlərlə insan öz xoşlarından Avropaya üz tutmurlar"
Bu istiqamətdə fikirlərini bizimlə bölüşən YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli bildirib ki, Avropa dövlətləri II Dünya müharibəsindən sonra ilk dəfədir ki, çox ciddi miqrant problemi ilə üzləşib. Onun sözlərinə görə, indi daha çox problemin yaranma səbəbləri, motivləri kimi suallar aktualdır: "Əslində, buna miqrant problemi demək düzgün deyil. Hər şeyi öz adı ilə çağırsaq, daha yaxşı olar. Bunu qaçqın böhranı kimi dəyərləndirmək düzgün olardı. Çünki yüz minlərlə insan Yaxın Şərq ölkələrini, Şimali Afrikanı öz xoşlarından tərk edib Avropaya üz tutmurlar. Yəni, bu vəziyyətin yaranma səbəbi ilk növbədə bir çox dövlətlərin həmin regionda yürütdükləri siyasətlə bağlıdır".
Qeyd etmək yerinə düşər ki, ABŞ coğrafi baxımdan uzaq olduğundan yaşanan humanitar fəlakət Şimali Afrika və Yaxın Şərqlə keçmiş metropoliya-koloniya münasibətləri ilə bağlı olan Avropa ölkələrini təhdid edir. Böyük miqrant kütləsi Avropanın sabit və rifahlı inkişafını sual altında qoyur. Lakin çox maraqlıdır ki, ABŞ-ın bəlli dairələri, xüsusilə bu humanitar fəlakətdən nəticə çıxarmayan Avropadakı bəzi qüvvələr müəyyən beynəlxalq QHT-lər və "5-ci kolon" vasitəsilə Azərbaycan kimi sabit və inkişaf edən ölkələri də xaosun girdabına sürükləmək üçün cəhdlərini davam etdirirlər. Aydın məsələdir ki, Azərbaycanın müstəqil siyasəti, sabitlik, iqtisadi uğurlar, dünyada getdikcə artan nüfuzu bu dairələri qıcıqlandırır. Hazırda Azərbaycana qarşı təşkil olunan kampaniyanın əsas səbəbi də məhz bu amildir.
"Prezident bu məsələyə çox dəqiq qiymət verdi"
E.Nəsirli deyib ki, bütün bu məsələlərə sentyabrın 8-də ölkə Prezidenti cənab İlham Əliyevin yanında keçirilən müşavirədə çox dəqiq şəkildə qiymət verildi: "Cənab Prezident bu hadisələrin yaranması, yəni yüz minlərlə insanın öz ev-eşiyini tərk etməsi, bu qanlı toqquşmalarda məhv olmasının səbəblərinə toxundu və qeyd etdi ki, bu ilk növbədə sabitliyin pozulması və bəzi dövlətlərin siyasi maraqları ilə bağlıdır. Hesab edirəm ki, ölkə Prezidenti bu məsələyə çox dəqiq, çox dürüst, çox obyektiv qiymət verdi".
Təəssüf ki, Azərbaycana qarşı təşkil olunan bu kampaniya indi həmişə müşahidə edildiyi kimi ABŞ, Almaniya və Böyük Britaniyanın bəlli KİV-ləri ilə məhdudlaşmır. Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya mediası, Azərbaycan investisiyalarında maraqlı olan bəzi Balkan ölkələrinin KİV-ləri də bu və ya digər şəkildə çirkin anti-Azərbaycan kampaniyasına cəlb edilirlər. Bu, həm də Azərbaycanla Avropa İttifaqı ölkələri arasında inkişaf edən siyasi-iqtisadi əlaqələri korlamaq üçün növbəti cəhddir.
Lakin, əminliklə demək olar ki, anti-Azərbaycan kampaniyası öz hədəflərinə çatmayacaq, Azərbaycan ənənəvi müttəfiqləri və tərəfdaşları ilə əlaqələrini daha da inkişaf etdirəcək və yeni tərəfdaşlar qazanmaqda davam edəcək.
"Sabit siyasi sistemlər müxtəlif adlar altında devrildi"
"Bu gün xaotik şəkildə Avropada yaşanan miqrant böhranı elə Avropa dövlətlərinin, o cümlədən ABŞ-ın Yaxın Şərq ölkələrində yürütdüyü neomüstəmləkəçi siyasətin acı nəticələridir".
Bunu isə Prezident İlham Əliyevin iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışını şərh edərkən siyasi şərhçi Arzu Nağıyev deyib.
A.Nağıyev qeyd edib ki, bu gün, doğrudan da, çox acınacaqlı bir vəziyyət yaranıb: "Şimali Afrika və Yaxın və Orta Şərq ölkələrindən yüz minlərlə qaçqın müharibələrdən, aclıqdan, səfalətdən xilas üçün Avropaya axın edir. İkinci Dünya Müharibəsindən sonra Avropaya belə axın olmamışdı. İndi Qərb dövlətləri həmin ölkələrdə sabitliyin pozulmasına, münaqişələrin yaranmasına səbəb olan siyasətlərinin acı nəticələri ilə üz-üzə qalıb. Həmin ölkələrdəki sabit siyasi sistemlər müxtəlif adlar altında devrildi, bunun nəticəsində münaqişələr meydana gəldi. İndi həmin ölkələrdən qaçqınlar Avropaya üz tutub".
"Azərbaycan vətəndaşı bu qüvvələrin çirkin niyyətlərindən xəbərdardır"
A.Nağıyev vurğulayıb ki, yaranmış bu vəziyyət Avropanın özü ilə yanaşı, bütün dünyada sabitliyi və inkişafı ciddi sual altında qoyur. A.Nağıyev əlavə edib ki, bu acınacaqlı vəziyyəti yaradan qüvvələr, o cümlədən ABŞ və Avropanın müəyyən dairələri müxtəlif QHT-lər və "5-ci kolon" vasitəsilə Azərbaycanda da sabitliyi pozmağa cəhdlər edib və bu gün də edir: "Azərbaycanda sabitliyin mövcud olması, əldə olunan iqtisadi uğurlar və ölkənin dünyada artan nüfuzu bu dairələri qıcıqlandırır. Hazırda Azərbaycana qarşı təşkil olunan kampaniyanın əsas səbəbi də məhz bu amildir. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək də. Birincisi ona görə ki, hüquq-mühafzə orqanları bu istiqamətdə ciddi iş aparır, istənilən cəhdin qarşısı vaxtında müəyyən edilərək qabaqlayıcı tədbirlər görülür. Digər tərəfdən isə hər bir Azərbaycan vətəndaşı bu qüvvələrin çirkin niyyətlərindən xəbərdardır və onların təxribatlarına getmirlər. Xalq yaxşı başa düşür ki, bu dairələrin məqsədi Azərbaycanı da xaosa sürükləməkdir. Ona görə də xalq dövlət, prezident ətrafında sıx birləşib".
Səxavət HƏMİD