10 Noyabr 2015 12:01
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Teleqraf.com-un suallarını cavablandırıb.

- Əflatun müəllim, öncə deputat seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Namizədliyinizi irəli sürməyiniz jurnalistlər üçün gözlənilməz oldu. Namizəd olmaq təşəbbüsü necə meydana gəldi?
- Təbrikiniz mənim üçün dəyərli və xoşdur. Təşəkkür edirəm. İstər seçki kampaniyası dövründə məni dəstəkləyən, istərsə də Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmağımı istəyən, potensialımı hiss edərək bunun üçün məni ruhlandıran dostlarımın hər birinə minnətdarlığımı bildirirəm. Qeyd etdiyim kimi, namizəd olmaq təşəbbüsü dostlarımdan, həmkarlarımdan gəldi. Yəni onların fikirləri istəyimi qətiləşdirdi. Ancaq o istək özümdə olub. Düşünürəm ki, ölkənin ictimai-siyasi həyatında müəyyən çəkiyə malik insanların hər biri özünü deputat kimi görə bilər və bu, təbii hissdir. Milli Məclis ölkəmizin ali qanunverici orqanıdır. Müəyyən faydalı iş görən hər bir şəxs istəyər ki, parlamentin tribunasından cəmiyyətə səslənmək imkanına malik olsun. Mən də istədim, özümü sınadım və Allaha şükür ki, qalib oldum. Mənə inananların, etimad göstərənlərin sayəsində həyat fəaliyyətimin ən böyük uğuruna imza atmağı bacardım. Çox sevincliyəm.

- Daha öncə deputat olmaq istəmisizmi? Ümumiyyətlə, deputatlıq arzunuz olubmu?
- Bu barədə az öncə fikirlərimi müəyyən qədər bölüşdüm. Söylədiklərimi bir qədər də genişləndirmək üçün deyim ki, uzun illərdir media sahəsində çalışıram. Azərbaycan Mətbuat Şurasına rəhbərlik edirəm. Əlbəttə, Şura sədri kimi fəaliyyətim hamı tərəfindən birmənalı qarşılana bilməz və qarşılanmır da. Buna normal yanaşıram. Jurnalistika həssas sahədir, ruhu tamam fərqlidir. Mövcud məkanda narazı insanların çoxluğu qanunauyğundur. Ancaq hər bir cəhəti özüm üçün götür-qoy etmişəm. Ötən müddətdə müəyyən etimad qazana bilmişəmsə, mənim üçün olduqca qürurvericidir. Düşünmüşəm ki, insanlara daha çox faydalı olmaq üçün nələrisə etmək lazımdır. Bu baxımdan Milli Məclisdə təmsilçilik də nəzərimdə canlanıb. Ancaq açığı, heç vaxt indiki qədər qətiyyətli olmamışam. Qismət deyək(gülür).

- Saatlı rayonunda seçki kampaniyası aparmaq sizin üçün çətin olmadımı?
- 1979-cu ildə Bakı Dövlət Universitetinə qəbul olundum. Gürcüstandan, doğulub boya-başa çatdığım Faxralıdan (Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndi - red.) Azərbaycana gəldim. Bakını tanımırdım. Azərbaycanla tanışlığım isə Qazaxdan paytaxta gələrkən yol boyu gördüklərimdən ibarət idi. Tələbə yoldaşlarımdan indi haqq dünyasında olan Həbib Əzizovla Saatlıya onun doğma kəndi Sarıcalara yola düşdük. Beləcə Saatlı Azərbaycanda getdiyim ilk yer oldu. Həbib gözəl dost, səmimi və qayğıkeş insan idi. Onun və əzizlərinin timsalında Saatlı da mənim üçün bir növ doğmalaşdı.

Moskva Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib Azərbaycana qayıtdım. Əmək fəaliyyətimə Azərbaycan Dövlət İnformasiya Agentliyində, o zamankı Azərinform-da başladım. Jurnalist kimi ilk ayaq basdığım bölgə yenə də Saatlı oldu. Yaxşı yadımdadır ki, rayondan hazırladığım reportaj yüksək qiymətləndirildi. Hətta materiala görə mükafat da aldım.

Bilirsiniz, mən təsadüflərə inanan adam deyiləm. Ancaq bu ilklərdə də bir bağlantının olduğunu düşündüm. Buna görə də Saatlı mənim üçün yad yer ola bilməzdi.

Digər tərəfdən, mən Azərbaycanın çox yerində olmuşam. Vətənimizin hər yeri gözəldir. İnsanları da istiqanlı və səmimidirlər. Ümumən xalq olaraq beləyik. Odur ki, mənim üçün digər bölgələrimiz də Saatlı qədər əzizdir.

Seçki kampaniyasının aparılmasına gəlincə, düşünürəm ki, çox uğurlu keçdi. 62 saylı dairəyə daxil olan kəndlərin sakinləri tərəfindən hərarətlə qarşılandıq. Səmimi söhbətlərimiz, fikir mübadilələrimiz oldu. Düşünürəm ki, Saatlı camaatı kifayət qədər aktivdir. İnsanlar ölkədə baş verən ictimai-siyasi, sosial-iqtisadi və mədəni proseslərdən yetərincə xəbərdardırlar. Müəyyən mənada çətin kimi görünən məsələlərlə bağlı söhbətlərimiz məsuliyyət hissimi daha da artırdı.

- Mətbuat Şurasının sədri olmağınızın kampaniya dönəmində sizə hər hansı köməkliyi oldumu?
- Mətbuat Şurasındakı fəaliyyətimiz elədir ki, Azərbaycanın bütün bölgələrindən olan insanlarla təmasda oluruq. Gücümüzun yetdiyi, həll etdiyimiz problemlər az deyil. Buna görə də Şura cəmiyyətdə kifayət qədər tanınan bir təşkilatdır. Saatlı camaatı da məni belə bir qurumun rəhbəri kimi tanıyır. Zənnimcə, etimad da elə bundan qaynaqlanırdı. Saatlılıların məni tanıyaraq dəyər vermələri düşünürəm ki, ilk növbədə jurnalist adına inam və etimaddan irəli gələn seçim idi. Seçicilərimin hər birinə minnətdaram.

- Mətbuatla sıx əlaqədə olan şəxs kimi seçkiöncəsi medianın sizə dəstəyi oldumu?
- Doğrudur, seçki qanunvericiliyinin tələblərini nəzərə almaq zərurəti var idi. Ancaq həmkarlarımın dəstəyini hər zaman hiss etdim. Şərt o deyil ki, barəmdə nəsə xoş sözlər qələmə alasan, yaxud keçirdiyim görüşləri işıqlandırasan. Bəzən bir telefon zəngi də insana dəstəkdir. Ümumən jurnalistlərin deputat olmağım üçün can yandırdıqlarını gördüm. Mənim üçün bu da vacib idi.

- Son illər əsasən rəhbər vəzifələrdə çalışmısız. RUH Jurnalistlər Birliyinin, Mətbuat Şurasının sədri, indi isə deputatsız. Uğurlarınızın səbəbi nədədir?
- Bilirsiniz, insanlar səmimiyyəti yüksək qiymətləndirirlər. Jurnalistlər də cəmiyyətin həssas təbəqələridir. Onlar səmimiyyətə xüsusi önəm verirlər. Düşünürəm ki, indiyədək hər kəsə səmimi yanaşmışam. Öhdəsindən gəldiyim və gələ bilmədiyim, gücümün çatmadığı məsələlər olub. Jurnalistika sahəsində hansı postu tutmağımdan asılı olmayaraq çalışmışam ki, mənə müraciət edənlər vəziyyəti bilsinlər. İzah vermişəm, söhbətlər aparmışam, başqa yollar görmüşəmsə, təklif etmişəm. İstəməmişəm ki, kimsə incik düşsün. Səhvi olanları da ərklə məzəmmət etmişəm, onlara dost kimi yanaşmışam. Kimisə sırf qınamaq niyyətim olmayıb. Nə bilim, bunu anlayanlara da, nəticə çıxarmayanlara da rast gəlmişəm. Yəqin birincilərin sayı daha çox olub. Uğurlarımın səbəbi onların alqışı, Allahın lütfüdür.

- Deputat seçildiyiniz dairənin xarakterik problemləri nədən ibarətdir?
- Saatlı Muğan düzünün bərəkətli torpaqlarında yerləşən rayondur. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Kəndli nə istəyir? İstəyir ki, suyu olsun, əkin əkib məhsul əldə edərək həyatını yaşasın.

Son illər Saatlıda kifayət qədər təqdirəlayiq işlər görülüb. Ancaq bəzi kəndlərin su təchizatı sarıdan problemləri qalmaqdadır. Şoranlaşma var. Elə yerlər də var ki, suyun fəsadlarından əziyyət çəkir. Bir çox hallarda kəndlinin məhsulunu bazara çıxarmaq problemi yaşanır. Kəndli məhsulunu dəyər-dəyməzinə satmaq məcburiyyətində qalır. Ümumən problemlər hər yerdə oxşardır. Düşünürəm ki, bu sayaq məsələlərə kompleks yanaşmaq zərurəti var. Bu zərurəti əməli fəaliyyət müstəvisinə çıxaracam.

- Seçicilərinizə hansı vədlər vermisiz və yaxın gələcəkdə ilk görəcəyiniz işlər nədən ibarət olacaq?
- Bacara bilməyəcəyim heç nəyi vəd etməmişəm. Ümumən hər zaman düşünmüşəm ki, insanlara yalandan ümid vermək riyakarlıqdır. Ən böyük vədim həssaslığımdır. İnsanlara münasibətdə həssas olmaq mənim üçün şərtdir. Onların hər birini səbrlə dinləmək, qayğılarını bölüşmək, çətinliklərinin aradan qaldırılmasına dəstək göstərmək - bunları vəd vermişəm. Məncə, insanda gərək niyyət olsun. Niyyət yaxşılığa söykənsin. Haqq, ədalət anlayışı nisbidir, əlbəttə. Ancaq bəzən insan müəyyən şeyləri təhlil edərkən haqqı görə bilir. O an nəsə edirsənsə, köməyini əsirgəmirsənsə, bu olur konkret iş. Mən indiyədək belə işləmişəm. Gələcəkdə də bu cür olacaq.

Digər tərəfdən, kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması tədbirlərinin davamı üçün müvafiq qanunvericilik təşəbbüləri ilə çıxış etmək, aqrar sektora xüsusi qayğının göstərilməsinə yönələn qanunvericilik təşəbbüsləri qaldırmaq niyyətindəyəm. Dövlət büdcəsindən Saatlıya ayrılan subsidiyaların artırılması istiqamətində fəaliyyət göstərməyi düşünürəm. Hesab edirəm ki, kəndlərin inkişafı məsələsini diqqətdə saxlamaq mütləqdir. Mərkəzi yollarla yanaşı, yerli əhəmiyyətli yolların inşası istiqamətində təşəbbüs qaldırmaq vacibdir. Şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, əlillərin, qayğıya ehtiyac duyan digər kateqoriyadan olan insanların üzləşdiyi çətinliklərin aradan qaldırılmasına həssas yanaşılmalıdır. Ümumən görüləcək işlər çoxdur. Seçicilərlə bütün bunlarla bağlı söhbətlərimiz oldu.

- Milli Məclisdə media ilə bağlı hansı qanunvericilik təklifilə çıxış etmək istəyirsiz?
- Bu sahədə də həyata keçiriləcək tədbirlər kifayət qədərdir. Azərbaycanın informasiya təhlükəsizliyi ilə bağlı konsepsiyanın hazırlanması istiqamətində işlərin görülməsi vacibdir. KİV-lərin reklamla təmin olunmalarının yaxşılaşdırılması istiqamətində qanunvericilik təşəbbüslərinin qaldırılmasına ehtiyac var.

Onu da deyim ki, Mətbuat Şurası ötən müddətdə media ilə bağlı bütün məsələlərə nüfuz edə bilib. Qurumun gördüyü işlər göz önündədir. O cümlədən media qanunvericiliyinə dair təkliflər və həmin təkliflərin əsasında reallaşdırılmış tədbirlər də. Düşünürəm ki, Şuranın mövcud istiqamətdəki fəaliyyətinin davamlı olması üçün əlavə dəstək qazanmış olacam. Məsələn, diffamasiya məsələsini götürək. Mətbuat Şurasının qənaəti belədir ki, diffamasiyanın dekriminallaşdırılması söz və ifadə azadlığı baxımından prinsipial əhəmiyyət daşıyır. Əlbəttə, Azərbaycanda jurnalistin peşə fəaliyyətinə görə həbsi təcrübəsinə rast gəlinmir. Ancaq hər bir halda jurnalist nəzəri cəhətdən də bunun mümkünlüyünü düşünməməlidir. Digər tərəfdən, unutmamalıyıq ki, diffamasiya mühiti jurnalistlərin məsuliyyətini heç də azaltmır, əksinə artırır. Cəmiyyət üçün də məsuliyyətli jurnalist lazımdır. Bu baxımdan əlbəttə, diffamasiya ilə bağlı qanunun qəbuluna çalışacam.

- Mətbuat Şurasının sədri kimi fəaliyyətinizi davam etdirəcəksiz?
- Mətbuat Şurasının sədri ölkə jurnalistlərinin qurultaylarında seçilir. Son qurultay 2013-cü ildə keçirildi. Növbəti qurultaya xeyli var. Nizamnaməyə əsasən həmin vaxtadək Şuranın sədri olaraq fəaliyyət göstərəcəm. Sonrası da yenə jurnalistlərin seçimindən asılı olacaq.

Ruslan Xəlil


Müəllif: