12 Noyabr 2015 00:20
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsas qanunumuzun qəbulundan 20 il ötür

Bu gün Azərbaycanın əsas qanununun-hazırda qüvvədə olan Konstitusiyanın qəbul edilməsinin 20-ci ildönümü tamam olur. Qeyd edək ki, hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu yolu ilə qəbul edilib. Bu, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonrakı ilk konstitusiyası idi. Azərbaycanın birinci Konstitusiyası isə 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi. Məhz bu konstitusiyaya milli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR ərazisində dövlət dilinin Azərbaycan dili olmasına dair müddəa daxil edilmişdi.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra isə yeni konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. 1996-cı il fevralın 6-da prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edilib.

“Konstitusiyamızın memarı ulu öndər Heydər Əliyevdir”

Bu tarixi günlə bağlı söhbətləşdiyimiz Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, Azərbaycan Konstitusiyasının memarı, yaradıcısı və rəhbəri ulu öndər Heydər Əliyevdir. O qeyd edib ki, müstəqil Azərbaycanın Konstitusiyası birbaşa və şəriksiz olaraq ulu öndərin adı ilə bağlıdır: “Hər bir dövlətin müstəqilliyi həm də onun Konstitusiyası ilə müəyyən olunur. Bundan əvvəl Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdi. Lakin 1995-ci ilədək Azərbaycan müstəqil dövlət olsa da, onun müstəqil konstitusiyası olmadığı üçün cəmiyyətdaxili bir çox məsələlər köhnə konstitusiya ilə və qəbul edilmiş bəzi qanunvericilik aktları ilə tənzimlənirdi. Ulu öndərin Azərbaycan qarşısında ən böyük xidmətləri təkcə müstəqilliyimizi kataklizmlərdən xilas etməkdən, onu qoruyub saxlamaqdan və möhkəmləndirməkdən ibarət olmayıb, həm də Azərbaycanın dünyəvi, hüquqi dövlət quruculuğunda göstərmiş olduğu müstəsna işlərdən ibarət olub. Milli lider siyasi hakimiyyətə gəldikdən dərhal sonra yeni konstitusiya layihəsinin hazırlanması ilə bağlı müvafiq tapşırıqlar və göstərişlər verdi və bütün bunlardan sonra onun rəhbərliyi ilə xüsusi komissiya yaradıldı. Komissiyanın yaradılması ilə Azərbaycanda müstəqil dövlətimizin Ana Yasası deyilən Konstitusiyamızın hazırlanması prosesi başladı. Mən yaxşı xatırlayıram ki, ölkə prezidenti dəfələrlə həmin komissiyanın iclaslarını keçirir və konstitusiyada öz əksini tapacaq bütün fəsillərin, müddəaların ayrı-ayrılıqda müzakirəsini təşkil edir, çox böyük səbirlə komissiya üzvlərinin fikirlərini dinləyirdi. Sonradan müvafiq konstruktiv və konstitusiyanın sözün həqiqi mənada təkmilləşməsinə xidmət edən təkliflər də nəzərə alınmaqla nəhayət, belə bir Ana Yasamız hazırlandı və ulu öndərin rəhbərliyi altında hüquqi, dünyəvi dövlətin bütün cəhətlərini özündə əks etdirən müasir Konstitusiyamız qəbul edildi”.

“Bu müddəaya ittifaqın cəmi 5-6 respublikasında təsadüf edilirdi”

F.Ağamalı qeyd edib ki, bundan sonra konstitusiyamızda bir sıra əlavə və dəyişikliklər edilib. Müsahibimiz qeyd edib ki, bunlar cəmiyyətin inkişafının məntiqinə söykənən, beləliklə təkmilləşməyə xidmət edən əlavə və dəyişikliklərdir: “Heydər Əliyev hansı cəmiyyətdə-istər kommunist rejimi dövründə, istərsə də Azərbaycan Milli-Azadlıq Hərəkatının başladığı sonrakı mərhələlərdə hər zaman Azərbaycanın müstəqilliyi üçün bütün ruhu, bütün varlığı ilə çalışan, mübarizə aparan tarixi şəxsiyyətdir. Mən bunu dəfələrlə söyləmişəm. Bu fikirlərimi hətta vaxtilə rəhmətlik Bəxtiyar Vahabzadə özünün müsahibələrində də ifadə edib. Ulu öndərimiz Dövlət Təhlükəsizlik Komitəsində işləyəndə də, Mərkəzi Komitənin birinci katibi olanda da Azərbaycanın müstəqilliyi, onun gələcəyi üçün düşünən və bu yolda addımlar atan ziyalıları qoruyan, onları himayə edən bir tarixi şəxsiyyət kimi də yaddaşlarda qalıb. Xatırlatmaq lazımdır ki, ulu öndərimizin böyük səyləri, əməyi, zəhməti və gərgin mübarizəsi nəticəsində hələ 1978-ci ildə-SSRİ zamanında qəbul edilmiş Azərbaycan SSR-nin konstitusiyasında Azərbaycan dilinin dövlət dili olduğu öz əksini tapdı. Bu, çox nadir təsadüf edilən və vaxtilə 15 müttəfiq respublika arasında cəmi 5-6 respublikanın konstitusiyasında təsbit edilən bir müddəa idi. Digər sahələrdə olduğu kimi Azərbaycan Konstitusiyasının, müstəqil Azərbaycan dövlətinin Ana Qanununun qəbul edilməsi sahəsində düşüncələrini ulu öndər müstəqilliyimizdən hələ xeyli əvvəl öz baxışlar sistemində formalaşdırmışdı və saxlayırdı. Əlbəttə, Heydər Əliyev birmənalı şəkildə deyirdi ki, zaman gələcək Azərbaycan öz dövlət müstəqilliyinə çatacaq. Müstəqillik illərində hansı addımları atmaq, konstitusiyanı qəbul edərkən hansı müddəaları ora salmaq lazımdır və sair məsələlər hamısı Heydər Əliyevin yaddaşında kodlaşdırılaraq səhifələnmişdi. Və Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yaddaşında səhifələnmiş, yaddaşında həkk olunmuş bütün bu baxışlar sistemini eyni zamanda Azərbaycanın ali qanunvericilik sənədi, aktı olan konstitusiyaya əlavə etdi və beləliklə, biz təkmil, yüksək səviyyədə hazırlanmış, cəmiyyətimizin idarə olunmasının bütün tərəflərini özündə ehtiva edən müasir konstitusiyamızı qəbul etdik və buna görə də ulu öndərimizə hər zaman minnətdarıq”.

Səxavət Həmid


Müəllif: