17 Noyabr 2015 09:58
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəzail Ağamalı: "Dirçəliş günü Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcıdır"

1988-ci ilin noyabrında yüz minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi.

Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu.

Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi.

Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.

Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.

17 noyabr Milli Dirçəliş günü 2006-cı ilədək rəsmi bayram kimi qeyri-iş günü idi. Amma həmin ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra 17 noyabr tarixi iş günü sayılır.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının sözlərinə görə, Azərbaycan xalqının tarixində önəmli günlər içərisində Dirçəliş günü xüsusi yer tutur. Onun fikirincə, 1988-ci ildə Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda başlamış erməni separatizminə qarşı xalqımızın müqavimətinin getdikcə geniş xarakter alaraq kütləvi səviyyəyə qalxması və tədricən ümumxalq mübarizəsinə keçməsi ən şanlı və yaddaqalan tarixi səhifələrimizdən biridir: "1988-ci ilin fevral ayından başlayan mübarizə dekabrın əvvəllərinə qədər davam elədi. Noyabrın 17-də Azadlıq meydanında mitinq oldu, tarixə Dirəçiliş günü kimi düşdü. Həmin günlərdə proseslərdə fəal iştirak edən, meydanda hərəkatın fəaliyyətini nizamlamaq, onu müəyyən məcraya salmaq, qarşıya qoyulan məqsədləri Azərbaycan xalqına çatdırmaq üçün yaradılmış nümayiş komitəsinin üzvü kimi deyə bilərəm ki, bu, möhtəşəm hərəkat idi. Nümayiş komitəsinin təşəbbüskarı da Firudin Cəlilovla mən idim. Biz meydanda başlamış hərəkatın geniş miqyas aldığını görərək Əbülfəz Elçibəylə ümumi məsləhətləşmələrdən sonra ona təklif etdik ki, meydan hərəkatını nizamlamaq, xalqın ümumi narazılıqlarını bilmək, onu hansısa formada ümumiləşdirmək, narazılığa uyğun olaraq mitinqin aparılmasını həyata keçirmək üçün bir quruma ehtiyac var.

Müzakirələrdən sonra nümayiş komitəsi yaradıldı, hamımızın ümumi razılığı ilə bu quruma Firudin Cəlilov rəhbərlik etməyə başladı. Noyabrın 17-dən başlayaraq dekabrın əvvəllərinədək 19 gün davam edən hərəkat əslində kortəbii hərəkatdan milli azadlıq hərəkatına keçid mərhələsini təşkil etdi".

F.Ağamalı qeyd edib ki, bu hərəkat azadlığa gedən yolun təməl daşı oldu: "Çünki hərəkat erməni separatizminə qarşı olmaqla yanaşı, Azərbaycanın üçrəngli bayrağının ilk dəfə meydanda dalğalanması, eyni zamanda Azərbaycanın bütövlüyü, yəni cənublu şimallı bütöv Azərbaycan ideyalarının təkcə dillərdə, müzakirlərdə deyil, həm də şüarlarda ifadə olunması, mitinqin fasiləsiz olaraq gecə və gündüz keçirilməsi, gecələr tonqal ətrafında gənclərin Azərbaycanın azadlığı ilə bağlı fikirlərinin müzakirə müstəvisinə keçirilməsi, ziyalıların bu müstəvidə fəal iştirakı son dərəcədə önəmli idi. Dirçəliş günü sözün həqiqi mənasında Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı idi ki, hər zaman xalqımız tərəfindən tarixi gün kimi əzizlənəcək və qeyd olunacaq".

Nərgiz


Müəllif: