Musa Qasımlı: “Parlamentin yaradılması Azərbaycan xalqının müsəlman Şərqi qarşısındakı böyük xidmətlərindən biridir”
Dünən bütün müsəlman Şərqində ilk parlamentin yaradılmasının 97-ci ildönümü tamam oldu. Qeyd edək ki, Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da keçirilən ikinci iclasında Azərbaycanın ali qanunverici orqanının yaradılması haqqında qanun qəbul edilib. Bu qanuna əsasən təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Milli Şuranın 44 üzvündən əlavə ölkə əhalisinin əksəriyyətini təşkil edən yerli müsəlman əhalisindən daha 36 nümayəndə seçilməsi nəzərdə tutulurdu. Ölkə əhalisinin çoxmillətli tərkibi nəzərə alınaraq ermənilərə gələcək parlamentdə 21 yer ayrılırdı. Bakıdan olan rus milli şurasına 10 yer ayrılmışdı. Milli azlıqlardan almanlara, yəhudilərə, gürcü və polyaklara - hərəsinə 1 yer verilirdi. Bakı həmkarlar təşkilatına 3, Bakı neft sənayeçiləri şurası və Ticarət-sənaye ittifaqına 2 yer verilmişdi. Nümayəndələr birbaşa və qapalı seçilə bilərdilər. Qadınlara da islam aləmində ilk dəfə olaraq seçib-seçilmək hüququ verilirdi.
Bolşeviklər parlamentin iclasını boykot etdilər. Rus Milli Şurasının bir qrup üzvü onun tərkibindən çıxıb, Rus-Slavyan Cəmiyyəti deyilən bir təşkilat yaratdılar. Lakin sonradan istiqlalı qəbul etməsələr də, öz nümayəndələrini parlamentə göndərmək qərarına gəldilər. Bir sıra şəhər və mahallarda seçkilər başa çatdırılmamışdı. Naxçıvan və Borçalının gələcəyi məsələsi qaranlıq qaldığından oradan nümayəndə gəlməmişdi. Odur ki, qanunda nəzərdə tutulduğu 120 deputatın əksəriyyətinin toplanması ilə 1918-ci il dekabrın 7-də parlamentin açılışı olub. İclası Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə açıb. İclasda ingilis generalı Tomsonun nümayəndəsi, İranın baş konsulu, onun maliyyə müşaviri, Dağlılar hökumətinin sədri Q.Çermoyev, Gürcüstanın nümayəndəsi Karsevadze, Araz respublikasının nümayəndəsi P.Əliyev iştirak edib. Ş.Rüstəmbəyovun təklifı ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev müavini, R.Vəkilov isə katibi seçilib.
Azərbaycan parlamentinin yaradıldığı tarixi dövrə, gördüyü işlərə qiymət verməsi üçün müraciət etdiyimiz Milli Məclisin deputatı, tarixçi professor Musa Qasımlı deyib ki, AXC parlamentinin yaradılması dövlətçilik və siyasi tariximizin mühüm hadisələrindən biridir. Onun sözlərinə görə parlamentin yaradılması haqqında qərar 1918-ci ilin noyabrın 19-da qəbul edilib, parlament 120 nəfərdən ibarət olmalı idi: “Bunların 80 nəfəri azərbaycanlı olmalı idi. Parlamentdə rusların, ermənilərin, almanların və yəhudilərin də təmsilçiliyi nəzərdə tutulmuşdu. Azərbaycan parlamentinin özülünü 44 nəfərdən ibarət Milli Şura üzvləri təşkil edirdi. Dekabrın 7-də saat 13-də qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, sədrin birinci müavini isə Həsən bəy Ağayev seçildi. Lakin Topçubaşov Paris Sülh Konfransına getdiyi üçün heç bir zaman parlament sədrinin kürsüsündə oturmadı. Parlamentin son iclası isə 1920-ci il aprelin 27-də keçirildi”.
Müsahibimiz bildirib ki, Azərbaycan parlamenti təqribən 17 ay fəaliyyət göstərib və bu müddət ərzində 145 iclası keçirilib: “Müzakirəyə 270-dən çox qanun layihəsi çıxarıldı. Bütövlükdə 230 qanun layihəsi qəbul edildi. Bu qanunlar ölkə həyatının ən mühüm sahələrini əhatə edirdi. Siyasi, iqtisadi, ictimai və mədəni sahələrə dair qanunlar qəbul olundu. Parlamentin qərarları ilə Azərbaycanın xarici ölkələrdə nümayəndəlikləri açıldı, Bakı Dövlət Universiteti təsis edildi. Azərbaycan parlamentində 11 fraksiya mövcud idi. Bununla bərabər parlamentdə 11 komissiya da fəaliyyət göstərirdi. Parlament işlərini tam demokratik əsaslarla yürüdürdü və Azərbaycan xalqı müsəlman şərqinə ilk respublikanı - cümhuriyyət idarə üsulunu gətirdi. Azərbaycan parlamenti Avropa ölkələrindən bir neçə il əvvəl qadınlara seçki hüququnu verdi. Bütün bunlar Azərbaycan xalqının müsəlman Şərqi qarşısındakı böyük xidmətlərindən biridir”.
Səxavət HƏMİD