5 Yanvar 2016 14:25
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 2-də Səudiyyə Ərəbistanında şiələrin lideri şeyx Nimr ən-Nimrin edam edilməsi bölgədə onsuz da kəskin olan məzhəblərarası münasibətləri daha da gərginləşdirib. İran və Səudiyyə Ərəbistanı arasında getdikcə dərinləşən qarşıdurmanın yaxın zamanlarda miqyasının daha da genişlənəcəyi, yeni-yeni dövlətlərin münaqişəyə qoşulacağı istisna edilmir.

Qarşıdurmanın əsas tərəfləri İran və Səudiyyə Ərəbistanı qarşılıqlı addımlar atmaqda davam edirlər.

Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğunun yandıdırlmasından sonra Səudiyyə İran diplomatlarını ölkədən çıxardı, iqtisadi və siyasi əlaqələrin kəsilməsi barədə qərar verdi, aviareyslərin dayandırıldığı bəyan edildi.

BMT Təhlükəsizlik Şurası hər iki tərəfi regionda gərginliyi azaltmaq üçün addımlar atmağa və dialoqu dəstəkləməyə çağırıb. ABŞ da öz növbəsində məsələ ilə bağlı narahatlığını bildirib.

Almaniya və Rusiya iki ölkə arasında yaranan gərginliyin aradan qalxması üçün vasitəçi olmağa razılıqlarını ifadə ediblər.

Siyasi ekspertlər bildirirlər ki, İslam dünyasında liderlik rolunu oynamağa çalışan Səudiyyə Ərəbistanın Nimr ən-Nimri edam etməsi onun nüfuzunu zədələyib. Bu ölkənin təşəbbüsü ilə İŞİD-ə qarşı yaradılan koalisiyada bir neçə müsəlman ölkəsi var ki, həmin ölkələrdə əhalinin böyük əksəriyyəti şiə məzhəbinə qulluq edir. Son baş verənlər koalisiyanın taleyini sual altına qoyur.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa hesab edir ki, həm Səudiyyə Ərəbistanının, həm də İranın addımları modernlikdən uzaqdır: "Səudiyyə Ərəbistanı modernlikdən uzaq qərar qəbul edib 47 nəfər özünü şiə və başqa məzhəb müsəlmanı sayan din admını edam edir. Ardınca da cavab olaraq İran modernlikdən uzaq bir qərar qəbul edir və 27 özünə sünni deyən din xadimini edam etmək qərarı alır. Bu vəhşı qərarları qəbul edənlərin hər biri özünə Məhəmməd ümməti deyir, ancaq Hz. Məhəmmədin ağlının və əxlaqının bircə zərrəsini də daşımaq ləyaqətində deyillər. Kimsə günahkar ola bilər, ancaq anlamırlar ki, məsuliyyət fərdidir, məhz şiə və ya sünni olduğuna görə insanları kütləvi günahkar saymaq və edama məhkum etmək insana münasibətin nə qədər vəhşi, barbar, əxlaqdankənar olduğunu bir daha göstərir. Dini, siyasi, ideoloji baxışlarına, mənsubiyyətinə görə adamı edametmə dövrləri çox-çox əvvəllər qapanıb...İslamı öldürmə, qadağan qoyma, məhdudlaşdırma, zorakılıq dini kimi təbliğ edənlərin özləri bir gün mütləq edam kötüyünə başlarını qoyacaqlar. 18-ci əsrin Fransa inqilabının gilyotinlərində sevinclə royalistləri edam edənləri az keçmiş başqa revanşistlər eyni qaydada həyatdan məhrum etdilər. Və bu qanlı olaylardan sonra bu günün Avropasında hər kəs anlayır ki, insanı ideoloji ittihamlarla suçlayaraq edam etmək olmaz. Adlarının qarşısında İslam yazılan ölkələrin böyük əksəriyyətində isə təəssüf ki, düşüncə səviyyəsi hətta 18-ci əsrdən də geridədir".

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Səudiyyə Ərəbistanı-İran qarşıdurmasında Azərbaycan neytrallığını saxlamalıdır: "Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik bu sualı da aktuallaşdırıb: Azərbaycan kiminlədir və ya Azərbaycan bu durumda hansı mövqe tutmalıdır? Rusiyanın televiziya kanalları hazırki qarşdurmadan danışarkən sünni və şiə xəritələrini ekrana gətirirlər, həmin xəritədə isə Azərbaycanı şiə rənginə boyayırlar. Bəli, nisbətə görə şiələr Azərbaycanda çoxluq təşkil edir. Ancaq nə yaxşı ki, bizdə milli mənsubiyyət məzhəb amilindən üstün gəlir. Məsələn, İranda yaşayan farslar da şiədir, azərbaycanlılar da. Ancaq millətçi azərbaycanlılar farsların siyasətindən narazırıdırlar. Ona qalsa, sünni blokunun lideri sayılan Səudiyyə Ərəbistanı Azərbaycanın müttəfiqidir, işğal amilinə görə Ermənistanla diplomatik münasibətləri yoxdur, halbuki şiə İranın işğalçı dövlətlə münasibətləri də var, hələ yeni qaz kəməri çəkməyi də planlaşdırır. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı-İran gərginliyində neytral qalmalıyıq, ən yaxşı halda vəziyyətdən "biz Azərbaycana yaxın olan bu iki dövlət arasında münasibətlərin danışıqlar yolu ilə həllini arzulayırıq" açıqlamasıyla çıxmalıyıq".

Ayxan


Müəllif: