20 Yanvar 2016 00:01
479

Bu gün Azərbaycan xalqı ən faciəli və şərəfli günlərindən birinin ildönümünü qeyd edir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə can üstə olan sovet rejimi son gücünü toplayaraq günahsız, əliyalın əhali üzərinə hücuma keçdi. Öz ordusu bildiyi, daim “Qızıl Ordu” deyib öydüyü, əslində isə qana susamış imperiya xislətli Kreml 70 il gəzdirdiyi maskasını üzündən götürərək kim olduğunu Azərbaycan xalqına, eləcə də bütün dünyaya nümayiş etdirdi. 1988-ci ilin fevralından Qarabağa ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi faciəyə gətirib çıxardı.

Sözsüz ki, 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. İndi o gündən 26 il ötür. Düz 26 ildir ki, hər ilin bu günündə xalq axın-axın Şəhidlər Xiyabanına gedərək, həmin gün şəhid olan 131 qeyrətli Vətən oğlunun xatirəsini yad edir. Bəs, üstündən 26 il keçdikdən sonra həmin hadisələr necə görünür? Ötən 26 il ərzində bu faciəyə verilən hüquqi-siyasi qiyməti qənaətbəxş saymaq olarmı?

“20 Yanvar hadisələri tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsidir”

Bu istiqamətdə suallarımızı cavablandıran Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov 20 Yanvar hadisələrinin tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsi adlandırıb. O qeyd edib ki, həmin gün Azərbaycan xalqı özünün yenilməzliyini, müstəqillik uğrunda mübarizə əzminin sarsılmazlığını bütün dünyaya sübut edib.

Y.Mahmudov bildirib ki, 20 Yanvar faciəsində insanlar müstəqilliymiz uğrunda şəhid olublar. Onun sözlərinə görə, xalqımızın azadlıq uğrunda apardığı mücadilə öz nəticəsini verdi: “Bu hadisə sovet imperiyasının qaniçənliyini təsdiqləməklə yanaşı, həm də xalqımızın azadlıq əzminin sarsılmaz olduğunu sübuta yetirdi. Qanlı hadisəyə kəskin etiraz olaraq 1990-ci il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, mətbuat konfransı keçirdi, hadisəyə siyasi qiymət verdi. Məhz həmin qətiyyətli mövqe respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə vurdu. O zaman nə Kreml rəhbərliyinə etiraz etmək, nə də 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi üçün təşəbbüs göstərilməsinə ulu öndərdən başqa heç bir siyasətçinin cəsarəti və qüdrəti çata bilməzdi. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra da, bu məsələni xüsusi diqqət mərkəzində saxladı. 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə parlament 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Bu gün ulu öndər Heydər Əliyevin qurduğu müstəqil ölkəmiz sürətlə inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Ona görə də, şəhidlərimizin ruhu şaddır”.

“Şəhidlərin uğrunda can verdiyi Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində söz sahibidir”

Tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının müdiri Anar İsgəndərov isə bildirib ki, 20 Yanvar faciəsi respublikada milli-azadlıq hərəkatına və demokratik proseslərə zərbə vursa da, müstəqillik uğrunda xalqımızın apardığı mübarizəni dayandıra bilmədi. Onun sözlərinə görə, əksinə, 20 Yanvar faciəsi xalqımızın istiqlaliyyət, milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni tarixi dövrə daxil oldu.

A.İsgəndərov qeyd edib ki, Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi abidəsi hər bir azərbaycanlının ürəyində ucalır. Onun sözlərinə görə, xalqımızın ziyarət yerinə çevrilmiş Şəhidlər Xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiram və dövlətimiz tərəfindən verilən qiymətdir: “Şəhidlərin uğrunda canlarını qurban verdiyi Azərbaycan dövləti bu gün beynəlxalq münasibətlər sistemində söz sahibidir. Özünün daxili və xarici siyasəti ilə böyük uğurlar qazanan Azərbaycan regionda və dünyada iqtisadi qüdrətinə, siyasi sabitliyinə görə xüsusi nüfuz sahibinə çevrilib. Vaxtilə “Yox millətimin imzası imzalar içində” deyə fəryad edib dünyasını dəyişən babalarımızın da ruhu şaddır. İndi dünyanın ən uca bayrağının dalğalandığı Azərbaycanın hər bir vətəndaşı “Var millətimin imzası imzalar içində!” sözünü qürurla deyə bilər”.

Səxavət HƏMİD


Müəllif: