14 İyun 2014 21:01
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixi reallığın doğurduğu gün

Heydər Əliyevin hakimiyyətə dönüşü müstəqilliyimizi əbədi etdi

21 il öncə- 15 iyun 1993-ci ildə ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas oldu. Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və möhkəmləndirilməsi istiqamətində atılan addımların qurtuluş məfkurəsinə istinad etməsi heç də təsadüfi deyil.

Həmin hakimiyyət uğrunda gedən, ölkənin vətəndaş müharibəsi, parçalanma və dağılma təhlükəsi ilə üzləşməsi, Ermənistanın hərbi təcavüzünün genişlənməsi qəti addımların atılmasını, hakimiyyətin etibarlı əllərə tapşırılmasını tələb edirdi. Ümummilli lider Heydər Əliyev həm Azərbaycanın daxili destabilliyinin gücləndiyi, həm də region ətrafında geosiyasi vəziyyətin mürəkkəbləşdiyi bir zamanda xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Həmin vaxt isə Azərbyacanda məlum Gəncə hadisələri baş vermişdi və ayrı-ayrı siyasi qruplaşmaların məqsədləri naminə qardaş qanı axıdılırdı. Məhz ulu öndər Heydər Əliyev xalqının xilası naminə həyatını təhlükəyə ataraq Gəncəyə getdi, vəziyyətlə ətraflı tanış oldu, şəhər sakinləri ilə və hərbi qulluqçularla görüşdü. Beləliklə də, çoxsaylı təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyevin Gəncə səfəri Azərbaycanın Qurtuluşu yolunda həlledici addımı oldu. Ulu öndər Heydər Əliyev iyunun 15-də respublika Ali Sovetinin növbəti iclasında Gəncə hadisələri barədə qəti sözünü dedi və bununla da, AXC-Müsavat cütlüyü hakimiyyətdən getməyə məcbur oldu. Məhz həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

“Bu, Azərbaycanın həyatı üçün gerçək müstəqilliyin başlandığı tarixdir”

Millət vəkili Zahid Oruc deyib ki, Qurtuluş Günü Azərbaycanın müasir tarixində, ictimai-siyasi həyatında və dövlət quruculuğu prosesində çox böyük önəm daşıyan bir hadisəyə çevrildi. Onun sözlərinə görə, faktiki olaraq o real bir məna daşıyır və sadəcə təqvimin əlamətdar bir günü deyil:

“O tarixə qədər Azərbaycan adlı bir məmləkətin keçdiyi yol kifayət qədər mürəkkəb və problemli bir səviyyədə olub. Məhz buna görə də obrazlı şəkildə qeyd edilir ki, bu, Azərbaycanın həyatı üçün gerçək müstəqilliyin başlandığı tarixdir. Çox qısa şəkildə vurğulasaq, biz nədən qurtulduğumuzu aşkar şəkildə qeyd etməliyik və cəmiyyət də, yeni nəsil də bunları bilməlidir. Məsələ ondadır ki, həmin dövrdə ölkəmiz ağır siyasi, hərbi, iqtisadi duruma düşmüşdü. SSRİ-nin çöküşü çox dramatik hadisələrlə müşaiyət olunurdu və bu proseslərə qoşulan milli qüvvələr hakimiyyətə sahib oldular. Lakin bu qüvvələr Ermənistanın Azərbaycana hərbi təcavüzünün qarşısını ala bilmədilər. İkincisi, son dərəcə yarıtmaz idarəetmə quruluşuna, formasına və xüsusiyyətlərinə malik idilər. Üçüncüsü isə, bu qüvvələr dövlət qurma baxışlarına sahib olmadıqlarından ölkəmizin beynəlxalq əlaqələrinə və münasibətlər sisteminə də çox ciddi mənfi təsirləri olmuşdur. Belə olan halda faktiki olaraq Azərbaycan elə bir qüvvənin liderliyi altında irəliyə getməyə ehtiyac duyurdu ki, həm Vətənin varlığını, ərazi bütövlüyünü təhdid edən amillərdən xilas olsun, eyni zamanda daxildəki xaosu ortadan qaldıra bilsin. Çox əlamətdar haldır ki, o dönəmdə bu missiyanı böyük milli amalları öz şəxsiyyətində daşıyan, belə demək mümkünsə, simvolizə eliyən Heydər Əliyev kimi bir şəxsiyyət oldu. Müasir vəziyyət sübut etdi ki, siyasi xəritə üzərindən gedilmək mümkündür. Bugünkü Ukraynanın gerçək mənzərəsi göstərdi ki, Heydər Əliyevin 20 il öncə həyata keçirdiyi işlər, xaosun aradan qaldırılması üçün gördüyü tədbirlərin önəmli, həll edici mahiyyət daşıdığını sübut edir. Biz Heydər Əliyevin rəhbərliyi altında daxili başıpozuqluqdan xilas olduq. Milli siyasət daha normal səviyyəyə qaytarıldı və sonda Azərbaycan cəmiyyətində tolerantlıq bərpa olundu. Ölkəmizin xarici maraqları uğrunda işlər həyata keçirildi. O cümlədən neft uğrunda çabalara aydınlıq gətirildi və Azərbaycan Xəzər ekvatoriyasında önəmli rol oynadı”.

Millət vəkili deyib ki, qurtuluş tarixi bir epopeyadır. Z.Orucun sözlərinə görə, bu tarix indiki Azərbaycan üçün çox böyük önəm daşıyır: “Bizim hər birimiz, bütövlükdə isə xalqımız bir xilaskara ehtiyac duyur. Bu missiya bu gün Prezident İlham Əliyevin simasında davam etdirilir. Fikrimcə, 1993-cü ildə böyük işlər görüldü ki, ondan sonra Azərbaycan dövlətini məhz həmin bünövrə üzərində qurmaq mümkün oldu”.

“Bugünkü uğurlarımızın əsası məhz 15 iyundan başlayır”

Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, bu gün inkişaf etmiş və mədəniyyət, tolerantlıq mərkəzinə çevrilmiş Azərbaycanın əsası 1993-cü ilin 15 iyununda qoyulub. Onun sözlərinə görə, müstəqil Azərbaycanı görən hər ölkə vətəndaşı məhz Qurtuluş Gününün əsil mahiyyəti başa düşür, anlayır:

“Bu isə o deməkdir ki, bugünkü stabillik, Cənubi Qafqazda ölkəmizin iqtisadi yüksəlişi, qısa müddətdə güclü ordumuzun formalaşdırılması ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, bu günlərdə ölkəmizin Avropa Şurasının Nazirlər Sovetinə 6 ay rəhbərlik etməsi qürurverici haldır. QHT sahəsinə nəzər saldıqda görərik ki, ötən dövrdə bir sıra uğurlara imza atılıb. Təkcə 2000-ci ildə Forumun təşəbbüsü və Milli Məclisin dəstəyi ilə ”Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında" qanun qəbul edildi. Bu qanun vətəndaş cəmiyyəti institutları üçün böyük önəm daşıyır. Eləcə də bunun ardınca, 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə QHT-lərə Dövlət Dəstəyi Konsepsiyası qəbul edildi və 2008-ci ildə isə QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı. Bütün bu proseslər hamısı ulu öndər tərəfindən başlanılmış və bugün ölkə prezidenti tərəfindən uğurla davam etdirilən siyasətin əsas tərkib hissəsidir. Bugünkü uğurlarımızın əsası məhz 15 iyun -Qurtuluş Günündən başlayır. Təbii ki, nöqsanlar, problemlər, çatışmayan cəhətlərimiz var. Bütün bunların önündə isə Qarabağ məsələsi durur. Hesab edirəm ki, bu gün biz Qarabağın işğaldan azad olunması yolunda yeni yollar, metodlar taparaq irəliləməliyik. Buna bizim həm insan resursu, həm də maddi cəhətdən imkanlarımız çatır".

“15 iyun hadisəsi qaçınılmaz və xalqın taleyinin hadisəsi idi”

Millət vəkli Nizami Cəfərov deyib ki, 15 iyun xalqımızın tarixinin ən möhtəşəm günlərindən biridir. Onun sözlərinə görə, hələ illər keçdikcə bu günün nə qədər tarixi bir əhəmiyyət daşıdığını daha çox dərk eləməyə başlayacağıq: “Çünki Azərbaycanın bugünkü inkişafı 15 iyunla bağlıdır. Yəni, məhz bu gün Azərbaycan rəhbərliyinə Heydər Əliyev gəlməsəydi, istər-istəməz qaranlıq bir tarix yaşamalı olacaqdıq. Bu dönüş xüsusi bir hadisə oldu və dərhal sonra ölkənin siyasi, iqtisadi, mədəni, sosial inkişafı durmadan irəliləməyə başladı. Təsadüfi deyil ki, həmin dövrdə çox keçmədən ”Əsrin müqaviləsi" imzalandı və bunun nəticəsi olaraq Azərbaycanın hər bir sahədə inkişafı üçün şərait yarandı. Bunlar hamısı 15 iyun hadisəsi ilə və bu tarixin qoyduğu bünövrədir ki, Azərbaycan belə bir gələcəyə malik ola bildi. Bütün bunlar ümummilli lider Heydər Əliyevin dühasının nəticəsi idi. Amma onu da düşünmək lazımdır ki, 15 iyun hadisəsi qaçınılmaz və xalqın taleyinin hadisəsi idi. Bu tale müəyyənləşdirmişdi ki, bu hadisədən sonra xalqın tarixində möhtəşəm bir dövr başlasın".

“Heydər Əliyevin qayıdışı xalqımızı parçalanma təhlükəsindən qurtardı”

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, 1993-cü ilin 15 iyuna qədər müstəqillik yoluna yeni qədəm qoymuş Azərbaycan bir tərəfdən Qarabağ müharibəsi, digər tərəfdən də xarici qüvvələrdən dəstək alan daxili düşmənlərin ciddi cəhdi ilə xaotik durumla üz-üzə qaldı. Onun sözlərinə görə, hakimiyyət uğrunda gedən savaş isə suverenliyini yenicə qazanmış Azərbaycanın dünya siyasi səhnəsindən birdəfəlik silinməsi ilə nəticələnə bilərdi:

“15 iyunda Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızı parçalanma və vətəndaş müharibəsi təhlükəsindən qurtardı. Ötən 21 ilə nəzər saldıqda gördüyümüz bütün uğurların əsasında Heydər Əliyevin xalqımızı birləşdirib, dövlətçiliyimizə sahib çıxması faktında görə bilərik. 15 iyun qayıdışı müasir Azərbaycanın tarixində elə bir həlledici an idi ki, bunu 18 oktyabr Müstəqillik Günü ilə müqayisə edə bilərik - yeni qazanılmış müstəqilliyi qorumaqdan ziyadə, dövlətin bütövlüyünün qorunub saxlanmasına müvəffəq olmaq o müstəqilliyi qazanmaqdan heç də az əhəmiyyətli deyil. Bu gün isə bu siyasi kursu Prezident İlham Əliyev uğurla davam etdirir. Hər bir ölkə vətəndaşı siyasi sabitliyin, iqtisadi yüksəlişin şahidinə çevrilir”.

BƏXTİYAR


Müəllif: