ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Azərbaycan Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri arasında keçirilən görüş barədə bəyanat yayıb.
Teleqraf.com-un Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, C.Kirbi vurğulayıb ki, ABŞ dövlət katibi Con Kerri ikitərəfli və regional məsələləri müzakirə etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevlə Vaşinqtonda görüşüb:
“Baş katib Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün “Cənub Qaz Dəhlizi”nin inkişafında lider kimi Azərbaycanın rolunu təqdir edib. O, regional ticarət mərkəzinə çevrilməsi üçün ABŞ-ın Azərbaycanın səylərini dəstəklədiyini bildirib. Baş katib Con Kerri Azərbaycanın NATO və Əfqanıstandakı missiyasındakı fəaliyyəti, sülhməramlı və mühüm anti-terror əməliyyatları üçün verdiyi dəstək və töhfələrə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Baş katib demokratiya və insan hüquqları məsələləri üzrə Azərbaycanın son müsbət addımlarını alqışlayıb”.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylər müzakirə olunub. Kerri ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib və təmas xəttində, beynəlxalq sərhəd boyunca artan zorakılığa görə narahatlığını dilə gətirib. O, beynəlxalq hüquq, BMT Nizamnaməsi və Helsinki Yekun Aktının prinsipləri əsasında münaqişənin hərtərəfli həllinə nail olmaq üçün tərəflərlə birgə ABŞ-ın öhdəliyi olduğunu vurğulayıb.
Nərgiz