Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,89 dollar azalaraq 38,47 dollar təşkil edib.
Teleqraf.com-un məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,73 dollar azalaraq 41,37 dollar olub.
Neftin ucuzlaşmasına OPEC-ə üzv ölkələr Qatarın paytaxtı Doha şəhərində keçirdikləri görüşdə neft hasilatının səviyyəsinin dondurulması ilə bağlı razılığa gələ bilməməsi olub. Görüşdə 17 ölkə, o cümlədən OPEC-də təmsil olunmayan Azərbaycan, Rusiya, Meksika, Qazaxıstan və Oman iştirak edib. Eyni formatda növbəti görüş cari ilin iyununda keçiriləcək.
Prosesi şərh edən iqtisadçı Vüqar Bayramovun fikrincə, birja Doha görüşünün qərarına qısa zamanda reaksiya verdi və neftin qiyməti ilk birja günündə 5 faizə yaxın aşağı düşdü: “Beynəlxalq analtiklər qiymət azalmalarının davam edəcəyini proqnozlaşdırırlar. Beləcə, neftin qiymətinin yenidən yüksələcəyi ilə bağlı bir sıra neft ölkələrində formalaşan ümidlər dəfn olundu. Belə görsənir ki, OPEK və digər aparıcı istehsalçılar oktyabr ayınadək hasilatın dondurulmasını məsələsini gündəmdən çıxartdılar. Doha görüşü əslində bir daha “neft bumu dövrünə” qayitmağın çətin olacağına və hətta mümkünsüzlüyünə işarə idi”.
Ekspert deyir ki, neft ölkəsi olan Azərbaycan üçün Doha görüşü əhəmiyyətli idi: “Neftin dünya bazar qiymətindəki aşağı düşmə ölkəyə daxil olan valyutanın azalmasına səbəb olacaq. Valyuta daxilolmalarının artırmağın yeganə yolu islahatların sürətləndirilməsidir. Struktur islahatları, liberallaşma və geniş miqyaslı elektronlaşma qeyri-neft sektorunun inkişafını stimullaşdıra bilər.
Artıq bütün neft ölkələri qara qızılın qiymətində daha kəskin azalmalara hazır olmalıdırlar. Bu hazırlıq isə yeni iqtisadi islahatlar paketinin hazırlanmasından keçir”.
Naibə QURBANOVA