2 İyun 2016 11:21
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 2-də Bakıda ənənəvi beynəlxalq Xəzər Neft və Qaz Konfransı (“Caspian Oil & Gas”) işə başlayıb.

“Avropanın enerji təchizatında Azərbaycanın rolu” adlı plenar sessiyada çıxış edən “ITE Group Plc” şirkətinin xüsusi məsləhətçisi Endryu Vud “Caspian Oil & Gas” konfransının dünyada iqtisadi böhranın yaşandığı, neftin qiymətinin ucuzlaşdığı bir dövrdə keçirildiyini deyib. Bildirib ki, bu konfrans neft-qaz sektorunun nümayəndələrinin birgə əməkdaşlığı və fikir mübadiləsi üçün olduqca əhəmiyyətli platforma rolunu oynayır.

Azərbaycanın energetika naziri Natiq Əliyev “Caspian Oil & Gas” konfransının 20 ildən çoxdur ki, keçirildiyini bildirib. Qeyd edib ki, konfrans enerji sektorundakı ən son yeniliklərin və yaranan problemlərin həll yollarının təqdim olunmasında mühüm əhəmiyyət kəsb edir.

Nazir deyib ki, dünyada baş verən böhran təkcə neft-qaz sektoruna yox, geosiyasi iqtisadiyyatın bütün sahələrinə təsir edir. Həm Avropada, həm də Şimali Afrikada, o cümlədən də Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrdə, xüsusilə də İraqda baş verən proseslər neftin qiymətinə təsir edir. Bundan başqa, Ukrayna-Rusiya münasibətləri də Avropanın qaz təchizatında problemlər yaradır: “Neftin qiyməti kifayət qədər artıb. Lakin 2000-ci illərlə müqayisədə bu rəqəmlər ən minimumdur. Əgər qiymətlər belə davam edərsə, böyük neft şirkətləri əsas layihələrini və ən əsası isə yeni quyuların qazılmasını azaltmağa məcbur olacaqlar”.

N.Əliyev vurğulayıb ki, neftin qiymətləri Azərbaycanı narahat etmir. Çünki ölkəmizdə iqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün mühüm addımlar atılır.

“Azərbaycan hazırda Avropanın meqa layihəsini - “Cənub Qaz Dəhlizi”ni reallaşdırır. “Cənub Qaz Dəhlizi” isə üç əsas hissədən - “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG)” layihəsi, Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” qaz boru kəmərlərindən ibarətdir”, - deyə energetika naziri əlavə edib.

O, CQBKG, TANAP və TAP layihələrinin icra vəziyyətindən, əldə olunan nailiyyətlərdən və Azərbaycanın neft-qaz üzrə tranzit imkanlarından bəhs edib.

Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi xanım Baronessa Nikolson isə qeyd edib ki, Azərbaycan enerji resursları ilə Avropa və dünyada etibarlı təchizatçıdır. Azərbaycan bu işdə mühüm uğurlara imza atıb.

“Hazırda “Cənub Qaz Dəhlizi” layihəsi icra edilir. Bu layihə Avropanın enerji təchizatının şaxələndirilməsinə mühüm töhfələr verəcək. “Cənub Qaz Dəhlizi” Avropanın ən mürəkkəb layihəsi hesab edilir”, - deyə B.Nikolson bildirib.

O deyib ki, Azərbaycan Böyük Britaniyanın etibarlı tərəfdaşıdır. Böyük Britaniya-Azərbaycan əlaqələri təkcə neft-qaz sektorunda deyil, iqtisadiyyatin digər sahələrində də uğurla inkişaf edir.

Konfrans işini digər sessiyalarla davam etdirir. Otuz ölkədən 400 nəfərə yaxın nümayəndənin iştirak etdiyi konfransda müasir dövrün reallıqları fonunda Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafı, təchizat əməliyyatlarının ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi və bir sıra digər aktual mövzular müzakirə olunur.(AzərTac)


Müəllif:

Oxşar xəbərlər