Avropa Parlamentinin sədri Martin Şults Gürcüstan hökumətinin ölkə vətəndaşlarının Avropa İttifaqı ərazisinə vizasız səfər etmələri üçün üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini bəyan edib.
O, bu fikri Strasburqda Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşü zamanı səsləndirib.
G.Marqvelaşvili də öz növbəsində ölkəsindəki siyasi və iqtisadi islahatlar barədə geniş məlumat verib.
Bəs, Gürcüstan Avropa İttifaqı qarşısında bütün öhdəliklərini yerinə yetiribmi? Ölkədə aparılan siyasi-iqtisadi islahatlar bunun üçün yetərlidirmi? İllərdir Avropa Birliyinə daxil olmağa çalışan Türkiyənin vətəndaşları üçün nə üçün vizasız rejim tətbiq edilmir?
Bu istiqamətdə suallarımızı cavablandıran politoloq Zərdüşt Əlizadə bildirib ki, adətən, dövlət öhdəlik götürür, bu öhdəliyin yerinə yetirilməsinə nəzarəti həm Avropa səfarətxanaları, mütəxəssisləri, həm də alternativ olaraq yerli QHT-lər həyata keçirir: “Gürcüstanda hökumət səmimi olaraq çalışır ki, Avropaya inteqrasiya etsin. Çünki Avropadan müəyyən bir imtiyazlar umur, əməkdaşlıqdan gürcü xalqı üçün fayda gözləyirlər.
Onlar hesabatlarını veriblər, indi Avropa İttifaqı özü nəzarəti həyata keçirib müəyyənləşdirəcək ki, həqiqətən də, gürcülər bu öhdəlikləri yerinə yetiriblər, yoxsa yox. Yetiriblərsə, viza rejimi ləğv ediləcək. Viza rejiminin ləğvi o demək deyil ki, gürcülərin hamısı həmin dəqiqə Avropaya köçəcəklər. Sadəcə, səfərlər asanlaşacaq. Viza almaq üçün xərc çəkmək, pul vermək, gözləmək lazımdır. Necə ki, biz indi Türkiyəyə, İrana gedirik, gürcülər də o qayda ilə Avropa ölkələrinə gedəcəklər”.
Z.Əlizadə qeyd edib ki, “Gürcü arzusu” koalisiyasının gördüyü işlər göz qarşısındadır: “Mən Dağlıq Qarabağ münaqişəsinə görə daha çox Ermənistanı izləyirəm. Amma Gürcüstanda QHT fəalı olan xeyli dostlarım var. Tez-tez Gürcüstana gedib-gəlirik. Baxmayaraq ki, təbii sərvətləri çox məhduddur, amma iqtisadiyyatı inkişaf edir. Biznes fəaliyyəti üçün azad şərait yaradılıb. Camaatın iqtisadi vəziyyəti pis deyil, dözmək olur. Vaxtilə Eduard Şevardnadze dövründə dərin, ağlasığmaz böhran var idi. Saakaşvili o vəziyyəti düzəltdi, korrupsiyanı cilovladı. İndi “Gürcü arzusu” koalisiyasının dövründə də Gürcüstan sabit, demokratik dövlətlər sırasına daxildir. İnkişaf edir, çalışır, islahatlar aparır. Yəni, vəziyyət pis deyil”.
Türkiyə vətəndaşlarına qarşı vizanın tətbiq olunmasına münasibət bildirən politoloq deyib ki, bu işin iki cəhəti var: “Birincisi, viza rejiminin aradan qaldırılması üçün Avropa İttifaqı hansısa ölkə qarşısında öhdəlik qoyur. Bu öhdəlikləri yerinə yetirdikdə Brüssel viza rejimini ləğv edir, yetirməyəndə qüvvədə saxlayır. Türkiyə qarşısında şərtlər qoymuşdular. Onların dediyinə görə, Türkiyə bu şərtləri yerinə yetirməyib. Ona görə də onlar viza rejimini aradan qaldırmadılar. O cümlədən söz azadlığı, terrorizmə qarşı mübarizə haqqında qanunun dəyişdirilməsi və sair məsələləri yerinə yetirməyib. Ona görə də Türkiyə ilə viza rejimini aradan qaldırmayıblar. Amma bu o demək deyil ki, türklər Avropaya gedə bilmirlər. Bir qədər xərc çəkib gedirlər. Bu məsələdə heç bir problem yoxdur”.
Səxavət HƏMİD