“Elat bayramı hər zaman olduğu kimi bu il də iyunun 26-da keçiriləcək. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Əslində, Elat həm bayram, həm də qeyri-rəsmi beynəlxalq tədbir statusu olan hadisədir. Bu, türk mədəniyyəti ilə yad mədəniyyətlərin bir harmoniyasıdır”.
Bunu “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib. O, əlavə edib ki, Gürcüstanın yerli hakimiyyət orqanları, bu ölkədə fəaliyyət göstərən qurumlar və soydaşlarla birgə hazırlıq işləri aparılır: “Bizim nümayəndə heyətimiz ora gedəcək, bəzi məsələlər razılaşdırılacaq”.
Z.Məmmədli bildirib ki, bu il keçiriləcək Elat mədəniyyət tədbirində Azərbaycandan və Avropadan sayılan və seçilən müğənnilər də qatıla bilər: “Bizim orada cıdır yarışı, şeir məclisi, saz havası tədbirlərindən savayı həm də bədii proqram olur. Bu, soydaşlarımız üçün də əhəmiyyətlidir. Gürcüstanın yerli mədəniyyət nümayəndələri, aşıqlar bu prosesdə iştirak edirlər. Elat tədbirinə türk dünyasından çox çeşidli qonaqlarımız gələcək. Millət vəkilləri, bələdiyyə başqanları, ziyalıların tədbirdə iştirakı gözləniləndir. Bir sözlə, ötən illə müqayisədə daha gözəl və daha möhtəşəm bir bayram tədbiri olacaq”.
Borçalı Cəmiyyətinin sədri hesab edir ki, Elat tədbirini həyata keçirmək üçün ortalama 30 min manat vəsait tələb olunur: “Elə tədbirlər olub ki, orada iştirak etmişəm. Cəmi 1 günlük tədbir olub. Maraqlananda məlum olub ki, 200 min dollar xərcləyiblər. Bizdə minimum məbləğlə maksimum nəticə formuludur. Təqribən 30 min həddə büdcəmiz ola bilər. Biz bir çox tədbirlər ulusumuzun, el məclislərinin üzərinə düşür. Məsələn, qonaqlara mərkəzləşmiş formada yemək vermirik. Otellər kirayələmirik. Sadəcə olaraq səhnənin qurulması, dekorasiya və hazırlıqlara maliyyə xərclənir. Yəni vəsaitimiz burdan ora gediş, bəzi qonaqların xərcləri, atributların hazırlanması, müəyyən ziyafət gecələrinin təşkili və hədiyyələrlə bağlıdır”.
Bununla belə Zəlimxan Məmmədli deyib ki, özünün bu tədbirdə iştirak edib-etməyəcəyi sual altındadır: “Mənim Gürcüstana buraxılmamağımla bağlı yasaq qərarı hələ qüvvədədir. İndi müəyyən işlər görürük. Ola bilsin ki, tədbirin keçiriləcəyi günə qədər bu problem öz həllini tapsın”.
Cabbar