11 İyun 2016 16:01
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Njde Qareginin Ermənistanın milli qəhrəmanı olması barədə Ermənistan parlamentinin vitse-spikeri və Xarici İşlər Nazirliyinin rəsmisinə cavab verib.

Teleqraf.com xəbər verir ki, H.Hacıyev deyib: “Alman faşist SS generalı Njde Qaregin və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın, habelə ASALA terrorçusu Monte Melkonyanın “milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir. Njde Qaregin və Drastamat Kanayan 1918-20-ci illərdə tarixi Azərbaycan torpağı olan Zəngəzurda mülki əhaliyə qarşı törətdikləri qırğınları alman faşist ordusunun tərkibində xüsusi amansızlıqla II Dünya müharibəsində işğal olunmuş SSRİ ərazilərində yəhudilərə və digər millətlərə qarşı davam etdirib. Faşistlərin irqi ayrı-seçkilik, “Ari” irqi və anti-semitizm ideologiyasina sahib çıxaraq, Njde Qareginin formaşdırdığı irqçi təmayüllü şovinist erməni milli məfkurəsi bu gün Ermənistanın hakim Respublika Partiyasının və nəticə etibarilə də Ermənistan hökumətinin ideoloji təmayülünü təşkil edir. Dəhşət doğuran hal odur ki, “Njdeizm” adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir”.

H.Hacıyev qeyd edib ki, Ermənistanın faşizmin qəhrəmanlaşdırılması kimi əməlləri, o cümlədən 28 may 2016-cı il tarixində ölkə rəhbərliyinin iştirakı ilə Njde Qareginə Yerevanın mərkəzində böyük abidə qoyulması II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara hörmətsizliyin ifrat nümunəsidir.

XİN rəsmisi bildirib ki, “Nazismin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı BMT Baş Assambleyasının A/RES/70/139 nömrəli, 17 dekabr 2015-ci il tarixli qətnaməsini və digər sənədləri əsas tutaraq, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın bu əməllərinə düzgün qiymət verilməlidir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər