11 İyun 2016 16:15
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şəki şəhərində “Multikultural dəyərlərimiz və gənclik” mövzusunda bölgə müşavirəsi keçirilib. YAP-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müşavirədə geniş məruzə ilə çıxış edən baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu və bu istiqamətdə silsilə tədbirlərin keçirildiyini bildirib.

Azərbaycanın özünü multikultural dövlət kimi tanıtdığını vurğulayan Ə.Əhmədov multikulturalizmin Azərbaycanda dövlət siyasətinin əsasını təşkil etdiyini diqqətə çatdırıb.

Ə.Əhmədov qeyd edib ki, ölkəmizdə multikultural dəyərlərin insanların həyat tərzinə çevrilməsində zəngin təcrübə var: “Artıq bütün dünya multikulturalizmin və tolerantlığın Azərbaycan modelini qəbul etməkdədir. Son illər Azərbaycan çox sürətlə inkişaf edir. Bu inkişafın kökündə iqtisadi inkişaf dayanır”.

Baş nazirin müavini bildirib ki, ölkəmizdəki tolerantlıq mühiti əsasında duran amillərdən, ilk növbədə, siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək lazımdır. Prezident İlham Əliyevin apardığı doğru, düzgün və məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib.

Azərbaycanda sabitliyin, əmin-amanlığın, dincliyin və rahatlığın hökm sürdüyünü qeyd edən Ə.Əhmədov bu sabitliyin qorunması üçün ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi, danışıqlar və dinc yolla həllinə üstünlük verdiyini bildirib: “Aprelin əvvəllərində cəbhə bölgəsində qoşunların təmas xəttində erməni silahlı birləşmələrinin törətdiyi təxribatla bağlı Azərbaycan Prezidentinin atəşkəsin bərpa olunması barədə təşəbbüsü bunu bir daha təsdiq etdi. Həmin vaxt cəbhə bölgəsində baş verən hadisələr Azərbaycan vətəndaşlarında, xüsusilə gənclərdə vətənpərvərlik hissinin nə qədər güclü olduğunu göstərdi”.

Ə.Əhmədov partiya üzvlərini azərbaycançılıq ideologiyasına sadiqli əməli işləri ilə doğrultmağa və siyasi həmfikirlərini Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırıb.

Bölgə müşavirəsində YAP icra katibinin müavini, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, eləcə də YAP-ın Şəki-Zaqatala bölgəsi üzrə rayon təşkilatlarının sədrləri və gənc fəalları iştirak ediblər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər