“Əfqan mənşəli amerikalının 50 nəfəri öldürməsi İslama və müsəlman miqrantlara qarşı olan prezidentliyə namizəd Donald Trampın reytinqini yüksəldəcəyi fikri ilə tam razı deyiləm. Qarşı tərəf - Hillari Klintonun da deyəcək sözü var”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq əlavə edib ki, Trampı silah istehsalçıları dəstəkləyir: “O silah istehlakçıları həmin əfqana rahat şəkildə silah satmağa şərait yaratmasaydılar, Amerikada bu və digər qətliamlar baş verməzdi. Demokrat prezident Barak Obamanın dili illərdir mazol olub deməkdən ki, hər bir şəxsin silah almaq hüququ olmamalıdır. Ancaq Obama, o cümlədən keçmiş və gələcək prezidentlər bir şey edə də bilmirlər. Çünki silah istehsalçılarının Konqresdə güclü lobbisi var.
Söhbət yüz milyardlarla dollar gəlirdən gedir. Digər tərəfdən silaha malik olmaq Amerikada tarixi ənənələrə malikdir. Buna özünü qorumaq hüququnu da əlavə edirlər. Ancaq mən bir dəfə eşitmədim ki, kimsə silahıyla silahlı manyaka qarşı müqavimət göstərib onu neytrallaşdırsın, Amerikada qatili, adətən, qətliamdan sonra polis öldürür. Başqa sual odur ki, psixi problemləri olduğu deyilən əfqan dükandan müxtəlif silahları necə alıb? Odur ki, Hillari Klintonun da bu qətliamla bağlı Trampa deyəcəyi sözü – ittihamı var”.
Bəkir