15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu ilə gənclərin görüşü keçirilib.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Qurtuluş Gününün tarixi ilə bağlı iştirakçılara məlumat verib. Aparat rəhbəri Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə yaranan dönüşdən söhbət açıb, gənclərə Azərbaycan tarixinin bu şərəfli səhifələri haqqında hərtərəfli informasiya verib.
Hikmət Babaoğlu Azərbaycanda dövlət quruculuğu və idarəetmə qaydalarından söz açaraq 90-cı illərin əvvəllərində ölkə ərazisində yaranmış etnik və regional separatçılıq meyllərindən danışıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə azərbaycançılıq ideologiyasının hakim mövqeyə qalxdığını və bu ideologiyanın ölkə ərazisində yaşayan hər bir fərdi Azərbaycan dilinə, mədəniyyətinə, mənəviyyatına sahib çıxmağa sövq etdiyini bildirib. Natiq 15 iyundan sonra əldə olunan dəyərlərin qorunmasının vacibliyindən söz açaraq milli gücün komponentlərindən bəhs edib. Bu gün Azərbaycanda milli maraqlara xidmət edən daxili və xarici siyasətin yürüdüldüyünü də vurğulayan H.Babaoğlu ölkəmizin multikulturalizm modelindən söz açaraq multikulturalizmi birləşdirici vasitə kimi dəyərləndirib.
Sonra iştirakçılara Hikmət Babaoğlunun "Heydər Əliyev siyasi irsinin politoloji aspektləri" kitabı hədiyyə edilib. Sonda Milli Məclisin deputatı Bilik Fondunun xatirə kitabına öz ürək sözlərini yazıb.