“Sərsəng su anbarının işğalının ekoloji fəlakətə aparmasıyla bağlı petisiya Ağ Ev saytında yerləşdirildikdən sonra həmin petisiyaya 330 mindən çox insan imza atdı. Bu isə prezident Barak Obama Administrasiyasının petisiyaya cavab verməsi üçün lazım olan imza sayından üç dəfə çox idi".
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Ağ evin petisiyaya cavabında bəzi məqamlar diqqəti cəlb edir:
“Birincisi, petisiyada deyilir ki, “Ağ ev Sərsəng su anbarı ilə bağlı AŞPA-da qəbul edilən 2085 saylı qətnamə ilə tanışdır, ancaq AŞPA üzvü olmamasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olan istənilən tərəflə fikir mübadiləsi aparmaq imkanlarını yüksək qiymətləndirir”.
İkincisi, petisiyada deyilir ki, “biz tərəfləri təmkinlik göstərməyə, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini özündə əks etdirən hərtərəfli sülh sazişi üzərində dərhal danışıqlara başlamağa çağırırıq”.
Azərbaycanda petisiyanın Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılması fikri müsbət reaksiya doğurub. Ancaq bu cümlə Dağlıq Qarabağın statusunu müəyyənləşdirən sülh sazişinə bağlanıb ki, bu da Ağ evin münaqişənin həllinə baxışında ATƏT-in Minsk Qrupunun mövqeyindən fərqlənmədiyini göstərir. Başqa cür olması da mümkün deyil. Çünki ABŞ Minks Qrupunun 3 üzvündən biridir.
Əlbəttə, Ağ evin petisiyaya cavabda “Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılması…” ifadəsini işlədilməsi işğal faktını təsdiq edir, ancaq cümlənin sonrakı hissəsində “Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi…” ifadəsinin yer alması Vaşinqtonun münaqişənin həllində birmənalı Azərbaycanın mövqeyini müdafiə etmədiyini göstərir. Azərbaycan Dağlıq Qarabağın statusunun “müyyənləşdirilməsini” deyil, yalnız müzakirəsini işğal faktına son qoyulduqdan, Ermənistanın qoşun hissələri Dağlıq Qarabağı tərk etdikdən və azərbaycanlı qaçqınlar geri qayıtdıqdan sonra mümkün sayır. Petisiyaya cavabda isə “işğala son qoymaqla”, “statusun müəyyənləşməsi” bərabər tutulur”.
Politoloq əlavə edib ki, petisiyanın əsas mahiyyəti Ağ evin diqqətini Sərsəng su anbarının işğalına və bu işğalın bölgədə ekoloji fəlakətə yol açdığını göstərməkdən ibarət idi: “Ancaq bu məsələyə də Ağ evin cavabı ikibaşlı və heç də Azərbaycanın maraqlarına uyğun deyil. Məsələn, petisiyaya cavabda deyilir ki, Sərsəng su anbarının idarə olunması və istismarı tərəflərlə davam edən dialoqun bir parçası olmalı və humanitar məsələlərlə bağlı müzakirələr aparılmalıdır. Bu cavab Azərbaycanın maraqlarına uyğun deyil.
Birincisi, Ağ evin petisiyaya cavabının bu hissəsində Sərsəng su anbarının ətrafında ekoloji fəlakətin olduğu və bundan ətraf rayonlardakı azərbaycanlıların əzab çəkdiyi faktı təsdiq olunmur. Halbuki, Azərbaycan bütün dünyaya sübut etməyə çalışır ki, erməni separatçıları Sərsəng su anbarını işğal altında qəsdən baxımsız şəkildə saxlayırlar, bu isə bölgədə ekoloji fəlakət təhlükəsini artırır.
İkincisi, Ağ evin petisiyaya cavabının bu hissəsində “tərəflər humanitar məsələləri müzakirə etməlidirlər” fikri erməni separatçılarının maraqlarına uyğundur. Çünki Ermənistan hakimiyyəti və Xankəndidəki separatçılar rəsmi Bakıya Sərsəng su anbarını birgə istifadə etməyi təklif edirlər. Rəsmi Bakı bu təklifə rədd cavabı verir. Çünki bu münaqişə nizamlanmadan və işğala son qoymadan Azərbaycanın işğalçı qüvvələrlə əməkdaşlığına yol açacaq.
Beləliklə, ümumilikdə Ağ evin petisiyaya cavabını Azərbaycanın xeyrinə olduğunu söyləmək çətindir. Əsas uğur həmin petisiyanın 300 mindən çon insanın imzalaması və problemin mahiyyətini iki aydan çox Ağ evin saytında oxunmasıdır”.
E.Şahinoğlu xatırladıb ki, Ağ ev Azərbaycandan göndərilən əvvəlki petisiyalara da bu şəkildə cavab vermişdi: “Məsələn, Azərbaycandan 2013-cü ildə Ağ ev saytına iki petisiya göndərilmişdi. İki petisiyaya ümumilikdə 250 minə yaxın insan imza atmışdı. Dağlıq Qarabağ və işğal olunmuş ərazilərə dair petisiyaya 105686, Xocalıya dair petisiyaya isə 126 828 nəfər imza atmışdı.
Ağ ev bu iki petisiyaya rəsmi cavabı 26 fevral 2013-cü ildə vermişdi. Birinci petisiya "Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət yetirin. Azərbaycan ərazisinin 20 faizi Ermənistan ordusu tərəfindən işğal edilib" adlanırdı. İkinci petisiya imza atan azərbaycanlılar isə Obama administrasiyasını Xocalı qətliamı və onun qurbanlarını anmağa, o cümlədən müharibə cinayətlərini tanımağa çağırmışdı. Ağ evin "ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair öhdəliyi var" adlı bəyanatda hər iki petisiyaya bu şəkildə cavab verilirdi: “ABŞ münaqişənin hərbi yolla həll oluna bilməyəcəyini xatırladır və Ermənistanla Azərbaycan arasında baş vermiş müharibə zamanı faciəvi insan tələfatına görə dərin təəssüf hissi keçirir”. Yəni petisiyaya cavabda nə işğala hüquqi qiymət verilir, nə də Xocalı ifadəsi yer alır.
Azərbaycandakı fəallar Ağ evin saytına daima petisiyalar göndərməklə diqqəti işğal faktına, Sərsəng su anbarının ağır durumuna və Xocalı soyqırımına yönəltməyə çalışırlar. Ancaq petisiyaya verilən cavablar göstərir ki, Ağ ev Ermənistanı və erməni işğalçılarının hərəkətlərini pisləmək istəmir və faktiki işğala məruz qalanla - Azərbaycanla, işğalçı - Ermənistanla bərabərlik işarəsi qoyur, məsuliyyəti iki ölkə arasında bölüşdürür.
Barak Obama üçün Cənubi Qafqazın problemləri və Dağlıq Qarabağ münaqişəsinin həlli maraqsız idi. Buna görə də Azərbaycan ABŞ-ın növbəti prezidenti ilə əməkdaşlığa hazırlaşmalıdır”.
Samir