İsveçrə Konfederasiyası Sərhəd Mühafizə Korpusunun rəisi, briqada generalı Yürq Notun başçılıq etdiyi nümayəndə heyəti iyunun 14-də Azərbaycana rəsmi səfərə gəlib.
DSX-nin mətbuat mərkəzindən Teleqraf.com-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyub, xatirələrinə hörmət və ehtiramlarını bildirib.
Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini yad ediblər.
Xidmətin Aparatında keçirilən görüşdə ikitərəfli əlaqələrin hazırkı səviyyəsi yüksək qiymətləndirilib, əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması, dövlət sərhəd buraxılış məntəqələrinin fəaliyyəti, dağ təlim kurslarının təşkili, habelə gələcək illərdə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi kimi məsələlər müzakirə edilib. Həmçinin hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraitindən və mövcud təhdidlərdən danışan DSX rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qaldığını bildirib. Bu ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhlükə olduğu vurğulanıb.
Görüşdə, həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində aparılmış islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verilib.
Səfər çərçivəsində nümayəndə heyətinin DSX Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX-nin Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, xüsusi məktəb və bir sıra digər obyektlərin fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.