15 İyun 2016 09:45
1 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Murad Cənnətov
YAP Sabunçu RT-nin idarə heyətinin üzvü

Azad cəmiyyətdə yaşamaq həm ayrıca bir vətəndaş üçün, həm də bütöv bir xalq üçün ən müqəddəs və şirin nemətdir. Xalqımız müstəqillik yolunu 71 il Sovet hakimiyyətinin müstəmləkəsi altında qalaraq gözləmiş və hər bir yaranmış fürsətdə müstəmləkəçilik əsarətindən çıxmağa daim cəhd göstərmişdir.

Keçən əsrin sonlarında şərbət kimi şirin olan azadlığımıza nail olmaqdan ötrü minlərlə şəhid verdik, son qanımızadək vuruşduq. Nəticə etibarı ilə, hazırda qürurla demək mümkündür ki, bu gün müstəqil Azərbaycan Respublikasının varlığı, azad cəmiyyətdə rahat yaşamağımızın səbəbkarları 90-cı illərdə şəhidlik zirvəsinə ucalmış həmyerlilərimizin sayəsindədir. Onların ruhları önündə bu gün cəmiyyət üzvlərinin hər biri daim baş əyir, dərin hörmət və ehtiramla yad edilirlər.

Keçmişə nəzər salsaq, qədim ənənələrə söykənən, ulu və əzəmətli tariximizin var olmasını görə bilərik. Heç şübhəsizdir ki, dövlətçilik ənənələrimizin və tariximizin əzəmətli olmasını təmin edən hər bir zamanın özünəməxsus mütəfəkkirləri, şahları, dövlət xadimləri, siyasi liderləri olub. Müstəqil Azərbaycan Respublikasının tarixinə qızıl hərflər ilə yazılmış Heydər Əliyev tarix yaradan şəxsiyyətlərdən biri idi. Azərbaycan xalqı çox xoşbəxt millətdir ki, onun Ulu Öndər kimi dahi şəxsiyyəti olub.

Məhz 15 İyun Milli Qurtuluş günü Ümummilli Lider, görkəmli siyasi xadim, Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Belə ki, Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın ağır günlərindən, respublikada ardı-arası kəsilməyən dəhşətli qanlı hadisələrdən, ölkədə tüğyan edən xaotik vəziyyətdən, vətəndaş müharibəsindən çəkinməyərək xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət ömrünün Azərbaycan üçün fəda etdiyini bir daha sübut etdi. Nəticədə, haqq öz yerini taparaq, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri respublikamızın xarici dövlətlər sırasında söz sahibinə çevirməsi, bayrağımızın ən uca, yüksək və mötəbər tədbirlərdə dalğalandırılmasını təmin etməsi oldu. Ulu Öndər Heydər Əliyevin respublikamız üçün misilsiz xidmətlərindən daha biri, Azərbaycanın ulu tarixə söykənən, əsrlər qədər yaşı olan, lakin itib batmaqda olan dövlətçilik ənənələrini xilas etməsi və yenidən bərpa etdirməsi və həmçinin Azərbaycanın parçalanıb yox olmaq təhlükəsindən qurtarması dahi liderin bu gün də əvəzolunmaz xidmətlərindən hesab edilir. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!

Bu gün bu şərəfli, məsuliyyətli və oluqca çətin missiyanı Ulu Öndərimizin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları uğurlu və məqsədyönlü siyasəti ilə həyata keçirir. Respublikamızın hər bir sahəsində yeniliklər ilə yanaşı, uğurların da şahidi ola bilirik. Bütün bu və ya bu kimi çoxsaylı müvəffəqiyyətlərin əsasını Ulu Öndərimiz qoymaqla, həmçinin hazırda Cənab Prezidentimiz İlham Əliyev tərəfindən böyük ruh yüksəkliyi ilə həyata keçirilir.

Bizlərin də boynumuza düşən ən ümdə vəzifələrdən biri də budur ki, hazırda respublikamızda aparılan dürüst siyasətə dəstək olaraq, Möhtərəm Cənab Prezidentimizin ətrafında sıx yumruq tək birləşib, Azərbaycanımızın daha da çiçəklənməsi üçün, inkişaf edib, əsrarəngiz olması üçün əlimizdən gələni əsirgəməyək!

Ümummilli Lider Heydər Əliyev demişkən: “Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir.” Qoy, bu ağır və mürəkkəb məsələdə Allahın nəzəri daim Cənab Prezidentimizin, dövlətimizin və xalqımızın üzərində olsun!


Müəllif:

Oxşar xəbərlər