“Rusiyanın Suriyada qarşıya qoyduğu müəyyən hədəflərə çatması fonunda artıq Türkiyədən gələn mesajlar Su-24 təyyarəsinin vurulduğu dövrlə müqayisədə Moskvada daha yumşaq, daha anlayışlı, daha konstruktiv şəkildə qəbul olunmağa başlayıb. Bu konstruktivliyin işartılarını Rusiya tərəfi ilk dəfə may ayının 27-28-də Vladimir Putinin Afinaya rəsmi səfəri zamanı nümayiş etdirdi. Həmin səfər zamanı Putin Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istədiklərini, ancaq bəzi şərtlərinin olduğunu bildirdi”.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və işlətmə kafedrasının müəllimi, politoloq Nazim Cəfərsoy bildirib.
Türkiyə-Rusiya münasibətlərinin gələcək inkişaf perspektivləri ilə bağlı suallarımızı cavablandıran N.Cəfərsoy bildirib ki, münasibətlərin yumşaldılmasında həm Azərbaycanın, həm də Qazaxıstanın müəyyən vasitəçilik fəaliyyətləri olub: “Həm cənab İlham Əliyevin, həm də cənab Nursultan Nazarbayevin bu məsələdə müəyyən təşəbbüsləri ola bilər. Mən bunu istisna etmirəm. Ola bilər ki, bunların da təsiri ilə Türkiyə-Rusiya münasibətlərində müəyyən bir konstruktiv müstəvi yaranıb. Artıq hadisələrin kuliminasiya nöqtəsi keçib. Kuliminasiya nöqtəsinin keçildiyinin və ya konstruktiv dialoq aparılma prosesinin meydana gəldiyinin növbəti nümunəsini biz dünən iki hadisə ilə yaşadıq. Bu hadisələrdən biri Rusiya Günü münasibətilə Türkiyə prezidenti və baş nazirinin rusiyalı həmkarlarına məktublardır.
Məktublarda iki ölkə arasındakı münasibətlərin təyyarə böhranından əvvəlki səviyyəyə qaytarılması ilə bağlı niyyətlər, arzular dilə gətirilir. Yenə eyni şəkildə Rusiya tərəfinin buna münasibəti də konstruktiv sayıla bilər. Rusiya tərəfi bildirdi ki, münasibətləri normallaşdırmaq istəyirlər, ancaq onların tələbləri var və Ankaranın bunları həyata keçirməsi gərəkdir. Şəxsi fikrimə görə Rusiyanın may ayındakı ritorikası ilə hal-hazırkı ritorikası, istifadə edilən üslub və mesaj texnikası arasında incə də olsa, müəyyən yumşalmalar var”.
Politoloq bildirib ki, ikinci məqam Türkiyə prezidentinin Ramazan ayı səbəbilə iftar süfrəsi təşkil etməsi, bu iftara da əhalisi müsəlman olan, yaxud əhalisi arasında müsəlmanlar üstünlük təşkil edən ölkələrin səfirlərini dəvət etrməsi idi:
“Bu proses çərçivəsində Rusiya səfirliyinə də dəvət göndərildi. Rusiya səfiri də o dəvətdə iştirak etdi. Səfirin dəvəti qəbul etməsi o deməkdir ki, Rusiya tərəfi münasibətlərin normallaşdırılması prosesini qəbul edir. Qəbulda səfirin özünün iştirakı da mənalıdır. Səfir istirak etməyə, təmsilçisini göndərə bilərdi. Amma bu variantlardan istifadə etməməsi, birbaşa özünün iştirak etməsi onu göstərir ki, normallaşma prosesinə Rusiyanın Türkiyədəki səfiri də öz töhfəsini vermək istəyir. Səfir də bu dəvətə gedib-getməmək məsələsini Kremllə razılaşdırıb. Görünür, Kremldən də ona getmək lazım olduğu deyilib. Bu da Rusiyada bu məsələdə konstruktivliyin olduğunu göstərir.
Türkiyə tərəfindən belə bir dəvətin gəlməsi, Rusiya tərəfinin də bu dəvəti qəbul etməsi konstruktiv dialoqda yeni, xırda mərhələlərdir. Təbii ki, mən proseslərin bu-gün yoluna qoyulacağını, təyyarə böhranından əvvəlki səviyyəyə qaldırılacağını düşünmürəm. Ancaq yolun artıq böhranlı mərhələsi keçilib. Artıq yumşalma və normallaşma konteksti özünü göstərir. Belə demək olar; uzun bir yol var, amma normallaşma tendensiyasının olduğunu qeyd etmək mümkündür”.
Qeyd edək ki, Rusiya tərəfinin üç şərti – üzr istəmək, təzminat ödəmək və olayın baş verməsində günahkar olanların cəzalandırılması tələbi əvvəlkitək qalmaqdadır. Bəs, Türkiyə bu şərtləri qəbul edə bilərmi?
N.Cəfərsoy qeyd edir ki, Türkiyə tərəfi üzr istəyəcək heç bir şey olmadığını bəyan edib:
“Məncə bu, daha yumşaq formada ifadə ediləcək. Türkiyə-Rusiya böhranı “Mavi Mərmərə” hadisəsinə bənzəyir. Tərəflər həm üzr istəməklə, həm müəyyən maddi məsələlərlə bağlı məsələləri “Mavi Mərmərə” hadisəsinə bənzər şəkildə həll etməyə çalışacaqlar. Bu zaman Türkiyənin rolunu Rusiya mənimsəyəcək, İsrailin rolunu Türkiyə icra edəcək. Bu kontekstdə bir fəaliyyət gözləyirəm. Amma bu bir qədər zaman alacaq. Üzr istəmək olmayacaq, amma “üzgünüz, kaş ki, olmasaydı” kimi bəlkə orta və uzaq dövrdə gündəmə gələ bilər. Amma mən bunun dərhal və Rusiyanın istədiyi formada olacağını düşünmürəm”.
Təyyarənin vurulmasında və rus pilotun ölümündə günahkar olanların cəzalandırılmasına gəldikdə isə politoloq ortaq komissiya qurulduqdan sonra bu prosesin həyata keçirilə biləcəyini qeyd edib: “Amma bu da zaman alacaq. Bu bir az daha sonrakı mərhələdə baş verə bilər”.
Səxavət HƏMİD