Seymur Orucov: "Ölkənin intellektual gəncliyi öz siyasi taleyini YAP-la bağlayır"
"Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" haqqında sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu tam aydınlığı ilə ortaya qoydu".
Bunu YAP Gənclər Təşkilatının sədri Seymur Orucov dövlətin gənclər siyasəti haqqında danışarkən deyib.
Seymur Orucov daha sonra bildirib ki, ölkədə ən güclü siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti gənclərdən ibarətdir: "Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.
Beləliklə, partiyamız gənclərin inkişafı üçün bütün imkanları yaradıb və gənclərlə sıx işləməyi başlıca hədəflərindən biri hesab edir. Məhz bu səbəbdəndir ki, ölkəmizin intellektual gəncliyi öz siyasi talelərini YAP-la bağlayır. Partiyamız gənclərimizə qayğı göstərməklə yanaşı, gənclərdən gələn təklifləri, layihələri diqqətlə qarşılayır və lazımi dəstəyini verir.
Yeni Azərbaycan Partiyası gənclərin ictimai-siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən Yay və Qış liderlik məktəblərini xüsusi qeyd etmək istərdik. Bu layihələrin əsas məqsədi ümumilikdə bölgə gənclərinin də ictimai-siyasi fəallığını artırmaq, onlar arasında sıx birlik yaratmaqdır. Hazırda YAP üzvlərinin 40 faizə qədəri gənclərdən ibarətdir və partiyada birləşən gənclərin sayı 200 min nəfərdən artıqdır".
Sonda hakim partiyanın təmsilçisi deyib ki, YAP Gənclər Birliyinin üzvləri ictimai-siyasi proseslərdə fəaldır, bütün seçkilərdə aktiv iştirak edir:
"Bu mənada, qarşıdan gələn bələdiyyə seçkilərində də YAP Gənclər Birliyi fəal iştirak etməyi nəzərdə tutur. 2009-cu il bələdiyyə seçkilərində partiya rəhbərliyinin tövsiyəsi ilə YAP-ın gəncləri həmin seçkilərə çox aktiv şəkildə qoşuldu və bunun nəticəsində də gənclərin bələdiyyələrdə təmsilçiliyi 4-5 faizdən 30 faizə qədər yüksəlib. Qarşıdan gələn bələdiyyə seçkilərinə gəlincə, təbii ki, Gənclər Birliyi partiya rəhbərliyinin qərarına, tövsiyə və tapşırıqlarına uyğun hərəkət edəcək".
CAVİDAN