20 İyun 2016 14:46
2 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülhəddin Əkbər: “Onu saxlasaydıq, Milli Məclisə müraciət edəcəkdik"

1993-cü ilin 4 iyun Gəncə hadisələrindən 23 il ötsə də, bu mövzu ətrafında müzakirələr davam edir.

Teleqraf.com xəbər verir ki, bu günlərdə ölkə mediasında Sürət Hüseynovun 2004-cü ildə verdiyi müsahibə yayımlanıb. Həmin müsahibədə Sürət Hüseynov AXC-Müsavat iqtidarında yüksək post tutmuş bir çox şəxslərin adını çəkir. Bu şəxslərdən biri də Elçibəy hökumətində milli təhlükəsizlik nazirinin birincü müavini işləmiş Sülhəddin Əkbər olub.

Qanuni prezidentə qarşı qiyam edən Sürət Hüseynovun Sülhəddin Əkbər haqqında işlətdiyi fikirləri təqdim edirik: “O vaxt Bayılda müsahibə verdim ki, mən indi yıxılmışam, siz də məni təpikləyirsiniz, bunu kişilik saymıram. Nə vaxt çölə çıxarıq, onda söhbətimizi də edərik. Orada mənə qəzet gətirdilər ki, Sülhəddin Əkbər 4 iyunda, guya, əmr alıbmış ki, məni birbaşa güllələsin. Əəə…sənin nə ixtiyarın var idi ki, məni güllələyəsən? Birincisi, sənə verilən əmr qeyri-qanuni idi. Çünki mən Milli Məclisin deputatı idim və mənim deputat toxunulmazlığım götürülmədən, necə məni güllələyə bilərdiniz? Bunların işlərinin hamısı qeyri-qanuni olub”.

Sülhəddin Əkbər isə Teleqraf.com-a qiyamçı polkovnikin barəsində işlətdiyi ifadələrə reaksiya verib: “Həmin dövrdə adını çəkdiyiniz şəxsə qarşı heç bir qanunsuz addım atılmayıb. Bildiyiniz kimi o mərhələdə respublikanın baş prokuroru da orada olub. Üstəlik hüquqi və siyasi qanunlar həmin dövrün qanunvericiliyinə uyğun şəkildə həyata keçirilib”.

Sülhəddin Əkbər daha sonra qeyd edib ki, həmin dövrdə həqiqətən deputat toxunulmazlığı olub: “Həmin dovrdə adını çəkdiyiniz şəxs saxlanılsaydı, Milli Məclisdən onun toxunulmazlığının götürülməsi istəniləcəkdi. Yəni saxlanılmaq başqa hüquqi anlayışdır. İstənilən şəxsi müəyyən müddətə qədər saxlamaq imkanı var. Bir sözlə, saxlanma başqa, həbs etmək isə başqa hüquqi anlayışdır. Odur ki, həmin dövrdə heç bir qanunsuz hərəkətə yol verilməyib”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər