20 İyun 2016 17:05
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Jirayr Səfilyan Qarabağ hərəkatının və müharibəsinin fəal iştirakçılarındandır. İndi guya yeni bir siyasi hərəkat başlayır. Guya indiki hakimiyyət Qarabağı Azərbaycana satdığına görə ona qarşı çıxırlar. Yəni, daha radikal mövqedədirlər.

Yarim il bundan əvvəl Jirayr Səfilyan və dostları Qarabağa getmişdilər, onları orda naməlum adamlar mühasirəyə alıb, özlərini və ailə üzvlərini yaxşıca əzişdirmişdilər. Sonra da həbs etmişdilər. Həbsdən təzəcə çıxmışdı və özünü müxalifətçi kimi sərgiləyirdi. Azərbaycanın siyasətinə qarşı öz dəqiq mübarizəsini bayraq edib, xalqı satqın Serjik Sərkisyan hakimiyyətinə qarşı üsyana səsləyirdi”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə qeyd edib ki, Jirayr Səfilyanın ictimai bazası sıfıra yaxındır, heç bir hörməti yoxdur: “Bəli, vaxtilə döyüşçü olub, vuruşub, adı-sanı olub. Amma indi o heç kimdi və heç nədi”.

Politoloq bildirib ki, Ermənistanda Qarabağ məsələsinin həllinə yanaşmada olduqca radikal mövqe tutan bir qrup var: “Həmin qrupa Jirayr Səfilyan da daxildir. Onlar hesab edirlər ki, Ermənistan çox mülayim hərəkət edir, əslində Azərbaycanın cavabını vermək, Dağlıq Qarabağın müstəqilliyini tanımaq, bundan sonra orda səsvermə keçirib Qarabağı Ermənistan ərazisinə qatmaq lazımdır və heç kim də onlara bata bilməz.

Yəni, bu cür lotu mövqeyidir, gerçəkliklə heç cür uzlaşmır və bu onların radikal mövqeyidir. Söz asarı korrupsiya ilə mübarizə, qanunun aliliyi uğrunda, erməni xalqının müqəddəratını təyin etməsi və sair bu kimi şeylər barədə danışırlar. Amma yenə demək istəyirəm ki, bunların əsas istəyi vəzifədir”.

Zərdüşt Əlizadə bildirib ki, Ermənistanın hakimiyyəti də, müxalifəti də Rusiyanın basdığı düymələrlə idarə olunur: “Rusiya düyməni basanda əsas, ana müxalifət ortaya düşür, düyməni basmayanda səsini çıxarmır. Səfilyan isə sistemdən kənar müxalifətdir. Sistemdən kənar müxalifətin proseslərə bir o qədər də təsiri yoxdur”.

Politoloqun sözlərinə görə, Ermənistanda bu qəbildən 50-yə yaxın siyasətçi var: “Mən üzdə olanları az-çox tanıyıram. Jirayr Səfilyan haqqında oxumuşam, bilirəm ki, necə bir adamdır və ona çox da diqqət yetirmək lazım deyil. İndi onu təkrar həbs ediblər. Bu yaxınlarda həbs etmişdilər, indi yenə həbs ediblər. Onları həbs edirlər, reytinqlərini artırırlar, bununla da etiraz enerjisini fitlə havaya verirlər. Tuturlar, buraxırlar, sonra yenə tuturlar, yenə buraxırlar... Bu bir siyasi oyundur, hakimiyyətin texnologiyasıdır. Orda Jirayr Səfilyan kimi üfürülmüş liderlər çoxdur”.

Qeyd edək ki, bu yaxınlarda separatçı-terrorçu Dağlıq Qarabağ rejiminin sabiq “müdafiə naziri” Samvel Babayan da Dağlıq Qarabağa qayıdıb. Babayan və Səfilyan eyni cinahlarda yer alırmı, onlar əməkdaşlıq edirlərmi?

Bu sualı cavablandıran Zərdüşt Əlizadə deyib: “Qarabağ hərəkatı başlayanda Ermənistanda da, Azərbaycanda da eyni proseslər baş verirdi. Orda da milli ordu yaranmağa başlamışdı, bizdə də. Orda da hakimiyyət davası gedirdi, bizdə də. Orda da mitinqlərə toplaşırdılar, bizdə də.

Orda çeşidli və bir-biri ilə rəqabət aparan silahlı qüvvələrin toparlanması sürətlə getdi və bu prosesdə hərbi işlə heç bir əlaqəsi olmayan Samvel Babayanın müəyyən rolu oldu. Sonra o, qondarma “Dağlıq Qarabağ respublikası”nın müdafiə naziri təyin edildi. Rusiyanın idarəsi, bizim kütbeyin siyasi liderlərin iştirakı ilə müharibə elə aparıldı ki, Ermənistandan üç dəfə güclü olan Azərbaycan basıldı və Dağlıq Qarabağ Azərbaycandan ayrıldı.

Ondan sonra Samvel Babayanın vəzifə iştahı artdı və başladı iddia etməyə. Ona istədiyi vəzifəni vermədilər. O da prezident sayılan Ardaki Qukasyanı partlatdı. Qukasyan ölmədi, şikəst oldu, bəziləri ağır yaralandı. Amma hamısını xilas etdilər. Samvel Babayanı məhkəməyə çəkdilər, məhkum olundu, çıxandan sonra getdi Moskvaya. “Aprel müharibəsi”nədək Moskvada yaşayırdı.

Rusiya hesab elədi ki, indi Samvel Babayanın qayıtmasının vaxtdır. Göndərdilər Ermənistana. Ordan da gəlib Qarabağa. Onun tərəfdarları Bako Saakyanın iqamətgahı qarşısında mitinq keçirib tələb ediblər ki, Samvel Babayanı təzədən müdafiə naziri qoysunlar. Onlara da deyiblər ki, artıq vaxt keçib, məsələ qurtarıb.

Jirayr Səfilyan isə Samvel Babayandan əvvəl üzə çıxmışdı. Yəni, o Moskvaya köçməmişdi, Ermənistanda yaşayırdı. Ermənistanda yığışıb vəzifə almamış müharibə veteranlarını toplayıb bir dəstə yaratmışdı. Guya Dağlıq Qarabağa gedib, oranı təmizləmək qərarına gəlmişdi. Onları da Laçında döymüşdülər, ondan sonra Ermənistana qayıtmışdı. Tutulmuşdu, buraxılmışdı. İndi yenə tutulub. Yenə buraxılacaq, yenə tutulacaq. Orda bu oyun adi bir şeydir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər