20 İyun 2016 18:29
1 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiyamçı polkovnik Sürət Hüseynovun 2004-cü ildə verdiyi müsahibə strateq.az saytında yenidən işıqlandırılıb. Həmin müsahibəsində qiyamçı polkovnik AXC hakimiyyəti zamanı yüksək post tutan bir sıra şəxslərlə bağlı fikirlər işlədib. O, həmçinin iddia edib ki, həmin dövrdə Daxili Qoşunların (DQ) komandanı olan Fəhmin Hacıyev əməliyyat zamanı BMP-2 üzərində olan pulemyotdan ermənilərə deyil, öz əsgərlərimizə güllə atmağı tapşırıb.

Qiyamçı polkovnik cəbhədən qəfil ordunu geri çəkməyi izah edərkən maraqlı məqama toxunub: “Qoşunu geri çəkməyə gələk. Təsəvvür edin ki, öz qüvvəmlə hücuma gedirəm və briqadaya tapşırıram ki, mənə yol versinlər, minaları təmizləsinlər ki, keçib gedə bilim. Hücum alındı, ya alınmadı, bunun briqadaya nə dəxli var? Sən müdafiədəsən, otur müdafiəndə! Mən erməni ovuna gedirəm, tutdu-tutdu, tutmadı – qayıdıb gedirəm öz dislokasiya yerimə. Axı mən briqadanın tərkibində olmamışam, mən korpus komandiri olmuşam, bu da mənim “rezerv” qüvvəm olub. Mənim qoşunu geri çəkməyim haqqında söhbət bunların əfsanəsi idi. Bir faktı da deyim, şuşalı balası İlham və Tacibov Allah şahidləridir. Ağdam tərəfdən Əskəran tərəfə – ermənilərə pulemyotla, BMP-lərdən atəş açılmalıdır. Ermənilərin mövqeləri qarşıdadır, sağ tərəfdə isə bizimkilər hücuma keçirlər. Daxili qoşunların pulemyotçusu – özü də BMP-2-nin 30-luq pulemyotudur – başlayıb Fərrux tərəfə atəş yağdırmağa. Hansı ki, o istiqamətdən bizim qoşunlar hücuma keçir. Onlar da gəlib BMP sürəni dartıb çıxarıb, bir-iki dənə də yumruq vurublar ki, ay alçaq, erməni qarşıdadır, bəs sən hara atırsan, bilmirsən ki, burada bizimkilərdir, sənin sağın da, solun da öz əsgərlərimizdir. O da cavab verib ki, mənə Fəhmin Hacıyev əmr edib ki, o istiqamətə at. Bu, faktdır! Nə var-nə var, hücum əməliyyatı pozulsun, Sürət Hüseynovu götürsünlər!”.

Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyev barəsində səsləndirilən bu ittihamla bağlı Teleqraf.com-a danışıb: “Bu cür sayıqlamaları fikir bildirməyi mənasız vaxt itkisi hesab edirəm. Daxili Qoşunların bütün şəxsi heyəti gözəl bilir ki, döyüş əməliyyatlarını birbaşa mən aparmırdım. Ümumiyyətlə, döyüş əməliyyatlarının hazırlanması və əməliyyatların keçirilməsinə müdafiə nazirinin əmrinə əsasən korpus və briqadaların komandan heyəti rəhbərlik edirdi. Daxili Qoşunlar isə bu əməliiyatlarda verilmiş konkret tapşırıqları icra edirdi.

Ancaq Sürət Hüseyinova tabe olan qüvvələr mövqeləri digər qüvvələrə təhvil vermədən müdafiə xəttini düşmənə buraxıb getdikdən sonra ermənilər hücuma keçərək bəzi yüksəklikləri ələ keçırmışdı. Daxili Qoşunlar isə yarımmühasirə vəziyyətinə düşmüşdü. Xəbəri alan kimi təcili olaraq Bakıdan döyüş bölgəsinə yollandım. Gecə Tərtərə çatdım. Ermənilər artıq Ağdərənin bəzi əhəmiyyətli yüksəkliklərinə nəzarət edirdilər. Buna baxmayaraq, maşınların işıqlarını södürərək ay işığinda Ağdərəyə girdik. Ağdərənin ətraf yüksəkləri ermənilərdə idi. Daxili Qoşunların alay komandiri olmuş Teymurovu rabitə maşınında özünü itirmiş formada tapdim. Sürət Hüseynov qoşunları geri çəkdikdən sonra Temurov qüvvə azlığından müqavimət göstərə bilmir. İtki verir və pərakəndəlik yaranır. Yalnız bundan sonra doyüş bölgəsində idarəetməni öz əlimə alıram. Səhər saat 11-12 radələrində bütün qüvvələrlə rabitə bərpa olunur. Qüvvələr cəmləşir və müdafiə xətti möhkəmləndirildi.

Sürət Hüseyinov qüvvələri geri çəkən zaman Ağdam istiqamətində də vəziyyət gərginləşmişdi. Sağı və solu xəbərdarlıq edilmədən ərazilər boşaldılıdığından Daxili Qoşunların bir taboru mühasirəyə düşmüşdü. Ağdərə istiqamətində vəziyyətin nisbətən nəzarətə alınmasından sonra Fərrux istiqamətində əks-hücün əməliyyatı keçirərək mühasirədə olan taboru çıxardıq. Müdafiə xətdini möhkəmləndirdikdən sonra Tərtər icra başçısının otağından Ali Baş komandana məruzə etdim”.

Sonda F.Hacıyev qiyamçı polkovnik barədə aşağıdakıları deyib: “Bu adam hələ də dərk etmir ki, komandan ayrılıqda bir atıçıya əmr vermə imkanına sahib deyil. Dəstə başı düşüncəsi ona bundan artığını dərk etməyə imkan vermir. Elə buna görə də o, alətə çevrildi”.

Cavad


Müəllif:

Oxşar xəbərlər