Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iyunun 20-də Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Sankt-Peterburqda keçirdikləri görüşlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
–Fikrət müəllim, Sankt-Peterburq görüşünün nəticələrini necə qiymətləndirisiniz?
–Mənə elə gəlir ki, Sankt-Peterburq görüşünün nəticəsi olaraq hər halda Azərbaycanın maraqlarına cavab verən hansısa addımların atılması gözlənilir. Çünki Azərbaycan prezidenti bir neçə gün bundan əvvəl – iyunun 17-də Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində dedi ki, biz bundan sonra daha 20 il də danışıqlar aparmaq niyyətimiz yoxdur və bunu hamı bilməlidir. Vladimir Putinlə görüşü zamanı da qeyd etdi ki, Azərbaycanın işğal olunmuş torpaqları mütləq azad olunmalıdır.
Bu iki güclü bəyanat mənə deməyə əsas verir ki, görüş zamanı hansısa razılıq əldə olunub. Hiss olunur ki, Rusiya artıq Ermənistana keçmişdəki kimi üz göstərmir. Düzdür, müttəfiqliyi saxlayır, amma başa düşür ki, Azərbaycanın maraqları kifayət qədər mühümdür və bu maraqları nəzərə almaq lazımdır.
İkincisi, mən hiss etdim ki, bundan sonra hansısa bir addımlar atılmalıdır. Çünki əgər görüşdən sonra həm Azərbaycan prezidenti, həm xarici işlər naziri optimist, reallığa uyğun bəyanatlar verirsə, demək, hansısa bir razılığa gəliblər.
–Sizcə, tərəflərin hansı məsələlərdə razılıq əldə etmələri ehtimalı daha çoxdur?
–Bunu konkretləşdirmək çox çətin məsələdir. Amma hər halda bizim əsas strateji məqsədimiz və prioritetimiz yaxın perspektivdə torpaqlarımızın azad olunması prosesinin başlanmasıdır. Mənə elə gəlir ki, Azərbaycan prezidentinin Putinlə görüşü zamanı bu məsələyə xüsusi yer ayrılıb və Rusiyanın dövlət başçısı hər halda Azərbaycanı eşidib, Prezident İlham Əliyevin bu mövqeyini qəbul edib. Bundan sonra nəsə gözləməyə dəyər. Mən indi konkret deyə bilmərəm ki, nədən başlanacaq, hansı rayonlar azad olunacaq və bu proses hansı formatda gerçəkləşdiriləcək.
Amma hər halda mən bir məsələdə əminəm ki, Azərbaycan torpaqlarının azad olunması məsələsində bizim mövqeyimiz çox prinsipialdır və bu prinsipial mövqeyimiz Moskva tərəfindən eşidildi. Çünki burda əsas oyunçu Rusiyadır. Biz başa düşürük ki, bu məsələnin həllində Rusiyadan çox şey asılıdır. Ona görə mən düşünürəm ki, hər halda prezidentlər İlham Əliyev və Vladimir Putin arasında saat yarım davam edən danışıqlar zamanı hansısa bir razılıq əldə olunub. Mənə elə gəlir ki, gələcəkdə bu istiqamətdə nəsə baş verə bilər və biz bunun şahidi olacağıq.
–Azərbaycanın xarici işlər naziri görüşün nəticələrini müsbət qiymətləndirib, Ermənistanın xarici işlər naziri isə görüşün uğurlu keçdiyini bildirib. Bunu necə izah etmək olar?
–Əgər tərəflər münaqişənin həllinin mərhələli həllini nəzərdə tuturlarsa – hansı ki, biz buna çoxdan öz razılığımızı vermişik – o zaman bizim bununla bağlı bəyanatımız heç şübhəsiz optimist olmalıdır. Qarşı tərəf bunun müqabilində Dağlıq Qarabağın bir dövlət qurumu kimi tanınmasını bizdən təkidlə tələb edirdilər. Mən düşünmürəm ki, bu tələb öz yerində qalıb və dəyişilməz olaraq indiyədək gündəmdədir. Sadəcə olaraq, Ermənistanın xarici işlər naziri ona görə belə optimist bəyanat verir ki, biz təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılmasına razılıq verdik. Dedik ki, biz atəşkəsə riayət edəcək, onu pozmayacağıq. Biz atəşkəsin pozulması hallarına nəzarət edəcək mexanizmlərin yaranmasına da etiraz etmədik. Təbii ki, bu da Ermənistanı razı sala bilər.
Eyni zamanda, torpaqların azad olunması müqabilində hansısa bir qurumun dövlət kimi tanınması tələbi hər halda artıq gündəmdə yoxdur. Onlar bu məsələni artıq gündəmə gətirmirlər. Onlar artıq başa düşürlər ki, nəzarət olsa, erməni əsgərin burnu qanamayacaq. Onlar əlbəttə, buna sevinəcəklər. Amma bu heç də o demək deyil ki, qarşı tərəf yenidən təxribatla məşğul olsa Azərbaycan buna seyrçi qalacaq. Azərbaycan müşahidəçilərin olub-olmamasından asılı olmayaraq bir zərbəyə onlarla zərbə endirəcək. Biz bunu da yaxşı başa düşürük. Ona görə də bunların ümidi müşahidəçilərədir. Görünür, bu məsələ onları çox sevindirir.
Bu heç də o demək deyil ki, biz torpaqlarımızın azad olunması prinsipindən əl çəkirik, bundan imtina edirik. Biz bunu demişik. Dövlət başçısı bunu bir neçə gün əvvəl də bəyan edib və Putinlə görüş zamanı da xüsusilə qeyd edib ki, torpaqlar azad olunmalıdır.
Səxavət HƏMİD