“Hesab edirəm ki, ilk növbədə Sankt-Peterburqda baş tutan görüşün formatına diqqət yetirməliyik. Çünki nadir hallarda prezident Putinin digər iki prezidentlə görüşü zamanı yanında nə köməkçiləri, nə xarici işlər nazirləri, nə də həmsədrlər iştirak etməyib. Fikrimcə, bu məqamı nəzərə almaq lazımdır”.
Bunu Teleqraf.com-a Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidenti Putinin təşəbbüsü ilə Sankt-Peterburqda baş tutan görüşü şərh edərkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Sabiq nazir bildirib ki, Sankt-Peterburqda baş tutan görüşdə ortaya qoyulan məsələlərin böyük bir hissəsini prezidentlər öz aralarında müzakirə ediblər: “Xüsusilə, Rusiya prezidenti Putinin mövqeyi və rolunu qeyd etmək lazımdır. Putin özü bu məsələyə böyük diqqət və önəm verir, həmçinin danışıqlarda özü birbaşa iştirak edir”.
Danışıqların məzmununa gəldikdə Tofiq Zülfüqarov hesab edir ki, erməni tərəfi məzmun haqqında bəhs edərkən çalışır ki, əsas məqam kimi atəşkəs rejiminin gücləndirilməsi faktını göstərsin: “Ancaq heç də inandırıcı deyil ki, Anjey Kaspirşikin mandatı o qədər böyük məsələdir ki, prezidentlər və Rusiya rəhbəri birbaşa bu işlə məşğul olsun. Təbii ki, danışıqlarda, tərəflərin elan etdiyi məqamların arxasında daha ciddi məsələlər durur. Bu da ondan ibarətdir ki, söhbət heç də ermənilərin göstərmək istədiyi atəşkəs rejimi, təhlükəsiz məsələlərindən getmir. Bunun üçün prezidentlərin görüşünü təşkil etmək tələb olunmurdu. Fikrimcə, görüşdə daha ciddi məsələlər müzakirə edilib, lakin mümkündür ki, onlar bəyan edilməyib. Təbii ki, söhbət Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən gedir. Danışıqlarda əsas müzakirə mövzusu bu ola bilər. Bir daha vurğulamaq istərdim ki, Anjey Kasprişikin mandatını dəyişmək üçün Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək heç də vacib deyildi”.
Nemət