21 İyun 2016 18:35
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 20-də Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlrinin Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti görüşü keçirildi. Düzdür, görüş növbəti görüş idi, amma indiyədək keçirilən görüşlərdən xeyli dərəcədə fərqlənirdi. Sözsüz ki, bu da keyfiyyət dəyişikliyi idi.

Ötən müddət ərzində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində 1994-ci ildən bəri ən irimiqyaslı döyüşlər baş verdi, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq 2000 hektardan artıq strateji ərazini işğalçılardan təmizlədi. Hələ “aprel döyüşləri”ndən dərhal sonra Ermənistanın hərb cəbhəsində olduğu kimi diplomatik sahədə də mövqelərinin zəifləyəcəyi gözlənilən idi. Sankt-Peterburq görüşü bunun əyani nümayişi oldu. Azərbaycanın xarici işlər naziri görüşün nəticələrini müsbət qiymətləndirdiyini bildirdi. Beləliklə, qeyd etmək olar ki, “aprel döyüşləri”ndən sonra ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə də Rusiya münaqişənin tezliklə həllinə dair ciddi iradə nümayiş etdirirlər.

Hiss olunur ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı isə atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və gələcəkdə Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsini nəzərdə tutur.

Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu Teleqraf.com-un əməkdaşı ilə söhbət zamanı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində yeni keyfiyyət mərhələsi başlayıb. O qeyd edib ki, bu keyfiyyət mərhələsi Azərbaycanın maraqlarına uyğundur: “Çünki aprel ayının əvvəllərində baş verən hadisələrdən sonra Azərbaycanın mövqeyi güclənib, eyni zamanda beynəlxalq münasibətlərdə şərtlər Azərbaycanın xeyrinə dəyişib. Bax, Peterburq görüşü də belə bir beynəlxalq hərbi-siyasi şəraitdə baş tutdu. Dolayısıyla, Peterburq görüşləri Vyana görüşlərinin davamı olaraq Azərbaycanın yaratdığı yeni hərbi-siyasi gerçəklik müstəvisində reallaşdı. Görüşdən sonra Azərbaycan xarici işlər nazirinin görüşün nəticələrini müsbət qiymətləndirməsi onu deməyə əsas verir ki, danışıqlar nəticə etibarilə gələcəkdə intensiv olmaqla bütövlükdə problemin həli üçün yeni şərait yaradacaq. Düşünürəm ki, bu, kifayət qədər pozitiv bir mövqedir və görünür, danışıqlardan sonra əldə olunan nəticəyə uyğun səsləndirilən fikirlərdir. Artıq Azərbaycan rəsmiləri tərəfindən də qeyd olunub ki, görüşdə əsas müzakirə mövzusu mərhələli həll variantı olub. Bu həll variantı Azərbaycan tərəfindən qəbul olunub və ölkəmizin maraqlarına tam cavab verir. Hazırkı vəziyyət belədir ki, Azərbaycan güclü tərəf kimi uzun müddətdir mərhələli həllə razılıq verməyən Ermənistanı bu həll ətrafında müzakirələr aparmağa və razılıq verməyə məcbur edib. Bax, buna beynəlxalq münasibətlər leksikonunda sülhə məcburetmə deyirlər. Yəni, Azərbaycan tərəfi artıq öz hərbi-siyasi nüfuzu ilə Ermənistanı sülhə məcbur edir. Sülhün də yeganə yolu işğalçı Ermənistanın Azərbaycan torpaqlarından çıxması ilə bağlıdır”.

Referendum məsələsinə gəldikdə isə, H.Babaoğlu qeyd edib ki, bununla bağlı artıq Azərbaycanın özünün mövqeyi var və bu mövqe Azərbaycan ictimaiyyətinə bəllidir: “İşğal olunmuş torpaqlardan Ermənistanın hərbi birləşmələri çıxdıqdan sonra referendum keçirilə bilər. Azərbaycan Konstitusiyasına uyğun olaraq, ölkənin ayrıca götürülmüş hər hansı siyasi-inzibati ərazisində referendum keçirilə bilməz. Referendum yalnız və yalnız hər hansı məsələ ilə bağlı bütövlükdə Azərbaycanda keçirilə bilər. Eyni zamanda Azərbaycan Konstitusiyasına görə, ölkənin ərazi bütövlüyü və suverenliyi toxunulmazdır və Azərbaycan dövləti tərəfindən qorunur. Bu şərtlər daxilində əlbəttə, Azərbaycan dünyada mövcud olan muxtariyyət nümunələrindən birini Dağlıq Qarabağ ermənilərinə verə bilər. Yəni, referendum məsələsindəki şərtlər də bundan ibarətdir. Ona görə də düşünürəm ki, ilkin mərhələdə Azərbaycan torpaqları, o cümlədən Qarabağ ətrafındakı 7 rayon qaytarılmalıdır. Sonrakı mərhələdə isə blokadanın aradan qaldırılmasından, kommunikasiyaların bərpasından söhbət gedir. Bu da Azərbaycan ictimaiyyətinə bəllidir”.

Politoloq qeyd edib ki, görüşdən sonra həmsədr ölkələr prezidentlərin görüşlərinin davam etdiriləcəyini söyləyiblər: “Düşünürəm ki, bu problemin həllində artıq intensiv və nəticə verən danışıqlar mərhələsi başlayıb. Yəqin ki, çox da uzaq olmayan gələcəkdə biz bunun nəticələrini görəcəyik”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər