“Baş verənlər heç də yaxşı hal deyil. Deputat spikerlə mübahisə etməməli, söz güləşdirməməlidir. Deputat fikrini açıq deyirsə, ona reaksiya ola bilər. Hesab edirəm ki, Zahid Orucun spiker Oqtay Əsədovla söz atışmasına çıxması doğru yanaşma deyildi”.
Bunu Teleqraf.com-a açıqlaması zamanı Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev deyib.
İntizam Komissiyasının sədri deyib ki, Zahid Orucu komissiyaya çağırıb ona suallar verəcək, onunla bu məsələni araşdıracaqlar: “Bizim komissiyanın 12 nəfər üzvümüz var. Hamısı da ağsaqqal adamlardır. Zahid Oruc gəncdir. Həmişə də parlamentdə çıxışlar edir. Ancaq Azərbaycanda böyüyə hörmət və ehtiram məsələsi də var”, - deyə Ağacan Abıyev bildirib.
“Başqa parlamentlərdə hətta əlbəyaxa dava düşürsə, Azərbaycan parlamentində belə qarşıdurmaların müşahidə edilməsi normal deyilmi” sualına gəldikdə İntizam Komissiyasının sədri deyib ki, Milli Məclisdə təmsil olunan deputatlar arasında söz atışmasının olması normaldır: “Spiker parlamenti, iclasları idarə edir. Daha onunla mübahisə etməyə nə ehtiyac var? Bəli, parlamentlərdə fərqli partiyaların üzvləri və qruplar arasında qarşıdurmalar olur. Mən spikerlə mübahisə edən görməmişəm. Biz Azərbaycanda yaşayırıq. Bizim öz standartlarımız olmalıdır”.
Nemət