25 İyun 2016 12:53
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın müharibə veteranları - İkinci Dünya müharibəsinin iştirakçıları Ermənistana səfər edən Roma Papası Fransiskə müraciət qəbul ediblər.

Teleqraf.com-un məlumatına görə, müraciətdə Ermənistanda baş verən və Papanın müqəddəs missiyası ilə ziddiyyət təşkil edən hadisələrə diqqət çəkilib:

“Zati müqəddəsləri!

Azərbaycanın və Vatikanın dünyaya sivilizasiyalar və dinlərarası dialoq naminə əməkdaşlıq nümunəsi nümayiş etdirdikləri bir vaxtda bizim qonşumuz Ermənistanda dövlət səviyyəsində faşist ideyalarının təbliğatı aparılır. Hələ ötən il – faşizm üzərində tarixi qələbənin 70 illik yubileyi ərəfəsində biz, İkinci Dünya müharibəsinin veteranları, Ermənistanda Hitler nasizmi ilə əlbir olan şəxslərin qəhrəmanlaşdırılması ilə bağlı həyəcan təbili çalmışdıq. Hitler və Himlerin yaxın ətrafına daxil olan Drastamat Kanayan (general Dro) və Qaregin Ter-Arutunyanın (general Njde) təmizə çıxarılması üçün Ermənistanın bütün imkanlardan istifadə etdiyini ürək ağrısı ilə Sizin diqqətinizə çatdırmaq istəyirik.

Qısaca xatırladaq ki, Ukrayna və Polşada on minlərlə insanın qətli, yəhudilərə və nasist ideologiyasının düşmən gördüyü digər xalqlara qarşı cinayətlər, əsir düşərgələrində kütləvi qətllər bu “milli qəhrəman”ların vicdanına yazılmalıdır. Yerevanın mərkəzində faşizm canisinin xatirəsinin əbədiləşdirilməsi mərasimində şəxsən Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edib. Halbuki o, bir il əvvəl faşizmdən zərər çəkən ölkələrin liderləri ilə bərabər Moskvada keçirilən Qələbə paradında iştirak etmiş və bu ilin mayında Ermənistanda İkinci Dünya müharibəsi qurbanlarının xatirəsini “yad etmişdi”.

Zati müqəddəsləri!

Bu gün dünya faşizmin istənilən təzahürlərini qınayır. 2015-ci il dekabrın 17-də BMT Baş Məclisi “Nasizmin qəhrəmanlaşdırılması və neonasizmin, irqçiliyin, ksenofobiyanın, dözümsüzlüyün müasir formaları ilə mübarizə” adlı 70/139 saylı qətnamə qəbul edib. Bu qətnaməyə səs vermiş Ermənistanda isə faşizmin sıralarına qoşulmuş insanların şəxsiyyəti ətrafında kult yaradılır, nasist caniləri Dro və Njde haqqında filmlər çəkilir, onların şərəfinə pul buraxılır, adlarına küçə, meydan, metro stansiyası verilir, abidələri ucaldılır. Beynəlxalq ictimaiyyət tərəfindən buna hər hansı reaksiya verilməməsi bizi təəccübləndirir. Bu, faşizmin qurbanlarının xatirəsini ələ salmaq deyilmi?

Faşizmlə müharibənin bütün acılarını yaşamış, döyüş yoldaşlarını itirmiş bizlər nasist canilərin qəhrəmanlaşdırılmasını ürək ağrısı ilə izləyirik. Ermənistanın bütün dünyaya meydan oxuyan bu addımları bizi hiddətləndirir. Əminik ki, Siz Ermənistanın simasında faşist ideologiyası kimi ümumi düşmənin yenidən dəb salınması cəhdlərinə qarşı səylərinizi əsirgəməyəcəksiniz. Çox ümid edirik ki, bizim səsimiz zati müqəddəsləriniz tərəfindən eşidiləcək.

Xahiş edirik ki, Ermənistan rəhbərliyinə təsir göstərərək nasist canilərin reabilitasiyası və xatirələrinin əbədiləşdirilməsi cəhdlərinin qarşısını alasınız və xüsusən faşist ordusunun generalı Qaregin Njdenin abidəsinin demontajına nail olasınız”.

Müraciəti Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Dadaş Rzayev, İkinci Dünya müharibəsinin iştirakçıları – Tofiq Ağahüseynov, Ağadadaş Səmədov, Mariya Rzayeva, Aleksandr Qritçenko, İsmayıl Fərəcov, Qara Sarıyev, Sofiya Cəfərova, İsmayıl İbrahimov, Lev Moxin, Vasili Şevtsov, Atabala Hacıyev və digərləri imzalayıblar.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər