28 İyun 2016 18:25
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın strateji tərəfdaşıq müstəvisində inkişaf etdiyi vurğulanıb.

E.Məmmədyarov Bakıda keçirilən Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclasının iqtisadiyyat, nəqliyyat, enerji, əczaçılıq, informasiya və kommunikasiya texnologiyaları, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığını qeyd edib.

P.Siyarto Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə və idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini deyərək bu xüsusda Birinci Avropa Oyunları, Formula 1 Avropa Qrand Prisi və qarşıdan gələn İslam Həmrəylik Oyunlarını qeyd edib. O, sözügedən komissiyanın həmsədri kimi Bakıda keçirilən 6-cı iclasından məmnunluğunu ifadə edərək, iclas əsnasında qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki əməkdaşlıq layihələrinin müzakirə edildiyini bildirib. Macarıstan şirkətlərinin Azərbaycandan olan tərəf müqabilləri ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib.

E.Məmmədyarov ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafına göstərdiyi dəstəyə görə Macarıstanın dəstəyinin təqdir edildiyini diqqətə çatdırıb.

Nazir Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizi və TANAP/TAP-ın icrası haqqında ətraflı məlumat verib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan E.Məmmədyarov bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu qəbul etdiklərini bildirib.

Görüş əsnasında Azərbaycan və Macarıstanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və bir-birini dəstəkləməsinin vacibliyi qeyd edildi. P.Siyarto BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvlüyünə seçilməsi münasibətilə Azərbaycanı təbrik edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər